"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

June 2010
M T W T F S S
« May   Jul »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Arxiv

Partnyorlarımız

Ailə başçisini itirməyə görə əmək pensiyasi

Kərimov Daxil Fazil oğlu
Ailə başçisini itirməyə görə əmək pensiyasi

Hüquq elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün
təqdim olunmuş dissertasiyanın
avtoreferatı

Bakı – 2010

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. Vətəndaşların konstitusion hüququ olan sosial təminat hüququ hər bir kəsə şamil edilən sosial-iqtisadi hüquq kimi çıxış edir. O, hər bir şəxsi doğulduğu andan həyatın axırına kimi müşayiət edir, çünki sosial təminat sahəsində hüquq münasibətlərinin yaranması əsasını insanın doğulması, onun ölümü, xəstəliyi, qocalığı, ailə başçısının itirilməsi, işsizlik, sosial yardıma ehtiyac və s. obyektiv hallar təşkil edir.
Respublikamızda mülkiyyətin müxtəlif formalarının tətbiqi, bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması, bütövlükdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında baş verən köklü dəyişikliklər və bu dəyişiklər əsasında yeni qanunvericilik aktlarının qəbul edilməsi digər sahələrdə olduğu kimi hüquq elminin də bütün nəzəri məsələrinin yenidən tədqiq edilməsini tələb edir. Hüquq elminin müstəqil sahəsi kimi sosial təminat hüququnun ən aparıcı institutu olan pensiya hüququnda isə əmək bazarının yaranması ilə əlaqədar çoxlu dəyişikliklər olmuşdur və buna görə də onun bu və ya digər nəzəri və praktiki məsələlərinin tədqiq olunması olduqca vacibdir. Bununla əlaqədar olaraq pensiya təminatın ən mühüm növlərindən biri olan ailə başçısını itirməyə görə əmək pensiyasının hüquqi tənziminə həsr edilən dissertasiya tədqiqatı müasir dövrdə olduqca aktual və əhəmiyyətlidir. Ona görə ki, ailə başçısını itirməyə görə əmək pensiyaları müəyyən qədər geniş əhali təbəqəsini əhatə edir. Belə ki, 2010-ci ilin yanvar ayının 1-nə olan statistik məlumata görə respublikamız üzrə 137924 nəfər ailə başçısını itirməyə görə əmək pensiyası alır. Bu baxımdan hazırkı elmi tədqiqat işi həm nəzəri, həm də praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Son dövrlərdə pensiya təminatının müxtəlif məsələləri hüquqşünaslar, iqtisadçılar, sosioloqlar tərəfindən tədqiq edilsə də, ailə üzvlərinin ailə başçısını itirmələri ilə əlaqədar olaraq pensiya təminatı məsələləri kompleks şəkildə araşdırılmamışdır. Buna görə də pensiya təminatının bu növünün hüquqi tənziminin nəzəri və praktiki məsələlərinin tədqiq edilməsi müasir dövrdə xüsusi aktuallıq kəsb edir. İlk növbədə göstərmək lazımdır ki, pensiya təminatının bu növünün təqdim edilməsi əsası konstitusiya ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının 38-ci maddəsinin III bəndində hər kəsin ailə başçısını itirdiyi halda sosial təminat (pensiya) almaq hüququ öz təsbitini tapmışdır.
Məlumdur ki, əhalinin sosial problemlərinin həlli dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir və bu məqsədə nail olunması hər bir dövlətin mövcud sosial-iqtisadi inkişafının səviyyəsindən asılıdır. Azərbaycan Respublikasında sosial müdafiə problemlərinin həlli üçün iqtisadi, sosial və hüquqi dövlət təminatı sistemi mövcuddur və iqtisadi islahatların son nəticəsi məhz əhalinin sosial problemlərinin tədricən həll edilməsinə yönəldilmişdir.
Respublikamızda formalaşmış olan sosial təminat sisteminin ən mühüm və vacib tərkib hissəsi olan pensiya təminatı sistemini yaxşılaşdırmaq məqsədilə pensiya islahatı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası»na uyğun olaraq həyata keçirilmiş və nəticədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında», «Dövlət qulluqçularının pensiya təminatı haqqında», «Əmək pensiyaları haqqında», «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunları qəbul edilmiş, sosial sığorta münasibətlərini təkmilləşdirmək məqsədilə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əhəmiyyətli şəkildə əlavə və dəyişikliklər edilmişdir. Göstərilən bu qanunvericilik aktlarına uyğun olaraq pensiya sistemi yenidən qurulmuş, sosial sığorta münasibətləri ilə əlaqəsi olmayan sosial pensiyalar sosial müavinətlərlə əvəz edilmiş (o cümlədən ailə başçısını itirməyə görə sosial pensiyalar sosial müavinətlərlə əvəz edilmişdir), ölkənin pensiya təminatı sistemində ilk dəfə olaraq yığım prinsipi elementləri formalaşmış və pensiyaların məbləği üç hissədən – baza, sığorta və yığım hissələrindən ibarət təşkil edilmişdir. Pensiya təminatı sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri olan fərdi uçot sisteminin yaradılması prosesinə başlanılmışdır.
Bütün bunlar isə ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimi məsələlərinin araşdırılması zərurətini yaratmaqla mövzunun aktuallığını göstərir.
Tədqiqatın araşdırılma dərəcəsi. Azərbaycanda ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsinin bu və ya digər aspektləri təhlil edilmişdir. Son illər respublikamızın hüquqşünas alimləri (İ.İ.İsmayılov, A.M.Qasımov, M.N.Əliyev) tərəfindən pensiya təminatı hüququna dair müəyyən elmi əsərlər yazılmış və həmin əsərlərdə pensiya hüququnun bu və ya digər məsələləri tədqiq edilmişdir.
Lakin ölkədə aparılan pensiya islahatı ilə əlaqədar pensiya təminatına dair qəbul edilmiş yeni qanunvericilik aktlarının müddəalarına uyğun olaraq pensiya təminatının hüquqi tənzimlənməsi məsələləri kompleks şəkildə tədqiq edilməmişdir. Tədqiqat işində pensiya qanunvericiliyi sığorta prinsipləri əsasında yenidən qurulduqdan sonra ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsi məsələlərinə ilk dəfə olaraq kompleks şəkildə yanaşılaraq onun mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti şərh olunmuş, ailə başçısını itirməyə görə pensiya təminatının gələcəkdə daha da təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə təşəbbüs göstərilir.
Tədqiqatın obyekti Azərbaycan Respublikasında ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsi məsələlərindən ibarətdir.
Tədqiqatın predmetini ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimi problemləri təşkil edir.
Tədqiqatın məqsədi Azərbaycan Respublikasında ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsi məsələlərini kompleks şəkildə tədqiq etməkdən, onun təkmilləşdirilməsi üçün konkret təklif və tövsiyələr verməkdən ibarətdir.
Göstərilən məqsədə nail olmaq üçün dissertasiyada qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
– ailə başçısını itirməyə görə pensiyanın Azərbaycan Respublikasının pensiya təminatı sistemində yerini müəyyən etməklə onun leqal anlayışının qanunvericilikdə təsbit edilməsini əsaslandırmaq;
– ailə başçısını itirməyə görə pensiya qanunvericiliyinin inkişaf tarixini araşdırmaq və əvvəlki qanunvericiliklə müqayisəli təhlil etmək;
– ailə başçısını itirməyə görə pensiya təminatının sosial – hüquqi əsasları baxımından onun təyin edilməsi əsaslarını və şərtlərini müəyyənləşdirmək;
– ailə başçısını itirməyə görə pensiyaların hesablanması və ödənilməsi qaydalarını araşdırmaq;
– ailə başçısını itirməyə görə pensiya təminatının səviyyəsini təhlil etmək;
– ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənziminin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməklə konkret təklif və tövsiyələr vermək.
Tədqiqatın metodoloci və nəzəri əsasları. Tədqiqat işi yazılarkən ümumelmi metodlardan-sistemli təhlil, normativ, elmi və praktik materialların ümumiləşdirilməsi, tarixi yanaşma, xüsusi elmi metodlardan-müqayisəli hüquqşünaslıq, məntiqlilik və texniki-hüquqi, qeyri-hüquqi metodlardan- sosioloci sorğu, statistik təhlil və s. istifadə edilmişdir.
Tədqiqatın nəzəri bazasını ümumi hüquq nəzəriyyəsi (Alekseyev S.S., Məlikova M.F., Leyts O.E., Lazarev V.V., Radko M.N. və b.) və sosial təminat hüququ ilə məşğul olan (Andreyev V.S.,Aleksandrov N.Q.,Tuçkova E.Q., Zaxarov M.L., İvanova R.İ., Batıqin K.S., Maçulskaya E.E., Astraxan E.İ., Yakina N.A., Zabelin İ.V., Yusif Alper, İsmayılov İ.İ., Qasımov A.M., Əliyev M.N. və b.) hüquqşünas alimlərin əsərləri təşkil etmişdir.
Tədqiqatın elmi yeniliyi onunla müəyyən olunur ki, o, pensiya təminatı ilə əlaqədar yeni qanunvericilik aktları («Əmək pensiyaları haqqında», «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunları və s.) qəbul edildikdən sonra ailə başçısını itirməyə görə pensiya təminatı sisteminin kompleks şəkildə tədqiq edilməsinə həsr edilmiş monoqrafik xarakterli ilk tədqiqat işidir. Aparılmış araşdırmalar nəticəsində mühüm nəzəri əhəmiyyətə malik olan bir sıra aktual məsələlərin həllinin yeni qaydası təklif edilir:
1. «Əmək pensiyaları haqqında» qanunda ailə başçısını itirməyə görə əmək pensiyalarının leqal anlayışının qanunla müəyyən edilmiş qayda və şərtlərlə dövlət sosial müdafiə fondunun vəsaitləri hesabına məcburi dövlət sosial sığorta olunan ailə başçısının ölməsi ilə əlaqədar olaraq onun öhdəsində (himayəsində) olan əmək qabiliyyəti olmayan ailə üzvlərinə itirilmiş əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə təyin edilən aylıq pul ödənişi kimi təsbit edilməsi əsaslandırılmışdır.
2. Məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilənə qədər müəyyən bədbəxt hadisədən vəfat etməsi güman edilən şəxsin ailə üzvləri üçün aylıq ödəmələrin pensiya qanunvericiliyi ilə müəyyən edilməsinin məqsədəmüvafiqliyi əsaslandırılmışdır.
3. Pensiya qanunvericiliyində ailə başçısının dinc və müharibə şəraitində vəfat etməsi faktının fərqləndirilməsinin və bu zaman onların ailələrinə veriləcək pensiyaların həm məbləğində, həm də onların ödənilmə mənbələrində diferensiasiyanın müəyyən edilməsinin məqsədəmüvafiqliyi irəli sürülür.
4. Pensiya hüququnda ailə üzvü anlayışının hüquq münasibətlərinin digər növlərinin subyekti qismində çıxış edən ailə üzvünün anlayışına uyğunlaşdırılması, yaxud yaxınlaşdırılması yolu ilə deyil, əsasən pensiya qanunvericiliyinin təkmilləşdirilməsi yolu ilə həll olunması göstərilməklə «Əmək pensiyaları haqqında» qanunun 14.1.2-ci maddəsinə ailə üzvü kimi nənə və babanın da daxil edilməsinin zəruriliyi əsaslandırılır.
5. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən sosial sığorta stacının (yaşa görə əmək pensiyasının yaranması üçün 12 il stac tələb edilir) yüksək olması və natamam stacla ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun nəzərdə tutulmaması ilə bağlı pensiya qanunvericiliyində olan ziddiyyətli məqamın aradan qaldırılması məqsədilə ailə başçısı 41 yaşdan sonra vəfat etdikdə əmək pensiyasının təyin edilməsi üçün yalnız 12 illik sığorta stacı tələb edilməsinin zəruriliyi əsaslandırılmışdır.
6. «Əmək pensiyası haqqında» qanunun 14-cü maddəsinə hər iki valideynin öhdəsində olan uşaqlar valideynlərindən biri işlədikdə ata və ya analarının ölümünə görə pensiya almaq hüququna malik olması və vəfat etmiş şəxsin arvadının və ya ərinin həddi buluğa çatmış əmək qabiliyyətli uşaqları olmadıqda, onun pensiya yaşına nə zaman çatmasından və ya əlilliyin nə zaman baş verməsindən asılı olmayaraq pensiya təyin edilməsi kimi əlavələrin edilməsi təklif edilir.
7. Qulluq stacı ilə əlaqədar olan pensiyaların, o cümlədən hərbi qulluqçulara təyin edilən pensiyaların maliyyələşdirilməsinin hər bir halda dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsinin zəruriliyi əsaslandırılmışdır və qulluq stacı ilə əlaqədar pensiya təyin edilən şəxslərə pensiyaların maliyyələşdirilmə mənbəyindən asılı olaraq iki növ pensiyanın təyin edilməsinin mümkünlüyü barədə qanunvericiliyə xüsusi normanın daxil edilməsi təklif edilir.
8. Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanmasının müxtəlif şəxslər kateqoriyasına görə (dövlət qulluqçularına, hərbi qulluqçulara, əmək müqaviləsi əsasında işləyən işçilərə, hakimlərə, prokurorluq işçilərinə, Milli Məclisin deputatına və s.) müəyyən edilməsinin aradan qaldırılması məqsədilə əmək pensiyalarının hesablanması üçün vahid qaydanın müəyyən edilməsinin zəruriliyi əsaslandırılmışdır.
9. Ailə başçısının itirilməsinə görə pensiyaların hüquqi tənzimlənməsi mexanizminə vətəndaşın maddi yardıma olan ehtiyacını real surətdə əks etdirmədiyinə görə əmək qabiliyyətindən məhrum hesab olunması haqqında şərtin daxil edilməsindən tamamilə imtina olunmasının zəruriliyi əsaslandırılmışdır.
10. Ailə başçısını itirməyə görə əmək pensiyası növünün səviyyəsini müəyyən edərkən pensiyanın fərdi əmək haqqına nisbəti ilə yanaşı, minimum pensiyanın minimum əmək haqqına nisbətini, maksimum pensiyanın konkret vaxt dövrü ərzində (rüblük, yarımillik, illik) ölkədə mövcud olan orta aylıq əmək haqqı ilə nisbətini də nəzərə alınmasının zəruriliyi əsaslandırılmışdır.
11. Ailə başçısını itirməyə görə pensiya təminatında əmək pensiyasının baza hissəsinin pensiyaçıların yaşayış minimumu əsasında müəyyən edilməsinin və yaşayış minimumunun pensiya təminatının bütün növlərinin, o cümlədən ailə başçısını itirməyə görə pensiya təminatının müəyyən edilməsində istifadə olunan universal standart qismində təsbit olunmasının zəruriliyi əsaslandırılmışdır.
Tədqiqatın nəticələrinin elmi və təcrübi əhəmiyyəti aşağıdakılardan ibarətdir:
– dissertasiya işində ailə başçısını itirməyə görə pensiya təminatı ilə bağlı verilən anlayışların bəziləri pensiya qanunvericiliyinə defintiv norma kimi daxil edilə bilər.
– dissertasiya işində irəli sürülən təkliflərin bir çoxu pensiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar qanunverici orqan tərəfindən qəbul edilə bilər.
– tədqiqatın nəticələri hüquq tətbiqetmə fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edə bilər.
– dissertasiya işinin nəticələri sonrakı elmi tədqiqatlar aparılarkən, habelə hüquq fakültələrində «Sosial təminatı hüququ» və «Pensiya hüququnun problemləri» fənləri tədris edilərkən istifadə edilə bilər.
Tədqiqatın nəticələrinin aprobasiyası. Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquqi İnstitutunda yerinə yetirilmiş və müzakirə olunmuşdur. Dissertasiyanın əsas müddəaları müəllifin dərc olunmuş elmi işlərində şərh edilmiş, elmi-praktik konfranslarda və seminarlarda məruzə olunmuşdur.
Tədqiqatın bəzi nəticələrindən müəllif tərəfindən bir sıra qanun layihələrinin və normativ-hüquqi aktların işlənilib hazırlanmasında istifadə edilmişdir.
Dissertasiyanın strukturu. Tədqiqatın strukturu onun məqsədləri, vəzifələri və metodologiyası ilə şərtlənir. Dissertasiya girişdən, altı paraqrafı əhatə edən üç fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə seçilmiş mövzunun aktuallığı əsaslandırılır, onun elmi cəhətdən işlənməsi dərəcəsi işıqlandırılır, tədqiqatın məqsəd və vəzifələri müəyyən edilir, müdafiəyə çıxarılan əsas müddəalar formalaşdırılır və işin təcrübi əhəmiyyəti açıqlanır.
Dissertasiya işinin birinci fəslində ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası pensiya təminatı sistemində yeri araşdırılmışdır. Həmin fəslin «Azərbaycan Respublikasında pensiya təminatı sisteminin ümumi xarakteristikası» adlanan birinci paraqrafında müəllif göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyası hər bir kəsin sosial müdafiəsini dövlətin əsas öhdəliklərindən biri elan etdiyi üçün Azərbaycan dövləti bütün vətəndaşları əhatə edən pensiya sisteminin yaradılmasını təmin edir. Bu paraqrafda hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun müddəaları, əmək pensiyalarının üç pilləsi – baza, sığorta və yığım hissələri geniş şəkildə təhlil edilmiş və pensiya hüquq münasibətlərinin yaranması üçün tələb olunan hüquqi faktlar baxımından əmək pensiyalarının növləri araşdırılır. Müəllif pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini göstərməklə onların mahiyyətini izah etmişdir. O, pensiya islahatının davamı məqsədilə 07 fevral 2006-cı ildə “Əmək pensiyaları haqqında” və «Sosial müavinətlər haqqında» qanunların qəbul edilməsini ölkənin pensiya sistemində yeni bir mərhələnin əsasını qoyması kimi xarakterizə etmişdir. Sonra tədqiqatçı bu paraqrafda yaşa və əlilliyə görə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydalarını təhlil etmişdir.
Dissertasiya işinin birinci fəslinin «Ailə başçısını itirməyə görə əmək pensiyası – pensiya təminatının növü kimi» adlanan ikinci paraqrafında müəllif göstərir ki, ailə başçısının itirilməsinə görə əmək pensiyası ailə başçısının ölümü ilə əlaqədar olaraq o halda təyin edilir ki, vəfat etmiş ailə başçısı qanunvericiliklə tələb olunan sığorta stacına malik olsun və ya müddətindən asılı olmayaraq müəyyən fəaliyyəti həyata keçirsin (işləmək və ya xidmət etmə faktı və s.).
Ailə başçısını itirməyə görə əmək pensiyası təminatının şərtləri və normaları ailə başçısının ölümünün səbəblərindən və pensiya təyin olunan ailə üzvlərinin sayından asılı olaraq diferensiasiya olunur. Ailə başçısının ölümünün səbəblərindən asılı olaraq, pensiya təminatının bu növü ümumi əsaslara görə ailə başçısının itirilməsinə görə əmək pensiyasına və hərbi qulluqçuların ailələri üçün təqdim olunan pensiyalara bölünür. Əgər ailə başçısının ölümünün səbəbləri müvafiq sənədlərdə (hərbi və dövlət qulluqçularının ölümü haqqında tərtib edilmiş aktda və s.) göstərilməzsə, onda, tibbi sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir.
Tədqiqatçı hesab edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təminatına olan hüququn yaranması üçün ailə başçısının ölümü deyil, onun itkin düşməsi faktı da əsas hüquqi fakt kimi çıxış edir. Ona görə ki, ailə başçısının itirilməsi dedikdə nəinki onun fiziki cəhətdən ölümü, həm də onun xəbərsiz itkin düşməsi başa düşülməlidir.
Dissertant hesab edir ki, pensiya qanunvericiliyində ailə başçısının dinc və müharibə şəraitində vəfat etməsi faktının fərqləndirilməsi və bu zaman onların ailələrinə veriləcək pensiyaların həm məbləğində, həm də onların ödənilmə mənbələrində diferensiasiya müəyyən edilməsi daha məqsədəuyğun olardı.
Ailə başçısının itirilməsinə görə pensiya hüququ yalnız ailə başçısı hesab olunan vətəndaşın ölümü faktı ilə deyil, həm də sağlığında onun öhdəsində olan şəxslərin ailə üzvlərinin müəyyən kateqoriyasına aid olması faktı ilə şərtlənir.
İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının ikili hüquqi təbiətə malik olduğunu göstərir: bu pensiya hüquqi tənzimetmə mexanizminin müəyyən hissəsində əmək pensiyası kimi çıxış edir, bu keyfiyyət onlara digər pensiya növləri və bütövlükdə pensiya statusunun vətəndaşın əvvəlki hüquqi vəziyyəti ilə şərtlənməsi vasitəsilə verilir. Bu mexanizmin subyektə bağlı olan xüsusiyyətlərinə aid digər hissəsində onlar artıq pensiya növü kimi deyil, sosial müavinətlər kimi çıxış edirlər, çünki ailənin və onun üzvlərinin pensiya hüququ onların sosial sığorta münasibətlərində bilavasitə iştirakı faktı ilə şərtlənmir. Onlar həmişə, hətta bütün pensiyaların əmək pensiyalarına və sosial müavinətlərə formal-normativ bölgüsü baş verən ana qədər bu xassəyə malik olmuşlar. Həm pensiyalar, həm də müavinətlərin ikili təbiəti gələcəkdə, hətta normayaradıcının iradəsi ilə dövlət və əmək pensiyası növlərinə və sosial müavinətə aid edilmələri halında belə itirməyəcəklər. Tədqiqatçı hesab edir ki, gələcək pensiya hüququ ailə başçısının itirilməsinə görə pensiyaların bu hüquqi təbiətini köklü şəkildə dəyişə bilməyəcəkdir.
Müəllif ailə başçısının itirilməsinə görə pensiya təminatı haqqında qanunvericiliyi təkmilləşdirilərək, respublikamızda təşəkkül tapmış real vəziyyətə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edir. Məlumdur ki, əmək qabiliyyətinin olmaması vətəndaşların ailə başçısını itirməyə görə pensiya təminatına olan ehtiyacının səbəblərindən yalnız birini təşkil edir. Hal-hazırda o, bir sıra obyektiv hallarla da şərtlənə bilər. Eyni zamanda, hər bir əmək qabiliyyəti olmayan öhdədə olan şəxs əsl həqiqətdə ehtiyacı olan şəxs deyildir və ona pensiyanın ödənilməsi pensiyanın təyinatına zidd olardı.
Araşdırmalar əsasında iddiaçı göstərir ki, ailə başçısının itirilməsinə görə pensiya təminatının özünəməxsus xüsusiyyətlərini dəqiq şəkildə göstərə bilmişdir.
Dissertasiya işinin birinci fəslinin üçüncü paraqrafında ailə başçısını itirməyə görə pensiya qanunvericiliyinin inkişaf tarixi sosial təminat qanunvericiliyinin inkişafı kontekstində tədqiq edilmişdir.
1918-1920-ci illərdə Şərqdə ilk müstəqil demokratik dövlət kimi 23 ay ərzində mövcud olmuş ADR-in parlamentinə sosial təminat qanunvericiliyinə dair 10-dan çox müxtəlif layihələr təqdim edilsə də, onlar qəbul olunmamışdır.
İddiaçı Azərbaycanın SSRİ tərkibində olan respublikalardan biri olduğunu və həmin dövrdə (1920-1991-ci illər) vahid sosial təminat qanunvericiliyinin tətbiq edildiyini nəzərə alaraq, respublikamızda ailə başçısını itirməyə görə pensiya qanunvericiliyinin inkişaf tarixini sovet sosial təminat qanunvericiliyinin ümumi xarakteristikası baxımından təhlil etmişdir. Onun fikrincə, qanunvericiliyin inkişafı prosesinin tarixi dövrlər üzrə təsnifatı sosial təminatı haqqında qanunvericiliyin təkamülü və cəmiyyətin müvafiq ümumi inkişaf mərhələləri baxımından spesifikliyini daha obyektiv surətdə əks etdirərdi.
Dissertant göstərir ki, 80-ci illərin sonunda SSRİ-də dövlət sosial təminat sisteminin, eləcə də pensiya sisteminin formalaşdırılması əsasən başa çatdırıldı. 1977-ci il oktyabrın 7-də isə sovet qanunvericiliyinin inkişafının yekunu kimi SSRİ Konstitusiyası qəbul edildi. SSRİ-nin 1977-ci il Konstitusiyası ilə ölkədə (digər sistemlərlə yanaşı) dövlət sosial təminat sisteminin inkişaf etməkdə olduğu təsbit edilmişdir. Konstitusiya real surətdə kişilərin və qadınların hüquq bərabərliyinə (maddə 35), vətəndaşların sağlamlığının mühafizəsi hüququna (maddə 42), sosial təminat hüququna (maddə 43) və dövlətin ailəyə qayğısının həyata keçirilməsinə təminat verirdi. Konstitusiyanın qəbul edilməsi isə ilk növbədə sosial təminat haqqında qanunvericiliyin daha da inkişaf etdirilməsinə təkan verdi.
Azərbaycan Respublikasında pensiya islahatlarının keçirilməsinin ilkin mərhələsi 29 aprel 1992-ci ildə ”Hərbi qulluqçuların pensiya təminatı haqqında” və 23 sentyabr 1992-ci ildə ”Vətəndaşların pensiya təminatı haqqında” pensiya qanunlarının qəbul edilməsi ilə bağlıdır. 23 sentyabr 1992-ci il qanununun qəbul edilməsi ilə müstəqil büdcədənkənar maliyyə-kredit sistemi kimi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bir neçə ay həmin fond «Pensiya Fondu» kimi fəaliyyət göstərmişdi) yaradıldı. 7 fevral 2006-cı ildə “Əmək pensiyaları haqqında” Qanun qəbul edilməklə əmək pensiyasının 3 növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə kimi təsbit edilmiş, xidmət illərinə görə pensiyanın növü ləğv olunmuşdur.
Tədqiqatçı qeyd edir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu baxımından hüquq normalarının, o cümlədən ailə başçısının itirilməsinə görə pensiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə xarakterizə olunur.
Dissertasiya işinin ikinci fəslində ailə başçısını itirməyə görə pensiya təminatının sosial – hüquqi əsasları təhlil edilmişdir. Həmin fəslin «Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi əsasları və şərtləri» adlanan birinci paraqrafında iddiaçı göstərir ki, ailə başçısının itirilməsinə görə pensiya hüququ yalnız ailə başçısı hesab olunan vətəndaşın ölümü faktı ilə deyil, həm də sağlığında onun öhdəsində olan şəxslərin ailə üzvlərinin müəyyən kateqoriyasına aid olması faktı ilə şərtlənir.
Müəllifin fikrincə, qanunvericilikdə verilmiş əsassız və ədalətsiz istisnaların qarşısını almaq üçün ailə başçısının itirilməsinə görə pensiyaların hüquqi tənzimlənməsi mexanizminə vətəndaşın əmək qabiliyyətindən məhrum hesab olunması haqqında şərtin daxil edilməsindən tamamilə imtina etmək olar. Ona görə ki, bu şərt müasir reallıqlara uyğun gəlmir və pensiyaya təminatı olmayan şəxslərin təminatına gətirib çıxara bilər. Belə imtina bu pensiya növünün əsas ideyasına qarşı çıxmır. Əmək qabiliyyətli olması faktı vətəndaşın dolanışıq üçün vəsait verilməsinə olan həqiqi ehtiyacını heç də həmişə adekvat surətdə əks etdirmir. Buna görə də əmək qabiliyyətli olma ailə başçısının itirilməsinə görə pensiya hüququnun yaranması üçün maneə, yaxud əksinə zəruri şərt qismində çıxış etməməlidir. İmtina üsulu kimi «əmək qabiliyyəti olmayan» sözünün hüquq normaları ilə müəyyən edilmiş «obyektiv hallarda özünü təminetmə imkanının olmaması» anlayışı ilə əvəzlənməsi təklif edilir.
Müəllif göstərir ki, ailə üzvlərinin pensiyasına, onun növünə və məbləğinə ailə başçısının özünün pensiyasının əsaslarını, şərtlərini, təbiətini və məbləğini müəyyən edə biləcək bütün faktlar təsir göstərir. Ailə başçısının itirilməsinə görə əmək pensiyalarının müəyyən edilməsi şərtləri bir çox cəhətdən ölmüş şəxsin yaşa, yaxud əlilliyə görə pensiyanın sığorta hissəsini almaq hüququndan asılıdır, yəni sosial sığortaya cəlb olunmuş şəxsin pensiya hüququnun həcmindən törəmədir.
Dissertasiya işinin ikinci fəslinin «Ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması və ödənilməsi qaydası» adlanan ikinci paraqrafında tədqiqatçı göstərir ki, pensiyaların hesablanması onun əsas və əlavə məbləğlərinin müəyyən edilməsini, onun yenidən hesablanmasını və indeksləşdirilməsi mexanizmini özündə əks etdirir.
Pensiyaların hesablanmasının əsasını müəyyən müddət ərzində fərdin əmək haqqı və ya ölkə üzrə orta aylıq əmək haqqı məbləğlərinə uyğun olaraq gəlirlərin müəyyən səviyyəsinin əvəz edilməsi təşkil edir. Bu sistemlər «pensiyaların müəyyən edilməsi sistemləri» adlanır.
Müəllif göstərir ki, əmək pensiyalarının məbləği sosial sığorta münasibətlərində iştirakın müddətindən və ödənilən məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olaraq müəyyənləşdirilir. Ailə başçısını itirməyə görə elə əmək pensiyaçıları vardır ki, pensiya təyin edilməsi üçün tələb edilən sosial sığorta stacından dəfələrlə artıq staca malik olmalarına baxmayaraq vaxtilə qazandıqları əmək haqqının az olması səbəbindən onların da pensiyasının məbləği yalnız baza hissəsindən ibarət olur. Onun fikrincə, pensiyanın baza hissəsinin üzərinə ümumi sosial sığorta stacının davamiyyətinə görə əlavələrin hesablanması üçün Qanunun 19-cu maddəsinə xüsusi normanın daxil olunması sosial ədalət baxımından məqsədəmüvafiq olardı.
«Əmək pensiyaları haqqında» qanunun 18.5-ci maddəsində göstərilir ki, vəfat etmiş sığorta olunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Lakin, həmin maddədə fərdi hesabın yığım hissəsində olan vəsaitlərin məhz hansı qanunvericiliyə uyğun olaraq varislər arasında bölüşdürülməsi məlum olmur. Buna görə dissertant hesab edir ki, «Əmək pensiyaları haqqında» qanunun 18.5-ci maddəsinin aşağıdakı kimi təsbit edilməsi daha məqsədəuyğun olardı: «vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər mülki qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür».
«Əmək pensiyaları haqqında» qanunun 37.6-cı maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara pensiya məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Pensiya ödənişi qanunla tənzimləndiyindən məhkəmənin qüvvədə olan qanunvericiliyə zidd olan, qanunla müəyyən edilən normalara uyğun gəlməyən və ya fərqlənən hər hansı qərar qəbul etməyə səlahiyyəti yoxdur. Bu baxımdan müəllif Qanunun 37.6.-cı maddəsindən «məhkəmənin fərqli qərarı yoxdursa» ifadəsinin çıxarılmasını təklif edir.
Dissertasiya işinin ikinci fəslinin üçüncü paraqrafında ailə başçısını itirməyə görə əmək pensiyası təminatının səviyyəsi məsələsi araşdırılmışdır.
İddiaçı göstərir ki, əmək pensiyalarının digər növləri kimi ailə başçısını itirməyə görə əmək pensiyasının səviyyəsi – əməyin ödənilməsi ilə bilavasitə əlaqəli olan, onunla müqayisə olunan və son nəticədə onun əsasında müəyyən edilən bir kateqoriya olduğundan, ailə başçısını itirməyə görə əmək pensiyalarının əmək haqqı ilə müqayisəsi aparılmadan nəinki pensiya təminatının səviyyəsini, həm də onun minimum və ya maksimum hədlərini müəyyən etmək olmaz. Onun fikrincə, ailə başçısını itirməyə görə əmək pensiyalarının baza hissəsinin məbləği dövlətin iqtisadi imkanlarından asılı olmaqla, fizioloci minimumdan aşağı olmamaq şərtilə müəyyən edilməlidir.
Dissertant hesab edir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının səviyyəsini müəyyən edərkən bu pensiyanın fərdi əmək haqqına nisbəti ilə yanaşı, minimum pensiyanın yaşayış minimumu həddinə nisbətini, maksimum pensiyanın konkret vaxt dövrü ərzində (rüblük, yarımillik, illik) ölkədə mövcud olan orta aylıq əmək haqqı ilə nisbətini də nəzərə almaq lazımdır.
Müəllifin fikrincə, ehtiyacların ödənilməsi səviyyəsinə müvafiq olan məbləğdə sosial təminat həyata keçirilərkən, cəmiyyətdə bölüşdürülən maddi nemətlərin ən ümumi ölçüsü olan cəmiyyətin işləyən üzvlərinin əmək haqqısı «baza» kimi götürülməlidir. Minimum pensiya minimum əmək haqqı ilə deyil, pensiyaçının yaşayış minimumu ilə müəyyən edilməlidir. Ona görə ki, minimum pensiya sosial cəhətdən obyektiv olan səbəblərə görə əmək qabiliyyətini itirən şəxslərə təyin olunur və başqa pensiya növlərinin hesablanması üçün əsas rolunu oynayır.
Müəllifin fikrincə, pensiyaların məcburi dövlət sosial sığorta haqlarından asılı olaraq hesablanması mexanizmini gücləndirmək üçün qanunvericiliyin hər bir pensiyaçının fərdi əmsalını müəyyən etməsi yaxşı olardı. Ona görə ki, pensiyaçının fərdi əmsalı pensiyaların hesablanması zamanı konkret pensiyaçının keçmiş əmək fəaliyyətinin nəzərə alınmasını təmin edən səmərəli vasitə ola bilər. Fərdi əmsal hər bir kəsin keçmiş əmək fəaliyyətini əks etdirməli və pensiyaçının orta aylıq faktiki əmək haqqı ilə respublika üzrə orta əmək haqqının nisbətinin müəyyən edilməsi yolu ilə hesablanmalıdır. Bu baxımdan, pensiyaçının fərdi əmsalı konkret pensiyaçının ölkə iqtisadiyyatında mövcud olan orta aylıq əmək haqqına faizlə əks olunan pensiyasının məbləğini özündə əks etdirən bir kateqoriya olmalıdır.
İddiaçı belə bir qənaətə gəlmişdir ki, məcburi dövlət pensiya sığortası sistemində pensiyanın səviyyəsinin formalaşmasına iki ümumi göstərici təsir etməlidir. Birinci göstərici hər bir halda təbii ki, ölkə üzrə orta aylıq əmək haqqı çıxış etməlidir. Bu göstərici ölkədəki ümumi iqtisadi vəziyyəti səciyyələndirməlidir. İkinci göstərici kimi isə, pensiyaların hesablanması zamanı əsas kimi götürülən pensiyaçının fərdi əmsalı çıxış etməlidir.
Tədqiqatçının fikrincə, pensiya islahatının əsas məqsədlərindən biri kimi, ayrı-ayrı pensiya növlərinin sosial ədalət prinsipinə, yəni DSMF-ə keçirilmiş sığorta haqqının kəmiyyətinə uyğunlaşdırıcı funksiyanın həyata keçirilməsinə şəraitin yaradılması çıxış edir. Pensiya islahatı həm də yoxsulluğun aradan qaldırılması funksiyasının reallaşması üçün də pensiya sisteminin təkmilləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, pensiya sahəsində diferensiasiyanın əsasını gəlirlərin diferensiasiyası təşkil etməlidir. Əhalinin gəlirlərinin formalaşma mənbəyi isə onların DSMF-də rolunu müəyyən edir. Belə ki, bu fondun formalaşmasında yüksək əmək haqqı ilə işləyən işçilərin payı daha yüksəkdir. Bu baxımdan müəllif hesab edir ki, pensiyalar hesablanarkən, bu hal mütləq nəzərə alınmalıdır.
Dissertasiya işinin üçüncü fəsli ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənziminin təkmilləşdirilməsi məsələlərinə həsr edilmişdir.
İddiaçı pensiya təminatı sahəsində aparılan islahatları 2 qrupa – cari dəyişikliklərlə aparılan islahatlara və əsaslı islahatlara bölərək göstərir ki, cari dəyişikliklərlə aparılan islahatlara mövcud dövlət pensiya sistemində edilən dəyişikliklər aiddir. Onun əsas məqsədi maliyyə probleminin qismən həll edilməsindən, bir sıra hallarda isə qanunvericilikdə mövcud olan ədalətsizlikləri aradan qaldırmaqdan ibarətdir. Bu sahədə qarşıya qoyulan məsələlər müxtəlif formalarda həll edilir. Dövlət bu məsələləri pensiya almaq hüququ verən şərtləri, məcburi dövlət sosial sığorta haqlarının məbləğini, pensiyaların hesablanması, ödənilməsi, təyin olunma qaydalarını dəyişməklə və ya bir sıra digər tədbirləri həyata keçirməklə həll edir. Əksər hallarda bu cür islahatlar dövlət pensiya sistemində mövcud olan problemləri həll etməyə yetərli olmur, lakin maliyyə böhranının müəyyən müddətə aradan qaldırılmasına və ya onun təsirinin azaldılmasına imkan verir.
Müəllif respublikamızın pensiya təminatı sistemində indiyə qədər aparılan islahatları kosmetik islahatlar qrupuna aid etməklə yanaşı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar ölkənin pensiya təminatında həmrəylik sistemi ilə yanaşı yığım sisteminin elementləri də tətbiq edilməyə başlanılmış və hazırda pensiya təminatı sistemi qarışıq formada fəaliyyət göstərir. 2006-cı ildən etibarən ölkənin pensiya təminatı sistemində aparılan islahatları əsaslı islahat kimi xarakterizə etmək olar. Tədqiqatçı respublikamızda tətbiq edilən pensiya təminatı sisteminin Rusiya Federasiyasının və Polşanın pensiya təminatı sisteminə uyğun olduğunu göstərməklə yeni pensiya təminatı sisteminin xarakterik xüsusiyyətlərini təhlil etmişdir.

Tədqiqatçının fikrincə, çoxlu və bir sıra hallarda ziddiyyətli xarakter daşıyan normativ aktların sistemləşdirilməsinə ehtiyac duyulduğuna görə respublikamızda qüvvədə olan çoxsaylı qanunların əvəzində Azərbaycan Respublikasının Pensiya Təminatı Məcəlləsinin qəbul edilməsinə, həmin qanunlarla nizama salınan məsələlərin məcəllə ilə tənzimlənməsinə dair fikirlərində M.N.Əliyev haqlıdır. Lakin təklif olunan həmin məcəllənin nümunəsində ailə başçısını itirməyə görə pensiya təminatının bəzi məsələlərinin – ailə başçısını itirməyə görə pensiya alan şəxslərin dairəsi, pensiyanın yığım hissəsinin bölüşdürülməsi, ailə başçısını itirməyə səbəb olan hallara görə pensiyanın məbləğinin diferensiasiyası və s. məsələlərin tənzimi nəzərdə tutulmamışdır.
Dissertant göstərir ki, qulluq stacı ilə əlaqədar olan bir sıra kateqoriya şəxslərin (dövlət qulluqçuları, sabiq deputatlar) ailə üzvlərinə də pensiyanın güzəştli əsaslarla hesablanması qaydası nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq vəfat etmiş prokurorluq və ədliyyə orqanları işçilərinin, hakimlərin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman) ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ümumi əsaslarla təyin edilir. Vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə isə ailə başçısını itirməyə görə pensiyalar tamamilə fərqli qaydada tənzimlənir. Buna görə də eyni məsələnin hüquqi cəhətdən vahid qaydada tənzimlənməsi təklif edilir.
Dissertasiya işinin nəticə hissəsində tədqiqata yekun vurulur və ailə başçısını itirməyə görə əmək pensiyalarına dair qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr irəli sürülür.

Dissertasiyanın mövzusu ilə bağlı müəllifin aşağıdakı elmi əsərləri çap edilmişdir:

1. Xidmət illərinə görə pensiyaların anlayışı və onu alan şəxslərin dairəsi / Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 11-ci buraxılış, Bakı: Adiloğlu, 2005, s. 222-225
2. Güzəştli şərtlərə görə və xidmət illərinə görə pensiyaların bəzi problemləri/ Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 12-ci buraxılış, Bakı: Adiloğlu, 2005, s. 230-233
3. Azərbaycan Respublikası pensiya təminatı sisteminin ümumi xarakteristikası / Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 14-cü buraxılış, Bakı: Adiloğlu, 2006, s. 192-197

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO