"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Sahibkarlıq fəaliyyətində cinayət-hüquq mühafizəsi məsələləri

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTU

Əlyazması hüququnda

ƏLİYEV SƏBUHİ OSMAN OĞLU

SAHİBKARLIQ FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR YARANAN MÜNASİBƏTLƏRİN CİNAYƏT-HÜQUQİ MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİ

İxtisas: 12.00.08-cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın A V T O R E F E R A T I

Dissertasiya işi Odlar Yurdu Universitetinin “Mülki hüquq, cinayət hüququ və cinayət prosesi” kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər:
hüquq elmləri doktoru
H.S.Qurbanov
Rəsmi opponentlər:
hüquq elmləri doktoru
B.S.Zahidov
hüquq elmləri namizədi, dos.
K.O.Nəzərova
Aparıcı təşkilat:
Milli Aviasiya Akademiyası

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın müdafiəsi «____» ___________ 2009-cu il tarixdə, saat _____-_____-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki N.02.013 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında tanış olmaq olar.

N. 02.013 Dissertasiya Şurasının
elmi katibi, h.e.n.,dos.
X.Ə. Bayramzadə

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqatın aktuallığı. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi kimi xarakterizə olunan sahibkarlıq fəaliyyəti keçmiş SSRİ dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasında bazar münasibətlərinin sağlam əsaslarla inkişafının, ölkənin iqtisadi suverenliyinin və siyasi müstəqilliyinin, xalqın maddi rifah halının və mənəvi-sosial səviyyəsinin yüksəldilməsinin, cəmiyyətdə sosial sabitliyin, respublikanın zəngin və keyfiyyətli təbii xammal ehtiyatlarından və intellektual potensialından daha effektiv istifadə edilməsinin, gələcək nəsillərin maraq və mənafelərinin təmin edilməsinin, iqtisadi fəaliyyət subyektlərinin psixologiyasında mühüm və ciddi dəyişikliklər aparılmasının, onlara yeni metodlar və prinsiplər əsasında işləməyi öyrətməyin, yeni texnologiyaya və innovasiyaya əsaslanan istehsalı təşkil etməyin, habelə bazar münasibətləri üzərində qurulan təsərrüfat mexanizmi yaratmağın vacib şərtidir. O, Konstitusiyada nəzərdə tutulan əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş sivil (vətəndaş) cəmiyyətin bərqərar edilməsinin milli iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasının mühüm amilidir. Bu kimi xüsusiyyətlərə malik olması sahibkarlıq fəaliyyətinin hüquqla mühafizəsinin aktuallığını şərtləndirir.
Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da sahibkarlıq fəaliyyəti hüquqi mühafizənin əsas obyektlərindən biridir. Hüquq iqtisadi tərəqqinin mühüm amili kimi sahibkarlıq fəaliyyətini öz nizamasalma predmetinə daxil edərək onun əsas istiqamətlərini və prinsiplərini, iqtisadi dövriyyə subyektlərinin (sahibkarların) hüquq və vəzifələrini, həmin subyektlərin dövlət tərəfindən müdafiə olunması və həvəsləndirilməsi formalarını və dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində cinayət hüququ böyük rol oynayır. Azərbaycan Respublikasının cinayət hüququ bir tərəfdən özünəxas üsul, metod və yolların köməyi ilə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirərək, özünün nəzərdə tutduğu bir sıra qadağanedici normaların vasitəsilə sahibkarlıq münasibətlərinə qəsd etməyi yasaqlayır, digər tərəfdən həmin fəaliyyətə cinayətkarcasına qəsd edildiyi hallarda onu müdafiə edir. Belə ki, keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasının müstəqil olması, cəmiyyətin ictimai-siyasi quruluşunda kompleks islahatlar aparılması, ölkənin iqtisadi-təsərrüfat həyatında köklü dəyişikliklər edilməsi qanunvericini «təsərrüfat cinayətləri»nin bütövlükdə sistemini dəyişdirməyə sövq etdi və bunun məntiqi nəticəsi kimi AR Cinayət Məcəlləsində iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrıca 24-cü fəsil meydana gəldi, sahibkarlıq fəaliyyəti isə cinayət-hüquqi mühafizənin müstəqil obyekti sayıldı.
İqtisadi fəaliyyət sahəsində olan cinayətlər bir neçə qrupa bölünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi sferasında olan cinayətlər həmin qruplardan birinə daxildir. Bu qrupa daxil olan elə cinayətlər vardır ki, bu cinayətlərdən sahibkarlıq fəaliyyətinin subyekti olan sahibkarlar daha çox ziyan çəkirlər. Söhbət qanuni sahibkarlıq fəaliyyətinə mane olma (AR Cinayət Məcəlləsinin 190-cı maddəsi), əmtəə nişanlarından qanunsuz istifadə etmə (AR Cinayət Məcəlləsinin 197-ci maddəsi), inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma (AR Cinayət Məcəlləsinin 199-cu maddəsi) kimi cinayətlərdən gedir ki, həmin cinayətlər sahibkarların azad sahibkarlıq kimi subyektiv konstitusion hüququnu pozur, onların hüquq və mənafelərinə qəsd edir.
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin cinayət-hüquqi mühafizəsinin hərtərəfli elmi tədqiqi və sahibkarların ən çox ziyan çəkdiyi cinayətlərin doktrinal təhlili olduqca aktual və əhəmiyyətlidir. Hesab edirik ki, AR Cinayət Məcəlləsinin həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələrinin şərhinə, göstərilən sahədə məhkəmə təcrübəsinin araşdırılmasına, eləcə də bu maddələrin tətbiqi sahəsində məhkəmə orqanlarının praktik fəaliyyətinin öyrənilməsinə böyük ehtiyac vardır. Həmin məsələlərin kompleks şəkildə öyrənilməsi, qarşısında iqtisadi fəaliyyətin əsas növü sayılan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlər sferasında törədilən ictimai təhlükəli əməllərlə mübarizəni təmin edən hüquqi müdafiə mexanizmi yaratmaq problemi dayanan cinayət hüququ üçün böyük praktik əhəmiyyətə malikdir.
Dissertasiya işi üçün seçilmiş mövzunun aktuallığı həm də onunla şərtlənir ki, Azərbaycan Respublikasının cinayət hüquq ədəbiyyatlarında sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsi məsələləri, konkret olaraq sahibkarların mənafelərinə qəsd edən haqsız kommersiya praktikası (saxta əmtəə nişanlı pirat mallar istehsal etmə, bazarın inhisarlaşdırılması, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və onların azad sahibkarlıq kimi subyektiv konstitusion hüququnu pozan cinayət əməli faktiki olaraq cinayət hüququ çərçivəsində tədqiq olunmamışdır. Sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizə mexanizminin təhlili nəinki ciddi tədqiqatlar çərçivəsindən kənarda qalmış, epizodik xarakter belə daşımamışdır.
Tədqiqat işinin obyektini sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsi və sahibkarların hüquqlarının müdafiəsi məsələləri təşkil edir.
Tədqiqat işinin predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qarşı yönələn cinayət əməlləri ilə mübarizənin hüquqi bazasını təşkil edən cinayət-hüquqi normaların (AR Cinayət Məcəlləsinin 190, 197 və 199-cu maddələri) təhlil edilməsi təşkil edir.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi sahibkarların hüquqlarının qorunması sahəsində AR cinayət qanunvericiliyinin, bu qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi problemlərini kompleks təhlil etməkdən ibarətdir.
Bu məqsədlərə müvafiq olaraq dissertasiya işində qarşıya aşağıdakı vəzifələr qoyulmuş və onların həllinə təşəbbüs göstərilmişdir:
-cinayət hüquq elmində öz qəti həllini tapmayan iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin sistemi barədə məsələni aydınlaşdırmaq, həmin cinayətlərin mövcud əsas elmi-nəzəri baxışları əks etdirən hüquqi təsnifatını vermək və bundan ötrü AR Cinayət Məcəlləsinin 24-cü fəslinə daxil olan cinayətləri qruplara bölmək;
-iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin sistemində sahibkarlıq sferasında törədilən cinayətlərin tutduğu yeri müəyyənləşdirmək və onlara cinayət-hüququ baxımından xarakteristika vermək;
-sahibkarlıq fəaliyyətini cinayət-hüquqi mühafizənin müstəqil obyekti kimi xarakterizə etmək və bu fəaliyyətin həyata keçirilməsinə qarşı yönələn əməllərin cinayət-hüquqi əlamətlərini müəyyənləşdirmək;
-sahibkarlıq fəaliyyəti sahəsində AR cinayət qanunvericiliyinin xüsusiyyətlərini açmaq və onun problemli məqamlarını və inkişaf perspektivlərini müəyyənləşdirmək;
-sahibkarlıq münasibətləri sahəsində bizim ölkə qanunvericiliyi ilə bəzi xarici ölkə qanunvericiliklərini müqayisəli təhlil etmək;
-sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizə mexanizminin mahiyyətini açmaq;
-sahibkarların azad sahibkarlıq hüququnun müdafiəsinə, onların haqsız kommersiya praktikasından qorunmasına yönələn cinayət hüquq normalarını təhlil etmək;
-sahibkarların hüquq və mənafelərinin qorunmasına həsr edilmiş AR cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə kömək edə biləcək, elmi baxımdan əsaslandırılmış təkliflər və tövsiyələr vermək.
Tədqiqatın metodoloji əsasını hüquq elmində hamılıqla qəbul olunmuş ümumnəzəri və xüsusi elmi metodlar təşkil edir. Tədqiqat işində xüsusilə müqayisəli, konkret-sosioloji, formal-məntiqi və digər elmi metodlardan geniş istifadə olunmuşdur.
Tədqiqatın nəzəri əsası. Dissertasiya işini hazırlayarkən müəllif tərəfindən L.D.Qauxman, S.V.Maksimov, V.N.Kudryavsev, A.V.Naumov, A.M.Yakovlev, N.Q.Kadnikov, F.Y.Səməndərov, H.S.Qurbanov, M.N.İmanov, X.C.Ələkbərov, M.B.Əhmədov, R.Ə.Şəmsizadə, B.Z.Quliyev, B.C.Kərimov və digər tanınmış görkəmli hüquqşünas alimlərin əsərlərinə istinad edilmişdir. Tədqiqat işində xüsusilə H.S.Qurbanovun Moskva şəhərində nəşr olunmuş «Teoretiçeskie problemı reformı uqolovnoqo zakonodatelğstva Azerbaydjanskoy Respubliki» monoqrafiyasında ifadə olunan ümumnəzəri fikirlərdən geniş istifadə olunmuşdur.
Bundan başqa tədqiqat aparılarkən xeyli sayda beynəlxalq-hüquqi sənədlər, o cümlədən Azərbaycan Respublikasının iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli sazişlər, müvafiq beynəlxalq təşkilatların aktları təhlil olunmuş, Azərbaycan Respublikasının bəzi birinci instansiya məhkəmələri tərəfindən baxılmış cinayət işlərindən istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, o, Azərbaycan Respublikasının cinayət hüququ tarixində sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsinin kompleks təhlilinə həsr olunmuş monoqrafik xarakterli ilk tədqiqat işidir. Burada respublikada ilk dəfə olaraq, həmin mövzunun araşdırılmasına və işlənilməsinə təşəbbüs göstərilir. Dissertasiyada ilk dəfə olaraq AR Cinayət Məcəlləsinin sahibkarların mənafeyini müdafiə edən Rusiya Federasiyası və digər ölkələrin analoji qanunvericilik normaları ilə müqayisəli təhlili verilir.
Müdafiəyə aşağıdakı əsas ümumi müddəalar çıxarılır:
-sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsi bir tərəfdən bu fəaliyyətin qadağanedici cinayət hüquq normalarının köməyi ilə cinayət-hüquqi mühafizə ilə təmin olunması və bu yolla nizamlanması, digər tərəfdən pozulduqda və qəsd olunduqda həmin fəaliyyətin cinayət-hüquqi müdafiə edilməsi deməkdir;
-sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizə mexanizmində azad sahibkarlıq hüququnun qorunması, sahibkarlığın inhisarçılıqdan və haqsız rəqabətdən müdafiə olunması, sahibkarların hüquqlarının mühafizə edilməsi əsas və başlıca məsələ sayılmalıdır;
-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsinin əsasında sahibkarların hüquq və qanuni mənafelərini müdafiə etmək, ölkənin-iqtisadi təsərrüfat həyatında prioritet əhəmiyyətə malik olan sahibkarlığı inkişaf etdirmək dayanır;
-Cinayət hüquq elmində öz qəti həllini tapmayan iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin sistemi barədə məsələni aydınlaşdırmaq, həmin cinayətlərin mövcud əsas elmi-nəzəri baxışları əks etdirən hüquqi təsnifatını vermək, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin sistemində sahibkarlıq sferasında törədilən cinayətlərin tutduğu yeri müəyyənləşdirmək və onlara cinayət-hüququ baxımından xarakteristika vermək məqsədilə, AR Cinayət Məcəlləsinin 24-cü fəslinə daxil olan cinayətlər aşağıdakı qruplara bölünməlidir; 1) sahibkarlıq və iqtisadi fəaliyyətin digər sferalarında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 190, 191, 192, 193, 194-cü maddələri); 2) kredit münasibətləri sferasında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 195, 196, 210, 211 və 212-ci maddələri); 3) azad və vicdanlı rəqabəti təmin edən münasibətlər sahəsində törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 197,199, 201 və 202-ci maddələri); 4) maliyyə münasibətləri sahəsində törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 203, 204, 205 və 213-cü maddələri); 5) xarici iqtisadi fəaliyyət və gömrük nəzarəti sferasında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 206, 207, 208 və 209-cu maddələri);
-sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsi məqsədilə konstitusion normativ bazanın yaradılması üçün AR Konstitusiyasının 59-cu maddəsinə «sahibkarlıq fəaliyyəti dövlət tərəfindən qorunur və müdafiə olunur» redaksiyasında 2-ci bənd əlavə olunsun;
-qanuni sahibkarlığa mane olma əməllərindən zərər çəkən şəxsləri tam əhatə etmək üçün AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin dispozisiyasında qeyd olunan «fərdi sahibkarlar və ya kommersiya təşkilatları» anlayışı «sahibkarlıq fəaliyyətinin subyektləri» anlayışı ilə əvəz olunsun;
-qanuni sahibkarlıq fəaliyyətinə mane olmağa yönələn sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyət göstərməsi üçün qabaqcadan icazə verilməsindən qanunsuz olaraq imtina etmə kimi cinayət əməlinin AR Cinayət Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən kənarda qalmaması üçün, həmin cinayət əməli AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin dispozisiyasına daxil edilsin;
-sahibkarların hüquq və mənafelərini saxta əmtəə nişanlı pirat mallar istehsalı kimi ictimai təhlükəli əməldən müdafiə etmək, bu sahədə cinayət-hüquqi mübarizəni gücləndirmək məqsədilə AR Cinayət Məcəlləsinin saxta mal istehsalına (əmtəələrin saxtalaşdırılmasına) görə cinayət məsuliyyəti nəzərdə tutan 197-ci maddəsinin adı «Əmtəə nişanlarından və coğrafi göstəricilərdən qanunsuz istifadə etmə» kimi redaksiyada verilsin;
-AR Cinayət Məcəlləsinin 197-ci maddəsinin dispozisiyasındakı qeyri-dəqiqliyi aradan qaldırmaq üçün, həmin dispozisiyada qeyd olunan «mənşə yerinin adı» anlayışı «coğrafi göstərici» anlayışı ilə, «eynicinsli əmtəələrin adına oxşar ad» anlayışı isə «eynicinsli əmtəələr üçün əmtəə nişanına və ya coğrafi göstəriciyə oxşar işarə» anlayışı ilə əvəz edilsin;
-AR Cinayət Məcəlləsinə «Sahibkarın firma adından özgəsinin qanunsuz istifadə etməsi» adlı 197-1 maddəsi daxil edilsin;
-AR Cinayət Məcəlləsinə «Sahibkarın kommersiya işarəsindən özgəsinin qanunsuz istifadə etməsi» adlı 197-2 maddəsi daxil edilsin;
-AR Cinayət Məcəlləsinin 199-cu maddəsinin dispozisiyasındakı qeyri-dəqiqliyi aradan qaldırmaq üçün «bazar» anlayışının «əmtəə bazarı» anlayışı ilə əvəz olunsun və həmin maddənin 1-ci və 2-ci bəndlərinin sanksiyalarına əmlak müsadirəsi əlavə cəza növü daxil edilsin;
-AR Cinayət Məcəlləsinə «Dempinqdən istifadə etmə» adlı 199-1 maddəsi daxil edilsin;
-əmtəə bazarında korrupsiyanın qarşısını almaq üçün, AR Cinayət Məcəlləsinə «Əmtəə bazarını inhisarlaşdırmaq üçün şəxsləri ələ alma» adlı 199-2 maddəsi daxil edilsin;
-vahid məhkəmə təcrübəsi yaratmaq, cinayət qanunvericiliyini eyni cür başa düşmək və tətbiq etmək, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılmasında qanun pozuntularına və nöqsanlara yol verilməsinin qarşısını almaq üçün, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarların hüquq və mənafelərinə qəsd edən cinayət işlərinə baxılarkən məhkəmələr tərəfindən cinayət qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında qərarın qəbul edilməsi vacibdir.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyətinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, müəllifin gəldiyi nəticələr, onun təklif və tövsiyələri sahibkarlığın cinayət-hüquqi müdafiəsinə yönələn hüquq normalarının praktikada tətbiqi zamanı, qanuni sahibkarlıq fəaliyyətinə mane olma, saxta əmtəə nişanlı pirat mal istehsalı və inhisarçılıq kimi cinayətlərlə mübarizədə istifadə edilə bilər.
Dissertasiya işinin materialları, müddəaları və nəticələri gələcək elmi-praktik araşdırmalar üçün əsas ola bilər. Hesab edirik ki, bütövlükdə tədqiqatdan doğan və formulə edilən müddəalar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qarşı törədilən cinayət əməlləri ilə uğurlu cinayət-hüquqi mübarizə aparmağa, qanunun ədalətli və düzgün tətbiqinə, nəticə etibarı ilə respublikada qanunçuluq rejiminin möhkəmlənməsinə xidmət edəcəkdir.
Tədqiqatın nəticələrinin aprobasiyası. Dissertasiya işi Odlar Yurdu Universitetinin “Mülki hüquq, cinayət hüququ və cinayət prosesi” kafedrasında yerinə yetirilmişdir. İşin əsas nəzəri müddəaları qanunvericiliyin və məhkəmə praktikasının təkmilləşdirilməsinə dair təkliflərin çap edildiyi elmi məqalələrdə geniş şərh edilmişdir.
Tədqiqat işinin nəticəsi təkliflər formasında AR Milli Məclisinə 23.05.2008-ci il tarixli məktubla təqdim olunmuşdur və AR Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən 14.11.2008-ci il tarixli, 05-1-124 â„–-li cavab məktubu göndərilərək, AR Cinayət Məcəlləsinə dəyişikliklər edilərkən həmin təkliflərin nəzərə alınacağı bildirilmişdir.
Tədqiqat işinin strukturu giriş hissəsindən, tədqiqatın əsas məsələlərini əhatə edən üç fəsildən, nəticə hissəsindən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
DİSSERTASİYA İŞİNİN ƏSAS MƏZMUNU

Dissertasiya işinin giriş hissəsində mövzunun aktuallığı, tədqiqatın predmeti, məqsəd və vəzifələri şərh edilir, dissertasiyanın elmi yeniliyi, müdafiəyə çıxarılan əsas müddəalar, tədqiqatın nəticələrinin aprobasiyası, habelə onun elmi-nəzəri və praktik əhəmiyyəti xarakterizə olunur.
«İqtisadi fəaliyyət sahəsi olan sahibkarlıq fəaliyyəti hüquqi tənzimetmənin obyekti kimi» adlanan birinci fəsil üç paraqrafdan ibarətdir.
Birinci fəslin birinci paraqrafı iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin ümumi xarakteristikasına və təsnifinə həsr olunmuşdur.
Bu fəsildə qeyd olunur ki, azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın qəbul edilməsi cinayət qanunvericiliyinin sahibkarlıq hüququnu müstəqil hüquqi-tənzimetmə obyekti kimi tanımasını şərtləndirmişdir. Belə ki, AR Cinayət Məcəlləsi ilk dəfə olaraq «iqtisadi fəaliyyət sahəsində olan cinayətlər» adlı ayrıca fəsil (24-cü fəsil), bu fəsil çərçivəsində isə «qanuni sahibkarlıq fəaliyyətinə mane olma» (AR Cinayət Məcəlləsinin 190-cı maddəsi), “əmtəə nişanlarından qanunsuz istifadə etmə” (AR Cinayət Məcəlləsinin 197-ci maddəsi), inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma (AR Cinayət Məcəlləsinin 199-cu maddəsi) kimi xüsusi, ayrıca cinayət tərkibləri müəyyənləşdirmişdir.
İqtisadi fəaliyyət sahəsində törədilən cinayətlər əmtəələrin (o cümlədən əmtəənin xüsusi növü olan xidmətlərin) istehsalı, mübadiləsi, bölgüsü və istehlakını təmin edən münasibətlərə qəsd edən ictimai təhlükəli əməllərdir. AR Cinayət Məcəlləsinin 24-cü fəslinə daxil olan cinayət hüquq normaları da məhz həmin münasibətləri cinayət-hüquqi tənzimləmək və onları cinayətkar qəsdlərdən qorumaq məqsədinə xidmət edir.
İqtisadi fəaliyyət sahəsində törədilən cinayətləri iqtisadi fəaliyyətin sahəsi (qəsdin bilavasitə obyekti) kimi əlamətə əsasən beş qrupa bölmək olar: 1) sahibkarlıq və iqtisadi fəaliyyətin digər sferalarında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 190, 191, 192, 193, 194-cü maddələri); 2) kredit münasibətləri sferasında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 195, 196, 210, 211 və 212-ci maddələri); 3) azad və vicdanlı rəqabəti təmin edən münasibətlər sahəsində törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 197,199, 201 və 202-ci maddələri); 4) maliyyə münasibətləri sahəsində törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 203, 204, 205 və 213-cü maddələri); 5) xarici iqtisadi fəaliyyət və gömrük nəzarəti sferasında törədilən cinayətlər (AR Cinayət Məcəlləsinin 206, 207, 208 və 209-cu maddələri).
Sahibkarlıq sferasında olan cinayətlər iqtisadi cinayətin əsas növlərindən biridir və iqtisadi fəaliyyətin sahibkarlıq sferasında maraq və mənafeyini təmin edən ictimai münasibətlərə qəsd edir. Sahibkarlıq sferasında olan cinayətlər dedikdə, qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təmin edən ictimai münasibətlərə bilavasitə qəsd edən əməllər başa düşülür.
Birinci fəslin «Sahibkarlıq fəaliyyətinin xarakteristikası və əsas hüquqi əlamətləri» adlanan ikinci paraqrafında sahibkarlıq fəaliyyətinin rolu, əhəmiyyəti və hüquqi əlamətləri qeyd edilər. Göstərilir ki, Sovet dövründə bizim ölkəmizdə qadağan edilmiş sahibkarlıq fəaliyyətinin, müstəqillik dövründə həyata keçirilməsinə icazə verən ilk rəsmi sənəd 1992-ci il 15 dekabr tarixli «Sahibkarlıq fəaliyyəti haqqında» Qanun hesab edilir ki, bu qanunun 1-ci maddəsində Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq sahibkarlıq fəaliyyətinin leqal anlayışı formulə edilirək göstərilir ki, sahibkarlıq fəaliyyəti, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
Sahibkarlıq fəaliyyəti ona yaxın olan anlayışlardan (iqtisadi fəaliyyətdən, təsərrüfat fəaliyyətindən, biznes fəaliyyətindən, kommersiya fəaliyyətindən və s.) öz hüquqi əlamətləri ilə fərqlənir. Maddi və qeyri-maddi nemətlər yaratmaq, peşəkarlıq, müstəqil surətdə həyata keçirilmək, texniki-təşkilati xarakterli yeniliklərdən istifadə etməklə mənfəət götürmək məqsədinə xidmət etmək, riskli fəaliyyət olmaq və leqal surətdə həyata keçirilmək sahibkarlığın hüquqi əlamətləri sayılır. Bunlardan başqa, tədris və elmi ədəbiyyat səhifələrində sahibkarlığın məqsədyönlü, sistemli və təşəbbüskarlıq fəaliyyəti olması kimi əlamətləri də formulə edilir.
Qeyd olunur ki, sahibkarlıq fəaliyyəti müstəqil olması ilə xarakterizə olunur ki, onu şərti olaraq sahibkarın əmlak və təşkilati müstəqilliyi kimi iki yerə bölmək olar. Əmlak müstəqilliyi sahibkarın ayrıca əmlaka malik olması ilə müəyyən olunur və həmin əmlak sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün maddi baza rolunu oynayır. Təşkilati müstəqillik isə, sahibkarlıq fəaliyyəti prosesində müstəqil qərarlar (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, fəaliyyət növünü seçmək, təşkilati-hüquqi formanı müəyyənləşdirmək, təsisçilərin dairəsini təyin etmək və digər məsələlər barədə qərarlar) qəbul etmək imkanı deməkdir.
Birinci fəslin «Azərbaycan Respublikasında və xarici ölkə qanunvericiliklərində sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin xüsusiyyətləri» adlanan üçüncü paraqrafında göstərilir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsində aparıcı yer konstitusiya hüququna məxsusdur ki, bu hüquq sahəsi həmin fəaliyyətin əsas və başlıca prinsiplərini müəyyənləşdirir, ona qanuni status verərək, konstitusion səviyyədə leqallaşdırır. Belə ki, Konstitusiyanın 59-cu maddəsinə görə hər kəs qanunda nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Burada bir tərəfdən sahibkarlıq fəaliyyətinin azadlığı (azad sahibkarlıq fəaliyyəti) kimi fundamental prinsip formulə edilir, digər tərəfdən sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanı kimi subyektiv konstitusion iqtisadi hüquq təsbit olunur.
Mülkiyyətin müxtəlif növlərinin (formalarının) tanınması, onun heç bir növünə üstünlük verilməməsi və mülkiyyət növlərinin bərabər surətdə (bir bərabərdə) müdafiə olunması kimi konstitusion prinsip Konstitusiyanın 29-cu maddəsində təsbit olunaraq mülkiyyətçi statusu olan sahibkarların mənafeyini diskriminasion hərəkətlərdən qorumağa yönəlmişdir. Eyni zamanda iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi sahibkarlığın inkişafını təmin edən əsas konstitusion prinsip olub, Konstitusiyanın 15-ci maddəsində birbaşa formulə edilmişdir. Həmin maddəyə görə Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir ki, burada barəsində danışdılan prinsip ifadə olunmuşdur.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində müstəqil hüquq sahələrindən biri olan inzibati hüquq da iştirak edir. İnzibati hüququn üzərinə düşən əsas vəzifələrdən (funksiyalardan) biri sahibkarlıq fəaliyyəti subyektlərinin legitimləşdirilməsi prosedurunu tənzimləməkdən ibarətdir. Sahibkarlıq fəaliyyəti subyektlərinin legitimləşdirilməsi isə onların dövlət qeydiyyatına alınması vasitəsilə həyata keçirilir. Eyni zamanda inzibati hüququn nizamasalma predmetinə həm də sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı olaraq yaranan münasibətlər daxildir.
Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsində mülki hüquq vacib rol oynayır. Belə ki, o, sahibkarlıq fəaliyyətini özünün nizamasalma komponentlərindən biri hesab edir. Təsadüfi deyildir ki, AR Mülki Məcəlləsinin 13-cü maddəsi sahibkarlıq fəaliyyətinin normativ definasiyasını formulə edərək, onu xarakterizə edən əsas hüquqi əlamətləri və iqtisadi parametrləri müəyyənləşdirir. Mülki hüquqa daxil olan elə hüquq normaları vardır ki, bu normalar bazarda inhisar vəziyyəti yaratmağın qarşısını alır, habelə haqsız rəqabəti məhdudlaşdırır.
Öz məzmununa görə kifayət dərəcədə geniş anlayış olan sahibkarlıq fəaliyyəti həm də ekologiya, maliyyə və əmək hüququ kimi vacib sahələrlə tənzimlənir ki, həmin sahələr bunun üçün özünəməxsus hüquqi mexanizmlər nəzərdə tutur.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində cinayət hüququ xüsusi rol oynayır. Bu hüquq sahəsi özünəməxsus spesifik cinayət-hüquqi vasitə və metodlarla onu qoruyur və müdafiə edir.
Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyətini tənzimləyən və hüququn ayrı-ayrı sahələrinə (məsələn, konstitusiya hüququna, maliyyə hüququna, inzibati hüquqa və s.) aid olan hüquq normaları, əsasən qanunlarda cəmləşmişdir. Bununla yanaşı, həmin normalar digər normativ-hüquqi aktlarda da öz ifadəsini tapır ki, onlar arasında Prezident fərmanlarının əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Sahibkarlığın inkişafına prioritet diqqət yetirən AR Prezidenti bu sahədə bir sıra fərmanlar imzalamışdır ki, onlar sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsində və mühafizəsində fəal iştirak edirlər.
Sahibkarlıq fəaliyyəti həm də xarici ölkələrin hüququnun hüquqi-tənzimetmə obyektini təşkil edir. Xarici ölkə qanunvericiliklərinə görə sahibkarlıq dövriyyəsinin subyektləri və bu fəaliyyəti həyata keçirən şəxslər sahibkar kimi tanınaraq fərdi və kollektiv kommersantlar adlı iki qrupa bölünürlər. Fərdi şəxslər sayılan fərdi kommersantlar qrupuna müəssisə mülkiyyətçisi olan və ayrıca sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər aiddir ki, onlar əsasən iqtisadiyyatın nisbətən az kapital tələb edən sektorlarında əmtəə istehsalı və satışı, iş görülməsi və xidmətlər göstərilməsi ilə məşğul olurlar. Kollektiv kommersantlar qrupuna isə sahibkarların ticarət ortaqlığının ayrı-ayrı təşkilati-hüquqi formaları çərçivəsində fəaliyyət göstərən və hüquqi şəxs statusu olan müxtəlif növ birlikləri aiddir. Bəzi hallarda dövlət də xüsusi növ kommersant kimi tanınır.
Qeyd olunur ki, dünyada mövcud olan milli hüquq sistemləri üçün bir tərəfdən müstəqil sahibkarlıq kimi peşə (sənət) şəklində əmtəə istehsal edən və satan, xidmət göstərən və iş görən kommersantların fəaliyyətini tənzimləyən, digər tərəfdən kommersantların bağladıqları ticarət və ya kommersiya əqdlərini nizamlayan hüquq normalarının mövcudluğu xarakterikdir.
Dissertasiya işinin ikinci fəsli «Azad sahibkarlıq hüququnun cinayət-hüquqi mühafizəsi» adlanır. Bu fəsil üç paraqrafdan ibarətdir.
«Sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi mühafizəsinin mahiyyəti» adlanan ikinci fəslin birinci paraqrafında göstərilir ki, cinayət hüququ qoruyucu və tənzimləyici funksiyanı yerinə yetirir. Bu mənada cinayət hüququ sahibkarlıq fəaliyyətini həm qoruyur (müdafiə edir), həm də tənzimləyir; sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi tənzimlənməsi həmin münasibətlərin cinayət-hüquqi qorunma üsulu və formasıdır. Digər tərəfdən cinayət hüququ sahibkarlıq münasibətlərinə qəsd edən şəxslər üçün cəza çəkmək vəzifəsi, dövlət üçün isə həmin şəxslərə cəza vermək hüququ müəyyənləşdirir.
Qeyd olunur ki, dissertasiya işində əsas diqqət sahibkarlıq fəaliyyətinə qəsd edən və onun inkişafı üçün böyük ictimai təhlükə törədən üç əməlin cinayət-hüquqi təhlilinə yönəlmişdir: qanuni sahibkarlıq fəaliyyətinə mane olma (AR Cinayət Məcəlləsinin 190-cı maddəsi), əmtəə nişanlarından qanunsuz istifadə etmə (AR Cinayət Məcəlləsinin 197-ci maddəsi), inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma (AR Cinayət Məcəlləsinin 199-cu maddəsi).
Azad sahibkarlıq hüququnun həyata keçirilməsinə mane olma həmin əməllərdən biri olub, sahibkarlıq fəaliyyətinin subyektlərinə – fərdi sahibkarların və ya kommersiya təşkilatlarının hüquq və mənafelərinə mühüm zərər vurur, onların qanuni fəaliyyət göstərmələri ilə bağlı olaraq əmələ gələn münasibətlərə qəsd edir. Buna görə də azad sahibkarlıq kimi subyektiv konstitusion hüququ cinayət-hüquqi müdafiə ilə təmin etmək məqsədilə AR Cinayət Məcəlləsinin 190-cı maddəsi cinayət məsuliyyəti nəzərdə tutur ki, bu məsuliyyət qanuni sahibkarlıq fəaliyyətinə mane olan hər bir şəxs barəsində müvafiq cinayət-hüquqi sanksiyalar tətbiq olunmasını müəyyənləşdirir. Sahibkarlıq fəaliyyətinə qəsd edən və sahibkarlara zərər vuran ikinci təhlükəli əməl özgə sahibkarların əmtəə nişanından (coğrafi göstəricilərindən) istifadə etməklə əmtəələrin saxtalaşdırılması – saxta əmtəələr istehsalı hesab edilir ki, bu əməl haqsız rəqabətin və hüquqazidd kommersiya praktikasının üsullarından biridir. Bu əməlin mahiyyəti ayrı-ayrı istehsalçıların fərdiləşdirmə vasitəsi sayılan əmtəə nişanının əsl, qanuni sahibi olan sahibkarın icazəsi olmadan, ondan istifadə edərək saxta mallar hazırlamaqdan (saxta əmtəə nişanlı pirat mallar istehsal etməkdən) və onları bazarda realizə etməkdən ibarətdir. Bazarın inhisarlaşdırılması sahibkarlıq fəaliyyətinin inkişafı üçün böyük təhlükə törədən, bu fəaliyyətin geniş səviyyədə və normal həyata keçirilməsinə mane olan və ona mühüm zərər vuran üçüncü cinayət əməli sayılır ki, bu əməldən ilk növbədə vicdanlı sahibkarlar zərər çəkirlər. Bu əməl korrupsiyanın çiçəklənməsinə, inflyasiyanın artmasına, ayrı-ayrı qanunsuz biznes işbazlarının külli miqdarda varlanmasına və mənfəət götürməsinə, nəhayət, vicdanlı sahibkarların müflisləşməsinə səbəb olur.
İkinci fəslin ikinci paraqrafı «Fərdi sahibkarlığın cinayət-hüquqi mühafizəsi məsələləri» adlanır. Burada göstərilir ki, AR Cinayət Məcəlləsinin qanuni sahibkarlıq fəaliyyətinə mane olmağa görə məsuliyyət nəzərdə tutan 190-cı maddəsi, kollektiv sahibkarlıqla yanaşı azad sahibkarlıq hüququnun daşıyıcısı olan fərdi sahibkarların konstitusion maraq və mənafelərinin cinayət-hüquqi müdafiəsinə yönəlmişdir ki, onlar sahibkarlıq fəaliyyətinin əsas subyektlərindən biridir.
Burada AR Cinayət Məcəlləsinin 190-cı maddəsi ilə nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinə mane olma cinayət əməlinin obyektiv tərəfi geniş işıqlandırılır və bildirilir ki, mane olma həm hərəkətin, həm də hərəkətsizliyin vasitəsilə həyata keçirilə bilər və cinayətkar fəaliyyətin bir neçə alternativ formasında öz ifadəsini tapa bilər: 1) fərdi sahibkarın qeydiyyatından qanunsuz olaraq imtina etmə; 2) fərdi sahibkarın qeydiyyatından boyun qaçırma; 3) müəyyən fəaliyyət növünü həyata keçirmək üçün fərdi sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə; 4) müəyyən fəaliyyət növünü həyata keçirmək üçün fərdi sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsindən boyun qaçırma; 5) fərdi sahibkarın hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma; 6) fərdi sahibkarın müstəqilliyini qanunsuz məhdudlaşdırma; 7) fərdi sahibkarın fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə.
Müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə əməli öz məzmununa və xarakterinə görə fərdi sahibkarın dövlət qeydiyyatından imtina edilməsinin eynidir.
Bildirilir ki, fərdi sahibkarların qanuni sahibkarlıq fəaliyyətinə vəzifəli şəxslərin mane olmasından alternativ olaraq iki kateqoriya şəxslər ziyan çəkir ki, bunlara aiddir: 1) fərdi sahibkar statusu olan fiziki şəxslər; 2) özlərini fərdi sahibkar kimi dövlət qeydiyyatına aldırmaq üçün qeydiyyat orqanına (vergi orqanlarına) müraciət edən və bundan ötrü lazımi sənədlər təqdim edən və ya sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) almaq məqsədilə səlahiyyətli dövlət orqanlarına müraciət edən fiziki şəxslər.
İkinci fəslin üçüncü paraqrafı «Kollektiv sahibkarlığın cinayət-hüquqi mühafizəsi problemləri» adlanır. Burada göstərilir ki, cinayət hüququ fərdi sahibkarlıq kimi kollektiv sahibkarlıq fəaliyyətini də cinayət-hüquqi müdafiə ilə təmin edir və bu yolla onun cinayət-hüquqi tənzimlənməsini həyata keçirir.
Kollektiv sahibkarlıq dedikdə, kommersiya təşkilatlarının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti başa düşülür ki, o üç əsas təşkilati-hüquqi formada yaradılır: 1) təsərrüfat ortaqlığı təşkilati-hüquqi formasında (tam ortaqlıq, kommandit ortaqlığı); 2) təsərrüfat cəmiyyəti təşkilati-hüquqi formasında (məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti); 3) kooperativ təşkilati-hüquqi formasında.
Bildirilir ki, azad sahibkarlıq fəaliyyətinin daşıyıcıları özündə yalnız fərdi sahibkarları və kommersiya təşkilatlarını birləşdirmədiyinə görə bəzi qurumların (subyektlərin) sahibkarlıq hüququ cinayət-hüquqi müdafiə ilə təmin olunmur, cinayət-hüquqi mühafizə (tənzimetmə) tədbirlərindən kənarda qalır. Belə ki, sahibkarlıq fəaliyyəti fərdi sahibkarlardan və kommersiya təşkilatlarından (kommersiya hüquqi şəxslərindən) başqa, həm də qeyri-kommersiya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Əgər qeyri-kommersiya hüquqi şəxsləri fəaliyyət məqsədlərinə və istiqamətlərinə uyğun gələn sahibkarlıq fəaliyyətini həyata keçirərlərsə, bu zaman onlar kommersiya təşkilatları kimi azad sahibkarlıq hüququnun daşıyıcısı olaraq tanınır və sahibkarlıq fəaliyyətinin subyekti hesab edilirlər. Söz yox ki, belə halda onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin cinayət-hüquqi müdafiə ilə təmin edilməsinə ehtiyac yaranır və AR Cinayət Məcəlləsinin 190-cı maddəsi həm də qeyri-kommersiya hüquqi şəxslərinin qanuni sahibkarlıq fəaliyyətinə mane olmağa görə məsuliyyət nəzərdə tutmalıdır.
Eyni zamanda, məsələn, təsərrüfat subyektləri yaradıldıqda və ya onların qoşulması, ləğv edilməsi yeni təsərrüfat subyektlərinin meydana gəlməsinə gətirib çıxardıqda, antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanından (yəni İqtisadi İnkişaf Nazirliyindən) qabaqcadan icazə alınmalıdır («Antiinhisar fəaliyyəti haqqında» Qanunun 13-cü maddəsi). Əgər qoşulma, birləşmə və yenidən təşkil olunma nəticəsində təsərrüfat subyektinin bazardakı xüsusi çəkisi 35 %-ə çatarsa, qeyd olunan orqandan icazə (razılıq) alınması tələb edilir. Bu kimi qaydanın müəyyən edilməsi bazar subyektlərinin inhisarçılıq fəaliyyətinin qarşısını almaq məqsədinə xidmət edir. Buna görə də müasir dövrdə bazar iqtisadiyyatı ölkələrində, o cümlədən Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılmasının icazəvermə qaydasından istifadə olunur.
Əgər səlahiyyətli dövlət orqanı (İqtisadi İnkişaf Nazirliyi) qanunun tələblərini pozaraq, sahibkarlıq fəaliyyəti subyektinin (kommersiya təşkilatının) yaradılması üçün qabaqcadan icazə (razılıq) verilməsindən əsassız olaraq imtina edərsə və ya onun verilməsindən əsassız olaraq boyun qaçırarsa, bu hüquq pozuntusu cinayət hesab edilməli və qanuni sahibkarlıq fəaliyyətinə mane olan əməl kimi qiymətləndirilməlidir.
Tədqiqat işinin «Sahibkarlığın haqsız və hüquqazidd kommersiya praktikasından (rəqabətdən) cinayət-hüquqi mühafizəsinin xarakteristikası» adlanan üçüncü fəsli üç paraqrafdan ibarətdir.
«Hüquqazidd kommersiya praktikası (rəqabəti) və onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə təsirinin cinayət-hüquqi təhlili» adlanan üçünçü fəslin birinci paraqrafında sahibkarlıq fəaliyyətinə qəsd edən və sahibkarların mənafeyini pozan hüquqazidd kommersiya praktikasının mahiyyəti açıqlanır və onun təzahür formları (üsulları) göstərilir.
Hüquqazidd (haqsız) kommersiya praktikası dedikdə, xüsusi (qeyri-dövlət) sahibkarlıq səviyyəsində həyata keçirilən qeyri-vicdani elə işgüzar fəaliyyət başa düşülür ki, bu fəaliyyət sağlam kommersiyadan kənara çıxmaya, ondan uzaqlaşmaya səbəb olur. Belə praktika dövlət səviyyəsində yox, kommersiya-sahibkarlıq fəaliyyətinin bilavasitə iştirakçıları tərəfindən həyata keçirilir. Məhz bu cəhət haqsız kommersiya praktikasının mövcud olan müxtəlif təzahür formalarını birləşdirir. Həmin formalara (üsullara) aid edilir: 1) məhdudlaşdırıcı işgüzar praktika, hər şeydən əvvəl bazarın inhisarlaşdırılması (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma); 2) əmtəələrin saxtasını düzəltmə (əmtəə hazırlama) və əmtəələrin saxtalaşdırılması; 3) korrupsiya və sahibkarların istehsal etdiyi əmtəələrin bazarda hərəkətinin asılı olduğu məmurları pulla ələ alma və s.
Göstərilir ki, haqsız kommersiya praktikası ilk növbədə sahibkarlıq fəaliyyəti subyektlərinə – sahibkarlara ziyan vurur, normal kommersiyanı (sahibkarlığı) həm milli səviyyədə, həm də beynəlxalq səviyyədə pozur, onun inkişafına mane olur. Odur ki, sahibkarlıq fəaliyyəti cinayət xarakterli kommersiya praktikasından müdafiə olunur. Belə ki, AR Cinayət Məcəlləsinin 24-cü fəslində ifadə olunan bir sıra normalar haqsız kommersiya praktikasının ayr

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO