"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2010
M T W T F S S
« Oct   Dec »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Arxiv

Partnyorlarımız

Mülki-hüquqi məsuliyyətin nəzəri əsasları

Tanrıverdi Azər Rafiq oğlu

A V T O R E F E R A T

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. İstənilən cəmiyyətdə hüquq normalarına riayət etmək və qanuna hörmət göstərmək hüquqi kateqoriya olmaqla yanaşı, həm də mənəvi kateqoriya kimi çıxış edir. Ona görə ki, bu, şəxsiyyətə və onun mənəvi aləminə təsirin hüquqi üsullarından daha çox digər üsulları ilə bağlıdır. Hüquqi tərbiyə mürəkkəb və mühüm vəzifə olub, bir çox tədbirlərin – hüquq haqqında biliklərin formalaşmasını, hüquqi mədəniyyətin ümumi səviyyəsinin yüksəldilməsini, hüquqi nihilizmin aradan qaldırılmasını, hüquq qaydalarının pozulmaması üzrə təminatlar sisteminin formalaşmasını, hüquqa skeptik münasibətin ləğvini, qanunların pozulması hallarının barışmazlığı tərbiyəsini və s. tədbirlərin həyata keçirilməsini tələb edir.
Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika elan edilməsi cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatların, o cümlədən hüquqi islahatların aparılması zəruriyyətini yaratmışdır. Bu islahatların aparılması mülki qanunvericiliyi də əhatə etmiş və 28 dekabr 1999-cu il tarixində Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi qəbul edilmişdir.
Məlum olduğu kimi, mülki dövriyyənin normal inkişafı daha çox onun subyektlərinin öz vəzifələrini (öhdəliklərini) lazımi şəkildə yerinə yetirməsindən asılıdır. Bu həm müqavilə (nisbi) öhdəliklərinin, həm də müqavilədənkənar (mütləq) öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Mütləq və ya nisbi öhdəliklərin pozulması isə yalnız mülki hüquq münasibətləri üzrə kontragentlərə (mütləq və ya nisbi kreditorlara) zərər vurmur, həm də ümumilikdə mülki dövriyyənin inkişafına mənfi təsir göstərir. Mülki dövriyyənin normal fəaliyyətinin təmin edilməsinin əsas mexanizmlərindən biri kimi mülki hüquqların müdafiəsi tədbiri olan mülki-hüquqi məsuliyyət çıxış edir. Bundan başqa, mülki-hüquqi məsuliyyət yalnız mülki-hüquqi vasitə deyil. O, həm də müəyyən hüquqi faktlara əsaslanan xüsusi və müstəqil hüquq münasibətidir. Mülki-hüquqi məsuliyyət istənilən hüquq münasibətinin əks tərəfini təşkil edir. Hüquqi məsuliyyət tədbiri istisnasız olaraq bütün mülki hüquq institutları üçün xarakterkdir.
Son illər əsaslı şəkildə dəyişikliyə məruz qalan ictimai münasibətləri tənzim edən yeni mülki qanunvericiliyin qəbul edilməsi ilə əlaqədar bütövlükdə mülki hüquqi məsuliyyət institutundan və ya onun zəruri tərkib elementlərindən (məsələn, «təqsir») imtina edilməsinin nəzəri cəhətdən əsaslandırılmasına cəhdlər edilməsi, məsuliyyətin və mülki hüquqların müdafiəsinin digər üsullarının tətbiqi şərtlərinin qarışıq salınması (təqsir və zərərvurma prinsiplərinin qarışdırılması), habelə sığorta institutunun universallaşdırılması tendensiyası müşahidə olunur. Sonuncu şübhəsiz ki, mühüm sosial dəyərə malik olsa da mülki-hüquqi məsuliyyəti nə əvəz, nə də istisna edə bilər.
Mülki dövriyyənin normal inkişafı, mülki-hüquqi məsuliyyət institutunun sosial və instrumental dəyərinin düzgün reallaşdırılması yalnız nəzəri cəhətdən işlənib hazırlanmış və təcrübədə öz təsdiqini tapmış dəqiq, əsaslı və səmərəli hüquqi tənzimetmə şəraitində mümkündür. Məsuliyyət və onun əsasları probleminin hələ çoxdan və müəyyən qədər ətraflı şəkildə tədqiq edilməsinə baxmayaraq, müasir dövrdə respublikamızda mülki-hüquqi məsuliyyətin bir sıra mühüm və prinsipial əhəmiyyət kəsb edən məsələləri kompleks şəkildə tədqiq edilməmiş, onun bəzi məsələləri isə ümumiyyətlə öyrənilməmişdir. Eyni zamanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə mülki hüquq pozuntusunun tərkibi, mülki hüquq nəzəriyyəsində «ümumi qayda» və «istisna»nın uyğunlaşdırılması haqqında formalaşmış təsəvvürlər, müvafiq hüquq normalarının işlənilməsi, nəzəri baxımdan razılaşdırılması və müəyyənliyi səviyyəsinin kifayət qədər yüksək olmaması kimi məsələlər mane olur. Bu baxımdan tədqiqat işi mülki-hüquqi məsuliyyət sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməyə imkan verəcəkdir. Bütün bunlar isə tədqiqat mövzusunun aktuallığını göstərir.
Problemin tədqiq edilmə səviyyəsi. Hüquqi məsuliyyət məsələlərinin istisnasız olaraq mülki hüququn bütün institutları üçün xarakterik olmasını nəzərə almaqla mülki hüquq üzrə alimlər hələ ilk məcəllələşdirmə dövründə mülki hüquq üzrə məsuliyyət və onun yaranması əsasları (şərtləri) probleminə mühüm əhəmiyyət vermişlər. Əlbəttə ki, öz əhəmiyyətinə görə mülki-hüquqi məsuliyyət institutunun mahiyyətini təşkil edən təqsir və səbəbli əlaqə kimi prinsipial tərkibyaradıcı elementlərə xüsusi diqqət yetirilmişdir. Mülki-hüquqi məsuliyyət və onun yaranma əsasları ilə bağlı məsələlərin M.M. Aqarkov, S.S. Alekseyev, B.S. Antimonov, S.İ. Asknaziy, S.N. Bratus, V.P. Qribanov, T.İ. İllarionova, O.S. İoffe, V.İ. Kofman, O.A. Krasavçikov, O.E. Leyst, N.S. Malein, Q.K. Matveyev, V.A. Tarxov, E.A. Fleyşiç, V.A. Xoxlov, T.V. Çereteli, M.D. Şarqorodskiy kimi alimlər tərəfindən araşdırılmışdır. Onların apardıqları nəzəri araşdırmalar mülki-hüquqi məsuliyyətin, mülki hüquq pozuntusunun anlayışının formalaşmasına, mülki hüquq pozuntusunun tərkibinin müəyyən edilməsinə imkan vermişdir. Bu araşdırmaların nəticələri müasir dövrün hüquq ədəbiyyatında (məsələn, dərsliklərdə) mühüm yer tutur və qüvvədə olan mülki qanunvericilikdə öz əksini tapmışdır. Lakin qeyd etmək lazımdır ki, bu dissertasiyada araşdırılan analoji mövzu üzrə nəzəri tədqiqatların tam əksəriyyəti son illərdə cəmiyyətin və dövlətin iqtisadi, siyasi və mədəni sferalarında baş verən qlobal dəyişikliklərdən xeyli əvvəlki dövrlərdə aparılmışdır.
Milli mülki hüquqda mülki hüquqi məsuliyyətin nəzəri əsasları ilə bağlı müddəalar monoqrafik səviyyədə tədqiq edilməmiş və müstəqil olaraq kompleks tədqiqat predmeti kimi çıxış etməmişdir.
Azərbaycan Respublikası mülki qanunvericiliyinin son məcəlləşdirilməsindən bilavasitə sonrakı dövrdə isə milli mülki hüququn qeyd edilən və ya oxşar sahələrində fundamental nəzəri araşdırmalar aparılmamışdır. Mülki-hüquqi məsuliyyətin əsasları ilə bağlı müasir dövrdə aparılmış tədqiqatlar fikrimizcə, mülki-hüquqi məsuliyyətin əsasları məsələsinin bütün «problemlərini» tam şəkildə həll etmir.
Göstərilən problemin kifayət qədər işlənməməsi və natamam olması mövzunun seçilməsini, onun məqsəd və vəzifələrinin müəyyən edilməsini şərtləndirmişdir.
Tədqiqatın obyektini mülki-hüquqi məsuliyyətin əsasları ilə bağlı məsələlərin hüquqi təhlili təşkil edir.
Tədqiqatın predmetini mülki-hüquqi məsuliyyətin əsasları ilə bağlı nəzəriyyə, konsepsiya və fikirlərin məcmusu və müvafiq hüquq münasibətlərini tənzim edən obyektiv hüquq normaları təşkil edir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin məqsədini nəzəriyyənin, qanunvericiliyin və onun tətbiqi praktikasının ümumiləşdirilməsi və kompleks təhlili əsasında mülki-hüquqi məsuliyyətin əsasları probleminin həlli yollarının tapılması və müvafiq təkliflərin irəli sürülməsi təşkil edir. Göstərilən məqsədə nail olmaq üçün tədqiqat işində qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
– məsuliyyət kateqoriyasının məzmun və mahiyyətini aydınlaşdırmaq, mülki-hüquqi məsuliyyətin anlayışı ilə bağlı mövcud olan fikirləri təhlil etmək;
– mülki-hüquqi məsuliyyətin yaranma əsaslarını müəyyən etmək, mülki hüquq pozuntusunu mülki-hüquqi məsuliyyətin əsası kimi nəzərdən keçirmək və mülki hüquq pozuntusunun tərkibi ilə bağlı konsepsiyaları təhlil etmək;
– mülki hüquq pozuntusunun tərkib elementlərini ayrı-ayrılıqda və sistemli şəkildə araşdırmaq, mülki hüquq pozuntusunun obyektiv və subyektiv cəhətlərini uzlaşdırmaq;
– səbəbli əlaqə və təqsir kimi mühüm tərkib elementlərinin, səbəbiyyət və təqsirin prinsiplərini tədqiq etmək, bununla əlaqədar mülki hüquqda mövcud olan nəzəriyyələri təhlil etmək;
– mülki hüquqi məsuliyyət haqqında qüvvədə olan qanunvericiliyin səmərəliliyinin qiymətləndirilməsi və onun daha da təkmilləşdirilməsi məqsədilə mülki qanunvericiliyə əlavələrin və dəyişikliklərin edilməsi haqqında təkliflər irəli sürmək.
Tədqiqatın metodoloji və nəzəri əsasları. Dissertasiya işində həm ümumelmi metodlardan (mücərrəddən konkretə keçmə, sistemli-funksional yanaşma, formal-məntiqi (analitik), tarixi yanaşma), həm də xüsusi elmi metodlardan (müqayisəli hüquqşünaslıq, sistemli təhlil, nəzəri, normativ və praktiki materialların ümumiləşdirilməsi, induksiya və deduksiya) istifadə edilmişdir. Tədqiqatın mürəkkəbliyi, fundamental və kompleks xarakter daşıması nəzərə alınmaqla tədqiqatın mühüm fəsillərindən biri yalnız hüquqi deyil, həm də fəlsəfi-hüquqi biliklər baxımından araşdırılmışdır.
Tədqiqatın nəzəri əsaslarını hüquqi məsuliyyət, mülki-hüquqi məsuliyyət, mülki-hüquqi məsuliyyətin əsasları və onun ayrı-ayrı elementləri ilə bağlı aşağıdakı qeyd olunan tədqiqatçı alimlərin və hüquqşünasların əsərləri təşkil edir:
Aqarkov M.M., Alekseev S.S., Antimonov B.S., Asknaziy S.İ., Belyakova A.M., Belyaçkin S.A., Braqinskiy M.İ., Bratus S.N., Vitryanskiy V.V., Qribanov V.P., İllarionova T.İ., İoffe O.S., Kalmıkov Y.X., Kofman V.İ., Krasavçikov O.A., Leyst O.E., Lunç L.A., Malein N.S., Matveyev Q.K., Noviskiy İ.B., Oyqenzixt V.A., Piontovskiy A.A., Pokrovskiy İ.A., Samoşenko İ.S., Serqeyev A.P., Smirnov V.T., Sobçak A.A., Tarxov V.A., Fleyşiç E.A., Xoxlov V.A., Çereteli T.V., Şarqorodskiy M.D., Şvarç X.İ., Şerşeneviç Q.F., Yaiçkov K.K., Yaroşenko K.B., Allahverdiyev S.S., Hacıbəyli Ə.B. və başqaları.
Seçilmiş tədqiqat obyekti kifayət qədər mürəkkəb və çoxaspektli olduğundan və yalnız mülki hüquq üçün xas olan hadisə olmadığından hüquqi təhlillə yanaşı, tədqiqat işinin yazılması zamanı Hegel, Kant, İ.P. Malinova, X. Qrossman, R.P. Kosolapov, V.C. Markov, İ.V. Kuzneçov və digər müəlliflərin fəlsəfi əsərlərindən istifadə olunması zərurəti də yaranmışdır.

Yüklə

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO