"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2010
M T W T F S S
« Sep   Nov »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv

Partnyorlarımız

Xüsusi ittiham qaydasında icraat vətəndaşların hüquqlarının müdafiəsinin forması kimi

Qasımov Rəfael Feyzulla oğlu

Xüsusi ittiham qaydasında icraat vətəndaşların hüquqlarının müdafiəsinin forması (təminatı) kimi

İxtisas 12.00.09. – cinayət prosesi, kriminalistika və məhkəmə

ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim olunmuş dissertasiyanın

Avtoreferatı

Azərbaycan MEA Fəlsəfə, Sosiologiya ıə Hüquq İnstitutunda yerinə yetirilmişdir .
Dissertasiya işi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında tanış olmaq olar.

İşin ümumi xarakteristikası

Tədqiqat mövzusunun aktuallığı. İnsan hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi hesab edən hüquqi dövlətin bərqərar olması ictimai həyatın bütün sahələrində əsaslı islahatların həyata keçirilməsini zəruri edir. Cəmiyyətdə hüququn aliliyini, dövlət hakimiyyətinin xalqın iradəsinə bağlılığını, insan hüquq və azadlıqlarının toxunulmazlığını təmin etməli olan belə islahatlar sosial münasibətlərin bütün tərəflərinə şamil olunduqda, bütün ictimai-siyasi institutları əhatə etdikdə arzu olunan səmərəni verə bilər.

Hazırkı dövrdə Azərbaycan dövləti və xalqı beynəlxalq həyata, qlobal proseslərə hərtərəfli inteqrasiya yolunu tutmuşdur. Bunun üçün ölkəmiz bir neçə beynəlxalq və regional quruma üzv olmuş, xeyli sayda beynəlxalq təsisatlarla fəal əməkdaşlıq etməkdədir. Lakin ictimai həyatın bütün tərəflərini əhatə edən inteqrasiya prosesləri qarşılıqlı xarakter daşıyır ki, bu da hər bir ölkənin, hər bir cəmiyyətin ümumbəşəri tərəqqiyə öz töhfəsini verməsi və tarix boyu formalaşmış bəşəri dəyərlərdən özü üçün faydalanması kimi başa duşulməlidir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına və təmin edilməsinə yönəlmiş xeyli sayda qanunlar və başqa normativ aktlar qəbul edilmiş, dövlət mexanizmində insan hüquqlarını daha etibarlı mühafizə etmək üçün nəzərdə tutulmuş bir sıra təsisatlar yaradılmışdır. Lakin istər ölkə daxilindəki müxtəlif qurumların, o cümlədən də rəsmi hakimiyyət orqanlarının, istərsə də beynəlxalq təsisatların qeyd etdikləri kimi Azərbaycan Respublikasında insan hüquqlarının bütün təminat mexanizmləri heç də səmərəli fəaliyyət göstərə bilmir. Xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarının fəailyyətində xeyli çatışmazlıqlar mövcuddur.
Aparılmış müşahidələr göstərir ki, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki çatışmazlıqların xeyli hissəsi qanunvericiliyin düzgün tətbiq edilməməsi ilə bağlıdır ki, bu da müvafiq normativ hüquqi aktların ayrı-ayrı normalarının mahiyyətini bilməməkdən və ya yanlış başa düşməkdən irəli gəlir. Deməli, günümüzün ən aktual vəzifələrindən biri yeni normativ hüquqi aktların dərindən öyrənilməsi və düzgün başa düşülməsidir.
İnsan hüquq və azadlıqlarının mühüm təminatlarından biri həmin hüquq və azadlıqların real müdafiə mexanizminin mövcud olmasıdır.

Hüquq və azadlıqların müdafiəsinin əsas vasitələrindən biri də məhkəmə müdafiəsidir. Məhkəmə müdafiəsi daha çox mülki məhkəmə icraatı qaydasında həyata keçirilsə də, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində də şəxsiyyətin hüquq və azadlıqlarının özünəməxsus müdafiə vasitəsi – xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə icraatı mövcuddur.
Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə icraatı başqa kateqoriyadan olan cinayət işləri üzrə icraatdan xeyli dərəcədə fərqlənir. Belə fərq, hər şeydən əvvəl, barəsində xüsusi ittiham qaydasında icraat nəzərdə tutulmuş cinayət əməllərinin özünəməxsusluğu ilə bağlıdır. Cinayət qanununa nəzər yetirdikdə görürük ki, xüsusi ittiham qaydasında araşdırılan cinayətlər insanların şərəfinə, ləyaqətinə, nüfuzuna, habelə onların şəxsiyyəti ilə sıx bağlı olan müəlliflik və əlaqəli hüquqlara, ixtiraçılıq və patent hüquqlarına ziyan vurur. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət şəxsiyyətin şərəf, ləyaqət və nüfuzunun, habelə onun bəzi başqa şəxsi hüquqlarının mühafizəsinin cinayət-hüquqi vasitəsidir.

Odur ki, xüsusi ittiham qaydasında icraatın tam obyektiv və qanunauyğun formada həyata keçirilməsi vətəndaşların şəxsiyyəti ilə bağlı çox mühüm qeyri-maddi nemətlərin müdafiəsini təmin etmiş olur. Digər tərəfdən, xüsusi ittiham qaydasında şikayət üzrə icraat xeyli dərəcədə mülki məhkəmə icraatına oxşasa da, onun mahiyyətində
cinayət təqibi mövcuddur ki, bu da konkret təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi ilə nəticələnə bilər. Deməli, şəxsiyyətin hüquq və azadlıqlarının müdafiəsinin bu vasitəsindən elə istifadə edilməlidir ki, başqasının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yol verilməsin.
Statistik məlumatlara əsasən, Azərbaycan Respulikasında 2007-ci il üzrə birinci instansiya məhkəmələrində xüsusi ittiham qaydasında 257 şikayətə baxılmış, 212 şikayətin isə icraata qəbul edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanlar xüsusi ittiham qaydasında icraatın nəzəri təhlilinin, xüsusən də yeni cinayət-prosessual qanunvericiliyin mövqeyindən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin bu vasitəsinin elmi araşdırılmasının aktuallığını təsdiq edir. Bunu nəzərə alan müəllif tədqiqat üçün belə bir mövzu seçmişdir.
Dissertasiya tətqiqatının predmeti qismində cinayət təqibinin həyata keçirilməsi növlərindən biri olan xüsusi ittiham qaydasında şikayət üzrə icraatın müxtəlif cəhətlərini tənzimləyən cinayət-prosessual hüquq normaları, habelə şəxsiyyətin hüquqlarının qorunmasının özünəməxsus vasitəsi olan xüsusi ittiham qaydasında şikayətin verilməsi, ona məhkəmədə baxılması, bu zaman yaranan prosessual münasibətlərin xüsusiyyətləri ilə əlaqədar nəzəri müddəalar götürülmüşdür.
Dissertasiya tədqiqatının obyektini ittihamın normativ və nəzəri anlayışları əsasında onun başlıca əlamətlərinin, oxşar anlayışlarla yaxınlığının və fərqinin, cinayət prosesindəki yeri və əhəmiyyətinin müəyyən edilməsi, müxtəlif meyarlar əsasında ittihamın təsnifatının verilməsi,o cümlədən xüsusi ittihamın mahiyyətinin və əsasının aydınlaşdırılması, xüsusi ittihamın əsas və həlledici təşəbbüskarı olan zərərçəkmiş şəxsin prosessual vəziyyəti, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət mühakimə icraatının ayrı-ayrı mərhələlərinin xüsusiyyətləri, bu zaman həyata keçirilən prosessual fəaliyyətin müxtəlif cəhətləri təşkil edir.
Tədqiqatın məqsədi və vəzifələri. Təqdim olunan elmi tədqiqatı yerinə yetirərkən müəllifin qarşıya qoyduğu əsas məqsəd şəxsiyyətin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin səmərəli vasitələrindən biri olan xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinin mahiyyətinin, cinayət prosesinin ayrı-ayrı mərhələlərində onun həyata keçirilməsinin prosessual xüsusiyyətlərinin və qaydalarının tədqiq edilməsi, mövcud qanunvericilik və nəzəri müddəalar əsasında ittihamın anlayışının və təsnifatının verilməsi, habelə xüsusi ittiham
qaydasında verilmiş şikayət üzrə cinayət mühakimə icraatının təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması üçün qanunvericilikdəki boşluqların aradan qaldırılması üzrə və təcrübi xarakterli tövsiyələrin işlənib hazırlanması olmuşdur.
Müəllif dissertasiya tədqiqatının məqsədləriniə aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə nail olunmasını zəruri hesab etmişdir:
-Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəalarını və nəzəri fikirləri ümumiləşdirərək ittihama anlayış verilməsi, onun mənaca yaxın bir sıra prosessual anlayışlarla əlaqəsinin və fərqinin müəyyən edilməsi, müxtəlif meyarlar üzrə ittihamın təsnifləşdirilməsi;
– ittiham və cinayət təqibi ilə bağlı bir sıra normativ anlayışların dəqiqləşdirilməsi üçün tövsiyələr verilməsi;
– cinayət prosesinin əsas iştirakçılarından biri olan zərərçəkmiş şəxsin hüquqi vəziyyətinin və prosessual rolunun təhlil edilməsi, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraatda zərərçəkmiş şəxsin xüsusi ittihamçı kimi spesifik xüsusiyyətlərinin müəyyən edilməsi;
– cinayət prosesində dövlətilik və dispozitivlik prinsiplərinin mahiyyətinin və qarşılıqlı əlaqəsinin təhlil edilməsi, xüsusi ittihamlı işlərdə dispozitivliyin təzahürünün və ona riayət edilməsinin əhəmiyyətinin müəyyən edilməsi;
– xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət mühakimə icraatının başlanmasını tənzim edən qanunvericilik normalarının təhlil edilməsi və həmin normaların təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi;
– xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmədə ilkin baxılmasının xüsusiyyətlərinin müəyyən edilməsi, bu zaman həyata keçirilən prosessual hərəkətlərin və qəbul edilən qərarların fərqli əlamətlərinin üzə çıxarılması;
– xüsusi ittiham qaydasında verilmiş şikayətə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılmasının özünəməxsusluqlarının aşkar edilərək təhlil edilməsi, belə şikayətə mahiyyəti üzrə baxılmasının müxtəlif cəhətlərini tənzimləyən cinayət-prosessual normaların təkmilləşdirilməsi istiqamətində tövsiyələrin verilməsi;
– xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə apellyasiya və kassasiya instansiyalarında icraatın xüsusiyyətlərinin təhlil edilməsi.

Dissertasiya tədqiqatının metodologiyası və metodları. Müəllif dissertasiya tədqiqatı zamanı dialektikanın kateqoriya və müddəalarını rəhbər tutmuşdur. Araşdırma gedişində sosial-hüquqi hadisələrin elmi araşdırmasının ümumi və xüsusi metodlarından – tarixi yanaşma, sistemli təhlil, müqayisəli hüquqşünaslıq, formal-məntiqi, psixoloji və başqa metodlardan istifadə edilmişdir.
Tədqiqat zamanı araşdırılan məsələlərə dair qanunvericilik aktlarının müddəalarından, habelə cinayət-prosessual hüquq üzrə müxtəlif nəzəri ədəbiyyatlardan istifadə edilmişdir. Müəllif tədqiqat prosesində cinayət prosesinə, ümumi hüquq nəzəriyyəsinə, konstitusiya hüququna və başqa sahələrə aid alimlərin və mütəxəssislərin elmi
əsərlərindən, məqalələrindən istifadə edərək onlara istinad etmişdir.
Dissertasiya tədqiqatının elmi yeniliyi. Həyata keçirilmiş dissertasiya tədqiqatı şəxsiyyətin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin üsullarından biri olan xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraatın mahiyyətini və həyata keçirilməsi qaydasını, onun ittiham fəaliyyətinin digər növlərindən fərqli xüsusiyyətlərini araşdıran ilk elmi tədqiqat işlərindən biridir. Dissertant xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraatın ölkəmizin yeni cinayət-prosessual qanunvericiliyində xeyli dərəcədə təkmilləşdirildiyini nəzərə alaraq ittiham fəaliyyətinin bu növünü özünəməxsus yanaşma üsulu ilə tədqiq etmişdir. Bu zaman xüsusi ittiham qaydasında cinayət təqibinin ittiham fəaliyyətinin digər növləri ilə fərqli xüsusiyyətlərinə, onu tənzimləyən qanunvericilik normalarının tətbiqi zamanı ortaya çıxa biləcək təcrübi problemlərə və onların aradan qaldırılması yollarına məxsusi diqqət yetirilmişdir.

Dissertasiya tədqiqatının müəyyən etdiyi əsas elmi yeniliklər sırasına aşağıda göstərilən müddəalar aid edilə bilər:

1. «İttiham» anlayışı dar və geniş mənada başa düşülə bilər. Onun dar mənada ifadəsi Azərbaycan Respublikası CPM-in 7.0.20-ci maddəsində verilmişdir: ittiham CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Lakin ittihamın cinayət-prosessual qanunvericilikdə əks olunmuş dar mənası ilə yanaşı, onun geniş anlayışı da mövcuddur və hüquq ədəbiyyatında ittihamın ikinci – geniş anlayışı daha çox işlədilir.

Sözün geniş mənasında götürülmüş ittiham dedikdə cinayət-prosessual fəaliyyətin mühüm tərkib hissələrindən biri olan ittiham funksiyası başa düşülməlidir.

2. İstənilən anlayışın həm təcrübədə, həm də nəzəriyyədə birmənalı başa düşülməsi üçün ona verilmiş tərif, xüsusən də normativ tərif həmin anlayışın bütün cəhətlərini və mahiyyətini özündə tam əks etdirməlidir. Lakin hazırda qüvvədə olan CPM-də ittiham anlayışı ilə yaxın olan «cinayət prosesi» və «cinayət təqibi» anlayışlarına verilmiş tərif qüsurlu hesab edilməlidir. Bu anlayışların düzgün başa düşülməsi üçün hesab edirik ki, CPM-in 7.0.3-cü maddəsində cinayət prosesinin anlayışı aşağıdaki kimi verilə bilər: «Cinayət prosesi ictimai, ictimai xüsusi və xüsusi ittihamlı işlər üzrə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir». CPM-in 7.0.4-cü maddəsində isə cinayət təqibinə belə anlayış verilməsi daha düzgün olardı: «Cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsi güman edilən şəxsə qarşı ittiham irəli sürülməsinə, onun bu əməli törətməkdə ifşa edilməsinə, zərurət olduqda prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsini təmin etməyə yönəlmiş, ittiham tərəfinin həyata keçirdiyi cinayət-prosessual fəaliyyətdir».

3. Zərərçəkmiş şəxs dedikdə, iki mənada işlədilən «zərərçəkmiş şəxs» anlayışı başa düşülməlidir: 1) cinayət-hüquqi mənada «zərərçəkmiş şəxs», yəni barəsində təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərar çıxarıb-çıxarmamasından asılı olmayaraq cinayət nəticəsində zərər (ziyan) dəymiş şəxs; 2) cinayət-prosessual mənada «zərərçəkmiş şəxs», yəni CPM-in 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin müvafiq qərarından sonra zərərçəkmiş şəxs qismində prosessual status qazanmış cinayət prosesinin iştirakçısı.

4. Xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilərkən ittihamın taleyi müstəsna olaraq xüsusi ittihamçının iradəsindən asılı olduğundan dispozitivlik prinsipi ön planda olur. Cinayət təqibinin həyata keçirilməsində dispozitivlik pozulmuş hüquqların məhkəmə müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilməsi, tələbin həcminin və əsaslarının müəyyənləşdirilməsi, eləcə də onların dəyişdirilməsi, mübahisəli maddi hüquqlara və onların müdafiəsinin prosessual vasitələrinə dair sərəncam verilməsi, prosesin gedişatına təsir edən prosessual hüquqlara sərəncam veriməsi ilə bağlı məsələlərin həllində cinayət prosesi iştirakçısının öz iradəsinə uyğun olaraq sərbəst hərəkət etməsi kimi başa düşülməlidir.

5. Müəllifin fikrincə, CPM-in 47-ci maddəsində cinayət təqibi üzrə icraatı aparan orqanlaın dairəsi müəyyən edilərkən qeyri dəqiqliyə yol verilmişdir. Belə ki, həmin normanın mənasına görə məhkəmə də cinayət təqibi üzrə icraatı həyata keçirən orqanlar sırasına aid edilmişdir. Lakin cinayət təqibi ittiham tərəfindən həyata keçirilən
funksiya olmaqla təhqiqatçı, müstəntiq və prokuror tərəfindən həyata keçirilir. Ona görə də CPM-in adı çəkilən maddəsində dəyişiklik edilərək məhkəmənin cinayət təqibi üzrə icraatı həyata keçirən orqanlar sırasından çıxarılması tövsiyə edilir.

6. Cinayət-prosessual qanunvericilikdə «xüsusi ittiham qaydasında cinayət işi başlama» anlayışı yoxdur və bunun əvəzinə «xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi» ifadəsi işlədilir. Tədqiqatçının fikrincə, belə yanaşma düzgün deyildir və müəyyən təcrübi çətinliklərə səbəb ola bilər. Müəllif hesab edir ki, belə çətinliklərin olmaması üçün cinayət işi başlama ifadəsi xüsusi ittiham qaydasında araşdırılan işlərə də şamil edilməli və sadəcə olaraq bu halda «xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi başlama» ifadəsi işlədilməlidir.

7. CPM-in 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılması üçün məhkəməyə əsas verir. Ona görə
də xüsusi ittihamçıya göndərilən çağırış vərəqəsində xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasına, habelə məhkəmə baxışı zamanı məhkəmə iclasına üzrsüz səbəblərə görə təkrarən gəlməməsinin məhkəmənin qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsinə
səbəb olacağı qeyd olunmalıdır.

8. CPM-in 302.1.3-cü maddəsinə müvaftq olaraq şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, yəni həmin maddələrdə göstərilmiş məlumatlar şikayətdə öz əksini tapmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Müəllif hesab edir ki, şikayətin məzmununa aid formal tələblərə riayət edilmədiyinə görə belə bir qərarın çıxarılması ədalətsizdir. Tədqiqatçının fikrincə, zərərçəkmiş şəxsin şikayəti CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərini əks etdirmədikdə məhkəmə şikayətin cinayət-prosessual qanunvericiliyin tələblərinə (CPM-in 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına) uyğunlaşdırılması üçün qaytarılması haqqında qərar çıxarmalıdır. Əgər zərəçəkmiş şəxs məhkəmənin qərarında göstərildiyi kimi şikayəti CPM-in 293.3.1-293..7-ci maddələrinin müddəalarına uyğunlaşdırmazsa, məhkəmə CPM-in 300.1.3-cü maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarmalıdır. Beləliklə, CPM-in 302.2.3-cü maddəsinin aşağıdakı redaksiyada verilməsini və CPM-ə 302.2.4-cü maddənin əlavə edilməsini zəruri sayırıq: «302.2.3. bu Məcəllənin 302.1.2, 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə şikayətin bu Məcəllənin 302.2.4-cü maddəsində göstərilmiş qərarın tələblərinə uyğunlaşdırılmadığı hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi, barədə»; «302.2.4. bu Məcəllənin 302.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şikayətin CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğunlaşdırılması üçün qaytarılması barədə».

9. Qüvvədə olan cinayət-prosessual qanunvericilikdə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat zamanı təqsirləndirilən şəxs statusunun nə vaxtdan qazanılması məsələsində boşluq vardır. CPM-in təqsirləndirilən şəxsin anlayışı təsbit olunmuş 91.1-ci maddəsində deyilir ki, müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Yarana biləcək praktiki çətinlikləri aradan qaldırmaq üçün CPM-in 91.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini məqsədəuyğun hesab edirik:

«Müstəntiqin və ya prokurorun təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı, yaxud barəsində verilmiş şikayət əsasında məhkəmənin xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.»

10. Qüvvədə olan cinayət-prosessual qanunvericiliyin təhlili nəticəsində xüsusi ittiham qaydasında şikayətə birinci instansiya məhkəməsində baxılmasını ictimai və ictimai-xüsusi ittihamlı işlərə məhkəmədə baxılmasından fərqləndirən aşağıdakı əlamətləri müəyyən etmək olar:
– məhkəmə baxışında iştirak edən subyektlərin dairəsi ilə (xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışında dövlət ittihamçısı iştirak etmir);
– xüsusi ittihamçının üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməməsinin nəticələri ilə (CPM-nin 315.5-ci maddəsinə əsasən, xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraatına xitam verilir);
– xüsusi ittiham qaydasında şikayətə məhkəmədə mahiyyəti üzrə baxılması zamanı qarşılıqlı ittihamların irəli sürülə bilməsi ilə (belə halda həmin ittihamlar eyni bir məhkəmə baxışında araşdırılır);
– xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılması zamanı məhkəmə istintaqının başlanma qaydası ilə (məhkəmə istintaqı xüsusi ittihamçı və ya onun nümayəndəsi tərəfindən şikayətin elan edilməsi ilə başlayır).

11. CPM-in 311.2-ci maddəsi xüsusi ittiham qaydasında şikayətə məhkəmədə təqsirləndirilən şəxsin iştirakı olmadan da baxılmasına imkan verir. Lakin xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılması zamanı təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihama onun iştirakı olmadan baxılması barədə verdiyi vəsatətin təmin edilməsi həmin təqsirləndirilən şəxsin bu şikayətə baxılmasında iştirakının tam istisna etməməlidir və o, sonradan məhkəmə iclasında iştirak etmək istədikdə onun istəyi təmin edilməlidir. Xüsusi ittiham qaydasında şikayətə özünün iştirakı olmadan məhkəmədə baxılması barədə vəsatət vermiş və vəsatəti təmin olunmuş təqsirləndirilən şəxs sonradan məhkəmə tərəfindən də məhkəmə baxışında iştiraka cəlb edilə bilər. Cinayət-prosessual qanunvericilikdə birbaşa olaraq bu barədə heç nə deyilmir və tədqiqatçının fikrincə, belə vəziyyət qanunvericilikdə boşluq hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq müəllif təklif edir ki, CPM-in 311-ci maddəsinə 311.3-cü maddədən sonra aşağıdakı məzmunda abzas əlavə edilsin: «Ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatəti təmin olunmuş təqsirləndirilən şəxs məhkəmənin
yekun qərar çıxarmaq üçün müşavirə otağına getməsinədək məhkəmə iclasında iştirak etmək istədikdə onun bu barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə baxışında iştirak etməyən təqsirləndirilən şəxsin iştirakına zərurət yarandıqda məhkəmə yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək öz təşəbbüsü ilə ya proses iştirakçılarının təşəbbüsü ilə onun iştirakının məcburiliyi barədə qərar çıxara bilər».

12. Xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmədə baxılması zamanı ittiham funksiyasının bütünlüklə xüsusi ittihamçının üzərinə qoyulması onun ictimai və ictimai-xüsusi ittihamlı işlər üzrə dövlət ittihamçısına verilmiş həcmdə səlahiyyətə malik olmasını tələb edir.

Lakin bu məsələ üzrə qanunvericilikdə bəzi çatışmazlıqlar vardır. Həmin çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə edilir ki, CPM-nin 318.2-ci maddəsinə ikinci abzas kimi aşağıdakı məzmunda cümlə əlavə edilsin: «xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlində ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı olan cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə xüsusi ittihamçının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalı və icraat materiallarının 10 gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarmalıdır».

Dissertasiya tədqiqatının nəzəri və təcrübi əhəmiyyəti. Təqdim edilən dissertasiya işinin mühüm nəzəri və təcrübi əhəmiyyəti vardır.

Tədqiqatın əsas nəzəri əhəmiyyəti ondan ibarətdir ki, burada yeni cinayət-prosessual qanunvericiliyin mövqeyindən ittihamın anlayışı və təsnifatı verilir, şəxsiyyətin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin səmərəli vasitələrindən biri olan xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinin mahiyyəti, cinayət prosesinin ayrı-ayrı mərhələlərində onun həyata keçirilməsinin özünəməxsusluqları təhlil edilir.
Dissertasiya tədqiqatının əsas praktiki əhəmiyyəti aşağıdakı müddəalarla təsdiqlənə bilər:
birincisi, dissertasiyada xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət mühakimə icraatının şəxsiyyətin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin səmərəli vasitələrindən biri olduğu əsaslandırılaraq icraatın bu növünün səmərəli təşkili və həyata keçirilməsi üçün konkret tövsiyələr verilir;
ikincisi, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət mühakimə icraatının müxtəlif cəhətlərini tənzimləyən hüquq normaları təhlil edilərək onların qüsurları aşkar edilir və bu qüsurların aradan qaldırılması üçün konkret təkliflər irəli sürülür;
üçüncüsü, tədqiqat gedişində irəli sürülmüş elmi-nəzəri müddəalar cinayət prosessual hüquq elminin tədrisində istifadə oluna bilər.

Dissertasiya tədqiqatının aprobasiyası. Təqdim olunan işin bütün hissələri üzrə elmi-nəzəri müddəalar, qanunvericiliyin tətbiqi təcrübəsinin, habelə araşdırılan məsələ üzrə praktiki fəaliyyətin təkmilləşdirilməsi üzrə irəli sürülmüş təkliflər müəllifin dərc etdirdiyi elmi məqalələrdə öz əksini tapmışdır.
Dissertasiya tədqiqatının strukturu. Müəllif dissertasiya işinin quruluşunu tədqiqatın mövzusundan, məqsəd və vəzifələrindən çıxış edərək müəyyən etmişdir. Dissertasiya işi girişdən, üç fəsildən və nəticədən ibarətdir. İşin birinci və ikinci fəsillərinin hər biri üç, üçüncü fəsli isə iki paraqrafa bölünmüşdür.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə seçilmiş mövzunun aktuallığı əsaslandırılır, onun elmi cəhətdən işlənməsi dərəcəsi işıqlandırılır, tədqiqatın məqsəd və vəzifələri müəyyən edilir, müdafiəyə çıxarılan əsas müddəalar göstərilir və işin təcrübi əhəmiyyəti açıqlanır.
Dissertasiya işinin birinci fəsli «Cinayət prosesində ittihamın anlayışı, mahiyyəti və növləri» adlanır. Həmin fəslin «İttihamın anlayışı və növləri» adlanan birinci paraqrafında müəllif prosessual fəaliyyət anlayış verərək göstərir ki, belə fəaliyyət müxtəlif subyektlərin müxtəlif xarakterli prosessual fəaliyyətinin məcmusundan ibarətdir.

Onun fikrincə, cinayət mühakimə icraatının başlanması hər hansı bir cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər faktlar olmasını özündə əks etdirir. Bu isə səlahiyyətli orqanlara cinayət-prosessual fəaliyyətə başlamaq və konkret şəxsin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbirlər görmək imkanı verir.
Cinayət mühakimə icraatının mühüm hissəsini təşkil edən ittihama, götürülmüş ittiham dedikdə cinayət-prosessual fəaliyyətin mühüm tərkib hissələrindən biri olan ittiham funksiyası şəklində anlayış verən tədqiqatçı «cinayət təqibi» və «ittiham» anlayışlarının qarşılıqlı əlaqəsi ilə bağlı müəlliflər arasında mövcud olan iki müxtəlif yanaşmanı təhlil etməklə müvafiq nəticəyə gəlir.
Dissertasiya işinin birinci fəslinin «Zərərçəkmiş şəxs xüsusi ittiham fəaliyyətinin həyata keçirilməsinin başlıca subyektidir» adlanan ikinci paraqrafında iddiaçı qeyd edir ki, zərərçəkmiş şəxsin anlayışı haqqında müəlliflərin fikirləri bütövlükdə cinayət-prosessual qanunvericiliyə uyğun deyildir. O, hüquq ədəbiyyatında mövcud olan müxtəlif fikirləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, cinayət-prosessual qanunvericilikdə zərərçəkmiş şəxs dedikdə, cinayət-hüquqi mənada işlədilməsi ilə əlaqədardır. Cinayət-hüquqi mənada zərərçəkmiş şəxs cinayət nəticəsində zərər (ziyan) dəymiş, lakin barəsində hələ zərərçəkmiş şəxs qismində tanınma haqqında təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərar çıxarmadığı şəxs nəzərdə tutulmalıdır.
Sonra müəllifin tərəfindən, cinayət nəticəsində birbaşa ziyan vurulması haqqında müddəanın cinayət-prosessual qanunvericilikdə təsbit olunmasının əhəmiyyəti göstərilir.
Dissertasiya işinin birinci fəslinin üçüncü paraqrafı «Cinayət təqibinin həyata keçirilməsində dövlətilik (rəsmilik) və dispozitivlik» adlanır.
Müəllifin fikrincə, cinayət təqbibinin həyata keçirilməsində dövlətiliyin (rəsmiliyin) mahiyyəti ondan ibarətdir ki, cinayət təqibi üzrə icraatı həyata keçirən orqan (prokuror, müstəntiq, təhqiqatçı) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi hal üzrə cinayət işi başlayır, cinayət təqibinin həyata keçirilməsini təmin edir. Başqa sözlə, cinayət prosessual qanunvericilik təhqiqatçının, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun üzərinə cinayət təqibini həyata keçirmək vəzifəsi qoyaraq onlardan tələb edir ki, hazırlanan və ya törədilmiş cinayətlərin əlamətlərini əks etdirən əməllər barədə məlumatlar aldıqda və yaxud cinayət hadisəsini bilavasitə aşkar etdikdə cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada cinayətlərin izlərini qorusun və yaxud ibtidai araşdırma aparsınlar.
Cinayət təqibinin həyata kesirilməsində dispozitivlik prinsipinə geniş yer verilməsi cinayətkarlıqla mübarizə siyasətində uğur əldə edilməsinə əhəmiyyətli təsir göstərən amillərdən biri kimi qiymətləndirərək müəllif belə bir nəticəyə gəlir ki, yeni CPM-də dispozitiv normaların genişləndirilməsi cinayətkarlıqla mübarizədə əlverişli vasitəyə çevriləcəkdir.
Dissertasiya işinin ikinci fəsli «Xüsusi ittiham qaydasında cinayət mühakimə icraatının xüsusiyyətləri» adlanır. Həmin fəslin «Xüsusi ittiham qaydasında cinayət işlərinin başlanması» adlanan birinci paraqrafında müəllif göstərir ki, cinayət-prosessual qanunvericilikdə bəzi qüsurların olması cinayət təqibinin, o cümlədən xüsusi ittiham qaydasında təqib olunan cinayətlər üzrə cinayət təqibinin başlanması məsələsində müəyyən problemlər meydana gətirir. Sonra CPM-in 7.0.3-cü maddəsində cinayət prosesinə, 7.0.4-cü maddəsində isə cinayət təqibinə verilmiş anlayışların qeyri-dəqiq olduğu qeyd edilməklə onların aradan qaldırılması göstərilir.
Tətqiqatçının fikrincə, cinayət mühakimə icraatının xüsusiyyətindən asılı olaraq cinayət işlərinin üç növü fərqləndirilməlidir: ibtidai istintaqı məcburi olan cinayət işləri, məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət işləri və xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işləri. O, hesab edir ki, belə bir müddəanın cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulması cinayət işlərini məhkəmənin baxdığı digər işlərdən – mülki işlərdən və inzibati işlərdən daha aydın fərqləndirməyə imkan verəcəkdir. Ona görə də dissertant cinayət işinə CPM-in 7.0.6-cı maddəsində verilmiş anlayışın mətnindən «cinayət təqibinin» ifadəsinin çıxarılmasını, CPM-in 7.0.7-ci maddəsinin isə ümumiyyətlə, məcəllədən çıxarılmasını məqsədəuyğun hesab edir.
Qeyd edilənlərə əsasən, o, CPM-in 7.0.6-cı maddəsinin aşağıdakı yeni redaksiyada verilməsini təklif edir. Daha sonra CPM-in 46-cı maddəsini təhlil edən müəllif CPM-in 46-cı maddəsinin «Cinayət işi başlanmasının xüsusiyyətləri» adlandırılmasını, 46.1-ci maddəsinin isə aşağıdakı redaksiyada verilməsini təklif edir: «46.1. İctimai, ictimai-xüsusi və xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır».
Eyni zamanda tədqiqatçı CPM-in 37.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini təklif edir: «Xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.».
Dissertasiya işinin ikinci fəslinin ikinci paraqrafı «Birinci instansiya məhkəməsində xüsusi ittiham qaydasında verilmiş şikayətlərə ilkin baxılmasının xüsusiyyətləri» adlanır. İddiaçı göstərir ki, cinayət işi başlayanadək məhkəmə zərərçəkmiş şəxs barəsində şikayət vermiş şəxslə barışmasına yönələn tədbirlər görür. Əgər barışıq olarsa məhkəmə cinayət işi başlamır. Bu zaman çıxarılan qərar cinayət işi başlamasından imtina edilməsinə dair qərar olur – lakin qeyd etmək lazımdır ki, barışığın hansı formada qeydə alınmasına dair qanunda birbaşa göstəriş yoxdur. Tətqiqatçı hesab edir ki, bu zaman məhkəmə tərəfindən ya protokol tərtib edilir və protokol zərərçəkmiş şəxs və barəsində şikayət verilən şəxs tərəfindən imzalanır. Ya da zərəçəkmiş şəxs verdiyi şikayətdən imtina etməsi barədə ərizə yazır və eyni zamanda ərizə ilə cinayət işi başlamamasını məhkəmədən xahiş edir. Müəllifin fikrincə. burada imtinadan o mənada danışmaq lazımdır ki, məhkəmə zərərçəkmişlə barəsində şikayət verilmiş şəxs arasında barışma olmasını nəzərə alaraq cinayət işi başlamaqdan imtina edir, ancaq zərərçəkmiş şəxsin ərizəsindən imtina etmir. Həmin qərar da bu cur ifadə olunmalıdır zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq olması ilə əlaqədar cinayət işi başlanmasından imtina edilməsinə dair qərar.
İddiaçı qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərdə bəzən belə hallar da olur ki, barəsində şikayət vermiş şəxsin özü zərərçəkmiş şəxsin barəsində qarşılıqlı şikayət verir. Belə hallarda məhkəmə tam şəkildə haqlıdır ki, hər iki şikayət barədə icraatda birləşdirsin. Çünki, bir halda ki, hər iki tərəf həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsin, hər iki şikayətə bir yerdə baxır və bu iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə nail olmaq olar.
Dissertasiya işinin ikinci fəslinin üçüncü paraqrafı «Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmə baxışı zamanı baxılmasının xüsusiyyətləri» adlanır. Müəllif CPM-in 318.2-ci maddəsinin təhlili nəticəsində göstərir ki, bu normada, ümumiyyətlə, ictimai və ictimai-xüsusi ittiham qaydasında araşdırılan işlər üzrə ittihamın ağırlaşdırılmasından söhbət gedir. Xüsusi ittiham qaydasında şikayətə baxılması tamamilə başqa kateqoriyalı olması və bu şikayətlərə baxılması zamanı da təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətləri üzə çıxması ehtimalı (məsələn, onun əməli CM-in 165.1-ci maddəsi üzrə yox, 165.2-ci maddəsi üzrə tövsif edilməli olduqda), bir sıra praktiki çətinliklər yarada bilər. Buna görə də dissertant təklif edir ki, CPM-in 318.2-ci maddəsinə ikinci abzas kimi aşağıdakı məzmunda cümlə əlavə edilsin: xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlində ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı olan cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə xüsusi ittihamçının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalı və icraat materiallarının 10 gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarmalıdır».
Müəllif yarana biləcək praktiki çətinlikləri aradan qaldırmaq üçün CPM-in 91.1-ci maddəsinin də yeni redaksiyada verilməsini təklif edir.
Dissertasiya işinin üçüncü fəsli «Apellyasiya və kassasiya icraatı zamanı xüsusi ittiham qaydasında şikayətlərə baxılmasının xüsusiyyətləri» adlanır. Həmin fəslin «Xüsusi ittiham qaydasında cinayət işləri üzrə apellyasiya icraatı» adlanan birinci paraqrafında iddiaçı göstərir ki, cinayət-prosessual qanunvericilikdə apellyasiya şikayəti vermək hüququ olan şəxslərin tam siyahısı verilməmişdir.

Çünki xüsusi ittiham qaydasında şikayətə baxılması üzrə birinci instansiya məhkəməsinin icraata xitam verilməsi və ya icraatın dayandırılması haqqında qərarından təqsirləndirilən şəxs, habelə məhkəmənin hökm və ya digər yekun qərarından zərərçəkmiş şəxsin mənafeyinə aid hissədə zərərçəkmiş şəxsin hüquqi varisi də apellyasiya şikayəti vermək hüququna malikdir. Ona görə dissertant CPM-in 383.1-ci maddəsinə aşağıdakı redaksiyada yeni 383.1.1-ci bəndinin əlavə edilməsini (digər bəndlərin sıra ardıcıllığını dəyişməklə) və 383.1.5-ci maddəsinin redaksiyasının isə aşağıdakı kimi verilməsini təklif edir: «383.1.1. cinayət işi üzrə icraata xitam verilməsi və ya icraatın dayandırılması haqqında qərardan – təqsirləndirilən şəxs şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;»; «383.1.5. tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə – zərər çəkmiş şəxs (zərər çəkmiş şəxsin hüquqi varisi, xüsusi ittihamçı) və onun nümayəndəsi;».
Disssertasiya işinin üçüncü fəslinin ikinci paraqrafı «Xüsusi ittiham qaydasında cinayət işləri üzrə kassasiya icraatı» adlanır. Həmin paraqrafda iddiaçı qeyd edir ki, cinayət prosessual qanunvericilik barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklərin yalnız kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində kassasiya şikayətinə və ya kassasiya protestinə daxil edilməsini müəyyən edir…

Yüklə

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO