"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Cinayət təqibi subyektlərinin ibtidai araşdırma mərhələsində prosessual vəziyyəti

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTU

Əlyazması hüququnda

Xəlilov Fərdin Yaşar oğlu

Cinayət təqibi subyektlərinin ibtidai araşdırma mərhələsində prosessual vəziyyəti

12.00.09 – Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın A V T O R E F E R A T I

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirilmişdir.

Elmi rəhbər:
hüquq elmləri doktoru
M.Ə. Cəfərquliyev
Rəsmi opponentlər:
hüquq elmləri doktoru
C.İ. Süleymanov
hüquq elmləri namizədi, dos.
F.M. Abbasova
Aparıcı təşkilat:
Milli Aviasiya Akademiyası

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın müdafiəsi «___» __________ 2009-cu il tarixdə saat __-__ da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki N. 02.013 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.
Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında tanış olmaq olar.

N. 02.013 Dissertasiya Şurasının
Elmi katibi, h.e.n, dos.
X.Ə. Bayramzadə

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin üstünün açılması və onları törətmiş şəxslərin mühakimə edilməsi sahəsində də özünün müstəqil yolunu seçdi. Mövcud ictimai-siyasi və tarixi şərait yeni dövləti keçid dövrünə saldı, təsadüfi deyildir ki, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə referendum yolu ilə qəbul edilmiş Konstitusiyası da keçid dövrünün konstitusiyası kimi xarakterizə edilmişdir. Bu hadisəni milli cinayət mühakimə icraatı konsepsiyasının formalaşmasının başlanğıcı kimi qiymətləndirmək olar, çünki məhz 1995-ci il Konstitusiyası ilə Azərbaycan Respublikası özü üçün milli cinayət mühakimə icraatının əsas prinsiplərini müəyyən etdi.
Milli cinayət mühakimə icraatı konsepsiyasının formalaşması prosesinin növbəti mütərəqqi mərhələsi 2000-ci ilə əsadüf edir, məhz həmin ildə Azərbaycan Respublikasının yeni Cinayət və Cinayət-Prosessual məcəllələri qəbul edildi. Amma milli parlamentarilərimizin də etiraf etdiyi kimi, qanun yaradıcılığında beynəlxalq təcrübədən istifadə ilə yanaşı, bəzən qanunların sadəcə tərcümə edilməsi hallarına da yol verilirdi. Bu hal, öz növbəsində, müstəqil dövlətin qanunvericilik bazasında müəyyən qədər boşluqların və daxili ziddiyyətlərin mövcud olmasına şərait yaradırdı.
2000-ci ildən indiyə kimi isə milli cinayət mühakimə icraatı konsepsiyasnının formalaşmasının növbəti (təkmilləşdirilmə) mərhələsi davam etməkdədir. Məhz bu mərhələdə qanun yaradıcılığı fəaliyyətinə elmi yanaşmanın rolunu daha da artırmaqla cinayət mühakimə icraatı sahəsinə gətirilmiş yeni və əvvəllər mövcud olan institutların dəqiq təhlili aparılmalı və onların arasından işlək və mütərəqqi olanları seçilməklə, qeyri-işlək və cinayət mühakimə icraatının milli konsepsiyasına yad olan institutlar aradan qaldırılmalıdır.
Milli cinayət mühakimə icraatının formalaşmasının yekun mərhələsinin özünün və ən əsası, onun nəticələrinin nə dərəcədə effektiv olacağı məhz konsepsiyanın təkmilləşdirilməsi mərhələsindən asılıdır. Qeyd etdiyimiz kimi, ölkəmizdə hüquqi islahatların həyata keçirildiyi, Azərbaycan Respublikasında Avropa standartlarına uyğun gələn bir sıra qanunların, o cümlədən: «Prokurorluq haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında», «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» qanunların və həmçinin, yeni cinayət-prosessual qanunvericiliyinin qəbul edildiyi bir şəraitdə cinayət təqibi subyektlərinin ibtidai araşdırma mərhələsində səlahiyyətləri, fəaliyyət istiqamətləri, hüquq və vəzifələrinin icrası ilə bağlı meydana çıxan prosessual problemlərinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Cinayət-Prosessual Məcəlləsi özü-özlüyündə əvvəlki cinayət-prosessual qanunvericilikdən, həmçinin cinayət prosesində «cinayət təqibi subyektləri»nin prosessual vəziyyəti, onların hüquq və vəzifələri də əvvəlki qanunvericilikdəki səlahiyyətlərdən köklü surətdə fərqlənir, məhz bu da elmi tədqiqat üçün seçilmiş mövzunun aktual olmasına bir daha dəlalət edir. Bundan başqa, cinayət təqibi anlayışına və cinayət təqibi orqanlarına dair AR CPM-də müəyyən olunmuş normalar hüquq nəzəriyyəsi baxımından təhlil edilməli, ittiham funksiyasının anlayışı verilməli, ittihamın növləri və cinayət prosesinin ibtidai araşdırma mərhələsində ittiham tərəfindəki proses iştirakçılarının statusu ilə bağlı problemlər nəzərdən keçirilməli və bir sıra digər məsələlər şərh edilməlidir. Tədqiqat işində yeni cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş: «cinayət təqibi» və «cinayət təqibi üzərində məhkəmə nəzarəti» adlı iki yeni institutun birlikdə təhlilinin aparılması, ilk öncə bu institutların subyektlərinin prosessual vəziyyəti başda olmaqla, digər elementlərinin də araşdırılması və tədqiqatın bütövlükdə milli cinayət mühakimə icraatı konsepsiyasının təkmilləşdirilməsinə yönəldilməsi bir daha tədqiqat üçün adı çəkilən mövzunun seçilməsini zəruri etmişdir.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti qismində cinayət təqibi üzrə fəaliyyətlə əlaqədar cinayət prosesi subyektlərinin yaratdığı, daxil olduğu və cinayət-prosessual qanunvericiliklə tənzim edilməsi tələb edilən hüqüq münasibətləri çıxış etmişdir.
Tədqiqatın predmetini araşdırılan problemlərə həsr olunmuş ümumi və xüsusi hüquq ədəbiyyatları, Azərbaycan Respublikasının və bir sıra xarici dövlətlərin cinayət-prosesual qanunveriliciliyi və digər normativ-hüquqi aktları, habelə beynəlxalq hüquqi aktlar, rəsmi statistik məlumatlar təşkil edir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycan Respublikasının cinayət mühakimə icraatı sistemində «cinayət təqibi» institutunun yerini, məqsədlərini, əhəmiyyətini və onun normativ qaydada tənzimlənməsinin təkmilləşdirilməsi konsepsiyasını müəyyən etmək; bir prosessual fəaliyyət kimi cinayət təqibinin cinayət prosesinin müxtəlif mərhələlərində və xüsusilə də ibtidai araşdırma mərhələsində həyata keçirilməsinin xüsusiyyətlərini müəyyən etmək; cinayət təqibi subyektlərinin dairəsini müəyyən etmək, onları təsnifləşdirmək və prosessual statuslarının xüsusiyyətlərini araşdırmaq; cinayət təqibi subyektlərinin prosessual statusunu tənzim edən qanun normalarının təkmilləşdirilməsi, onların cinayət təqibinə dair təcrübi fəaliyyətinin səmərəliləşdirilməsinin yeni yollarını müəyyən etmək; cinayət təqibi subyektlərinin fəaliyyətinə prosessual nəzarətin mahiyyətini və normativ tənzimetmə aspektindən inkişaf prespektivlərini müəyyən etmək və bu sahədə digər zəruri olan məsələlərdən ibarətdir.
Tədqiqat işinin metodoloji, nəzəri və emprik əsasları. Dissertasiyada qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq elmi-tədqiqat metodlarından istifadə edilmişdir. Belə ki, elmi tədqiqat aparılan zaman məntiqi idrak metodundan, müqayisəli tədqiqat metodundan, sistemli-struktur metodundan, tarixi yanaşma metodundan və elmi-idrakın bir sıra digər metodlarından geniş istifadə edilmişdir.
Cinayət-prosessual hüququ sahəsində aparılmış çoxsaylı elmi tədqiqat işləri, M.Ə. Cəfərquliyev, C.H. Mövsümov, C.İ. Süleymanov, X.R. Vəliyev, F.Y. Səməndərov, F.M. Abbasova kimi milli, M.S. Stroqoviç, V.İ. Baskov, A.P. Qulyayev, K.F. Qutsenko, Z.D. Yenikeyev, A.M. Larin, Y.Y. Vinokurov, R.D. Raxunov və bir sıra digər məşhur əcnəbi alimlərin elmi əsərləri dissertasiyanın nəzəri bazasını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, Cinayət Məcəlləsi, «Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında», «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında», «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar tədqiqatın normativ əsası kimi çıxış edir.
Tədqiqatın aparılması zamanı cinayət təqibini həyata keçirən orqanların təcrübi fəaliyətini əks etdirən rəsmi statistik məlumatlar, məhkəmə və istintaq orqanlarının əməkdaşları ilə aparılan şifahi söhbətlər və öyrənilmiş cinayət işləri tədqiqatın emprik bazasını təşkil etmişdir.
Tədqiqatın elmi yeniliyi və müdafiəyə çıxarılan əsas müddəalar. Tədqiqat işinin elmi yeniliyi onunla müəyyən olunur ki, o, yeni Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş, cinayət mühakimə icraatının mühüm tərkib hissələrindən biri olan cinayət təqibinin mahiyyəti və həyata keçirilməsi qaydası ilə cinayət təqibi subyektlərinin prosessual vəziyyəti problemlərinin kompleks araşdırılmasına həsr olunmuş ilk tədqiqat əsərlərindən biridir.
Dissertasiya işinin elmi yeniliyi eyni zamanda ondan ibarətdir ki, ilk dəfə olaraq cinayət təqibi subyektlərinin anlayışı, tərkibi, prosessual statusu, onların hüquq və vəzifələrinin realizəsi prosesində yaranan problemlər, cinayət təqibinə dair fəaliyyətə prosessual nəzarət institutu və cinayət təqibinin optimallaşdırılması yolları kimi məsələlərlə kompleks şəkildə şərh edilmiş və bu məsələlərin səmərəli həllinə yönəlmiş təklif və tövsiyələr verilmişdir.
Aparılmış araşdırmalar nəticəsində müəllif mühüm nəzəri və təcrübi əhəmiyyətə malik olan bir sıra aktual məsələlərin həllinin yeni yolları kimi aşağıdakı əsas müddəaları müdafiəyə çıxarmağı məqsədəuyğun sayır:
1. Cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş «cinayət təqibi» institutu cinayət əməlini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli yolu kimi göstərilir;
2. Cinayət təqibi institutu ifşaedici xarakter daşıyan, cinayət mühakimə icraatının məhkəməyədək və məhkəmə mərhələlərində həyata keçirilən ittiham funksiyasının əsas istiqamətlərini müəyyən edən, cinayətin törədilməsində təqsiri sübuta yetirilmiş şəxslərin barəsində cəza və ya digər cinayət-hüquqi təsir tədbirlərinin tətbiqini təmin edən prosessual fəaliyyət kimi təqdim olunur;
3. Cinayət-Prosessual Məcəllədə cinayət təqibinə həsr edilmiş xüsusi fəslin olmasına baxmayaraq, onu hər hansı xüsusiləşdirilmiş kateqoriya kimi qəbul etmək olmaz, əksinə, o, bütün digər cinayət-prosessual institutlarla sıx bağlıdır və onlarla qarşılıqlı əlaqədədir;
4. Cinayət təqibinin hüquqi əsası qismində CPM-in ayrı-ayrı normaları deyil, cinayət prosesinə həsr edilmiş bütün qanunvericilik çıxış edir;
5. Cinayət təqibi üzrə fəaliyyət öz gedişatı zamanı insan hüquqlarının qanunla müəyyən edilmiş qaydada və həddə məhdudlaşdırılmasına səbəb olan, sonda isə konkret şəxslər barəsində kifayət qədər ciddi nəticələrə gətirib çıxaran fəaliyyət olduğundan onun subyektlərinin dairəsi mümkün qədər məhdud olmalı və bu subyektlərin cinayət təqibinə dair hüquqları, vəzifələri və qanunsuz cinayət təqibinə görə məsuliyyəti maksimal dərəcədə dəqiq müəyyən edilməlidir;
6. Cinayət təqibi ifşaedici və ittihamedici xarakterli fəaliyyət olduğundan şübhəli və ya təqsirləndirilən şəxs statusu olmayan şəxslər barəsində həyata keçirilməsi yolverilməz və qanunazidd hal kimi qiymətləndirilir;
7. Həm cinayət-prosessual hüquq elmində, həm də təcrübi fəaliyyətdə cinayət təqibi üzrə icraatın aparılmasında hüquqi tənzimetmə məsələlərində hələ də bir sıra problemlərin olması, onların üzə çıxarılması və effektiv şəkildə aradan qaldırılması yolları nəzərə çatdırılır;
8. İbtidai araşdırma mərhələsində cinayət təqibinin həyata keçirilməsinə dair cinayət təqibi subyektlərinin fəaliyyəti qanunla müəyyən edilmiş müddətlərlə məhdudlaşdırılmışdır və bu müddətlər çərçivəsindən kənarda cinayət təqibinin həyata keçirilməsi yolverilməz hal kimi hesab edilir;
9. İbtidai araşdırmanın həyata keçirilməsi üzərində prokuror nazarətinin, habelə ibtidai araşdırma mərhələsində cinayət təqibinin həyata keçirilməsinə dair fəaliyyət üzərində məhkəmə nəzarətinin mahiyyəti, subyekti, predmeti, obyekti, vəzifələri, prosessual qaydası müqayisəli şəkildə şərh olunur.
Təcrübi və nəzəri əhəmiyyəti. Dissertasiya işində verilmiş təkliflər və əldə edilmiş nəticələrdən geniş şəkildə istifadə edilə bilər:
– AR CPM-in təkmilləşdirilməsi üzrə fəaliyyətdə;
– Cinayət təqibini həyata keçirən dövlət orqanlarının təcrübi fəaliyyətinin təkmilləşdirilməsində;
– Hüquqşünaslıq ixtisası üzrə təhsil verən və ya hüquq-mühafizə orqanlarına işə yeni qəbul olunmuş kadrların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin tədris prosesində.
İşin aprobasiyası. Dissertasiyanın əsas müddəa və nəticələri müəllif tərəfindən nəşr etdirilmiş tesiz və elmi məqalələrdə, prokurorluq orqanları əməkdaşları qarşısında edilmiş çıxışlarda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin ayrı-ayrı normalarının təkmilləşdirilməsinə dair tövsiyələr Azərbaycan Respublikasının Milli Məclisinin Aparatına təqdim edilmişdir.
Dissertasiyanın strukturu. Tədqiqatın məqsəd və vəzifələri onun strukturunu şərtləndirir. Dissertasiya girişdən, doqquz paraqrafı əhatə edən üç fəsildən, nəticədən, ədəbiyyat siyahısı və işə edilmiş əlavələrdən ibarətdir.

İŞİN ƏSAS MƏZMUNU

Dissertasiyanın «Giriş» hissəsində mövzunun aktuallığı, tədqiqatın obyekti və perdmeti, məqsəd və vəzifələri müəyyən edilmiş, metodoloji və nəzəri əsasları, elmi yeniliyi və müdafiəyə çıxarılan əsas müddəalar, təcrübi və nəzəri əhəmiyyəti səciyyələndirilmiş, aprobasiyası və strukturu barədə məlumat verilmişdir.
Dissertasiyanın I fəsli «Cinayət təqibi üzrə fəaliyyət» adlanır və iki paraqrafdan ibarətdir.
Bu fəslin «Cinayət təqibinin anlayışı və növləri» adlanan birinci pa-raqrafında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində cinayət təqibi institutunun inkişaf tarixinə nəzər salınmış, bu institutunun nəzəri anlayışı, məzmunu, xüsusiyyətləri və növləri barədə müxtəlif müəlliflər tərəfindən təklif edilmiş konsepsiyalara münasibət bildirilmiş, cinayət təqibinin normativ anlayışı təhlil edilmiş və müəllif tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklif formulə edilmişdir.
Azərbaycanda cinayət təqibi institutundan istifadə edilməsinə Sovet hakimiyyətinin ilk illərində qəbul edilmiş hüquqi aktların qəbul edilmə-si ilə başlanılmış, Azərbaycan SSR-in 1923-cü ildə qəbul edilmiş ilk Cinayət Üsuli-Mühakimə Məcəlləsində bu institutdan geniş istifadə edilmişdir. Azərbaycan SSR-in 1961-ci ildə qəbul edilmiş ikinci CPM-də «cinayət təqibi» institutundan normativ kateqoriya kimi imtina edilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 2000-ci ildə qəbul edilmiş yeni CPM-də bu instituta olan ehtiyac dərk edilmiş, onun normativ anlayışı verilmiş, ona iki müstəqil fəsil həsr olunmuş və CPM-in bir çox müddəalarının formulə edilməsində bu istituta müraciət edilmişdir.
Hüquq ədəbiyyatında cinayət təqibinə dair irəli sürülmuş konsepsi-yaların təhlili bu institutun aşağıdakı xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Cinayət təqibi cinayətə görə məsuliyyətin labüdlüyünün əsas təminat vasitəsidir. Cinayət təqibi ifşaedici və ittihamedici xarakte-rə malikdir, odur ki, qanunla cinayət təqibinə qarşı müdafiə olunmaq imkanı verilməyən şəxlər barəsində, yəni şübhəli və ya təqsirləndirilən şəxs statusu olmayan şəxslər barəsində həyata keçirilməməlidir. Cinayət təqibinin qanuni olması üçün o həm də yalnız belə fəaliyyəti həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həyata keçirilməlidir. Bu şəxslər cinayət təqibinin subyektləridirlər. Cinayət təqibinin həyata keçirilməsi zamanı müdafiə etdikləri maraqların xarakterindən asılı olaraq onlar iki qrupa bölünürlər: a) cinayət təqibini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri və b) cinayət təqibini həyata keçirən digər fiziki şəxslər. Cinayət təqibi subyektlərin başlıca ümumi cəhəti onların ittiham tərəfinə aid olmasıdır. Cinayət təqibinin daha bir ele-menti onun hüdudlarıdır, yəni onun həcmi, başlanma-bitmə anları və davam etmə müddətidir (zaman hüdüdları). Şəxs barəsində cinayət tə-qibi ona istinad edilən cinayət əməlinin ağırlıq dərəcəsinə və xarakterinə müvafiq formada və həddə həyata keçirilməlidir, yəni şəxs barəsində həyata keçirilən cinayət təqibinin növü, onun barəsində tətbiq edilən prosessual məcburiyyət və qətimkan tədbirləri, məhkəmədən onun üçün tələb olunan cəza şəxsə istinad edilən cinayət əməlinə və ya əməllərin məcmusuna adekvat olmalıdır. Cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq zamanı da cinayət təqibi müəyyən hüdudlara malikdir. Belə ki, Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan verilmiş şəxs onun verilməsindən əvvəl törədilmiş, lakin törədilməsinə görə verilmədiyi cinayətə görə cinayət məsu-liyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz. Xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər. Cinayət təqibi yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində həyata keçirilə bildiyindən onun başlanma anını şübhəli və ya təqsirləndirilən şəxsin həmin statusu əldə etmə anı ilə eyniləşdirmək olar. Cinayət təqibinin bitmə anı isə konkret şəxs barəsində və ya bütünlükdə iş üzrə cinayət təqibi subyektləri tərəfindən ifşaedici və ittihamedici fəaliyyətin başa çatması anı ilə üst-üstə düşür.
Qeyd edilmişdir ki, cinayət təqibinin yekun məqsədləri sırasına tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin təyin edilməsinə nail olunması da əlavə edilməlidir. AR CPM-in 7.0.4-cü maddəsində cinayət təqibinə aşağıdakı kimi anlayış verilməsi təklif edilmişdir: «Cinayət təqibi – cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhə edilən və ya təqsirləndirilən şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza və ya zəruri hallarda tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin təyin edilməsinə nail olunması (ibtidai istintaq zamanı tərbiyəvi xarakterli məcburi tədbirlərin təyin edilməsi), zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir».
Birinci fəslin ikinci paraqrafı «Cinayət mühakimə icraatının ibtidai araşdırma mərhələsində cinayət təqibinin həyata keçirilməsi xüsusiyyətləri» adlanır. Cinayət prosesinin hər hansı bir mərhələsində proses iştirakçılarının fəaliyyətinin (müdafiə, cinayət təqibi, prosessual nəzarət, sübutetmə və s.) xüsusiyyətləri həmin mərhələnin məqsədləri, vəzifələri, ümumi şərtləri və prinsipləri ilə qarşılıqlı əlaqədədir. Bu paraqrafda ibtidai araşdırma mərhələsində cinayət təqibinin həyata keçirilmə xüsusiyyətləri ibtidai araşdırmanın ümumi şərtləri ilə əlaqələndirmiş şəkildə təhlil edilir.
Cinayət təqibinin bu mərhələdəki xüsusiyyətlərinə a) ibtidai araşdırma mərhələsində cinayət təqibi subyektlərinin dairəsini; b) cinayət təqibinin həyata keçirilməsi formasını; c) ibtidai araşdırma aidiyyətinə əməl olunmasını; ç) ibtidai araşdırma mərhələsində cinayət təqibinin həyata keçirilməsinin xüsusi zaman hüdudlarının olması; d) ibtidai araşdırma mərhələsində barəsində cinayət təqibi həyata keçirilən şəxs qismində şübhəli şəxsin mövcud olması və təqsirləndirilən şəxs statusunun əldə edilməsinin xüsusi qaydasının olması; e) ibtidai araşdırma zamanı cinayət təqibinin başlanması və qurtarması xüsusiyyətləri aid edilir.
Bu paraqrafda həmçinin ibtidai araşdırma mərhələsində cinayət təqibi subyektlərinin təcrübi fəaliyyətinin optimallaşdırılmasına yönəlmiş səmərələşdirici təklif verilir. Şərti olaraq «Elektron istintaq» adlandırılmış nəzəri konsepsiya irəli sürülür. Bu konsepsiyanın mahiyyəti on-dan ibarətdir ki, təcrübəli istintaq işçiləri və informasiya texnologiyaları sahəsində mütəxəssislərin birgə işi nəticəsində ibtidai araşdırma zamanı cinayət təqibinin həyata keçirilməsində hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayətlərin tövsif edilməsi, istintaq aidiyyətinin müəy-yən edilməsi, istintaqın planlaşdırılması, prosessual sənədlərin tərtib edilməsi, distansion prosessual nəzarət, qanunvericilik və elmi-təcrübi materiallar bazası ilə təchizat kimi sahələrdə kifayət qədər yardım edə biləcək proqram təminatı təqdim etmək mümkündür.
«Cinayət təqibi üzrə fəaliyyəti həyata keçirən subyektlər» adlanan ikinci fəsil beş paraqrafdan ibarətdir. Birinci paraqraf «Cinayət təqibini həyata keçirən subyektlərin anlayışı və dairəsi» adlanır. Cinayət təqibinin subyektləri bütövlükdə cinayət-prosessual fəaliyyətin subyektləri sistemində mövcud olan proses iştirakçılarının həyata keçirdikləri prosessual funksiyaya, habelə hüquq və vəzifələrinin dairəsinə görə seçilən bir qrupunu təşkil edirlər. Əvvəldə də qeyd etdiyimiz kimi, cinayət təqibi subyektlərini şərti olaraq iki qrupa bölə bilərik: 1) hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri olan proses iştirakçıları; 2) cinayət təqibini həyata keçirən digər fiziki şəxslər. Cinayət təqibinin həyata keçirilməsi birinci qrup subyektlərin vəzifəsi, ikinci qrup subyetlərin isə hüququdur. Birincilər cinayət təqibini öz xidməti mövqeləri ilə əlaqədar, dövlətin və cəmiyyətin maraqları naminə, ikincilər isə şəxsi maraqları naminə həyata keçirirlər.
Cinayət təqibinin birinci qrup subyektlərini də şərti olaraq aşağıda-kı kimi bölmək olar: a) cinayət təqibinin məhkəməyədək subyektləri, yəni təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror; b) məhkəmədə cinayət təqibinin subyekti, yəni dövlət ittihamçısı.
İkinci qrup subyektlərə isə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri (onların qanuni mənafeyini təmsil edən valideynler, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanı), nümayəndələri (bu şəxslərin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş vəkalətnaməyə malik olan şəxs) və yaxın qohumları (zərər çəkmiş şəxsin vəfat etdiyi hallarda) aiddir.
İttihamın sübut edilməsində rol oynasalar da, məhkəmə, şahid, mü-təxəssis, ekspert, əməliyyat-axtarış orqanlarının əməkdaşları və ittiham tərəfinə aid olmayan digər şəxslər cinayət təqibinin subyekti ola bilməz.
Bu paraqrafda müqayisə üçün Fransa, Almaniya, İngiltərə və ABŞ-da ibtidai araşdırma mərhələsində cinayət təqibinin subyektlərinin dairəsinə və prosessual vəziyyətinə də nəzər salınır.
İkinci paraqraf «Təhqiqatçının prosessual vəziyyəti: hüquq və vəzifələri» adlanır. Təhqiqatçının ibtidai araşdırma mərhələsində cinayət tə-qibini həyata keçirmə formaları aşağıdakılardır: a) ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı; b) böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat; c) müstəntiq tərəfindən icraata qəbul edilmiş cinayət işi üzrə ayrı-ayrı tapşırıqların icrası. Təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış təd-birləri keçirməyə haqlı olmadığından bu zaman yalnız gizli şəkildə həyata keçirilə bilən, yəni telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, məhkumların mək-tublarının yoxlanılması; nəzarətli göndəriş, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilmə, əməliyyat eksperimenti, hüquqi şəxsin yaradılması kimi əməliyyat-axtarış tədbirlərini həyata keçirə bilməz. AR CPM-in 86.6-cı maddəsinə görə, cinayət işi prokuror və ya müstəntiq tərəfindən icraata qəbul olunduqdan sonra təhqiqatçı ayrı-ayrı istintaq hərəkətlərini, habelə müvafiq əməliyyat-axtarış tədbirlərini yalnız prokurorun və ya müstəntiqin göstərişləri ilə işlədiyi təhqiqat or-qanı vasitəsilə həyata keçirir. Qanunun bu müddəasının təhlili belə nəti-cə çıxarmağa imkan verir ki, AR CPM-in 86.6 və 214.3.4-cü maddələri ilə 214.3.5-ci maddəsi bir-birinə ziddir. Belə ki, iş artıq müstəntiqin icraatında ola-ola müvafiq tapşırıqlar olmadan təhqiqatçı cinayət törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görürsə, deməli müəyyən mənada iş üzrə icraat aparır. Əslində belə tədbirlər də təhqiqatçı tərəfindən öz təşəbbüsü ilə deyil, tapşırıq əsasında həyata keçirilməlidir.
Üçüncü paraqraf «Müstəntiqin hüquqi statusu: funksiyaları və prosessual müstəqilliyi» adlanır. Qanunda müstəntiqə yalnız ibtidai istintaqı həyata keçirən şəxs kimi anlayış verilsə də, müstəntiq cinayət işi başlama mərhələsində də əsas rollardan birini oynayır və demək olar ki, o, bütövlükdə məhkəməyədək icraatın əsas subyektidir. Müstəntiqlər arasında idarə mənsubiyyəti və vəzifə təsnifatından asılı olmayaraq, prosessual anlamda heç bir fərq yoxdur, onların hüquq və vəzifələrinin həcmi eynidir.
Müstəntiqin prosessual müstəqilliyi onun qəbul etdiyi prosessual qərarların qanuni və əsaslı olmasının real təminatı kimi çıxış edir, çünki bu institut ona qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində yoxlanılmış və mötəbər sübutlar əsasında tamamilə müstəqil olaraq mühakimə yürütmək və nəticələrini formulə etmək imkanı verir.
Dördüncü paraqraf «Cinayət təqibinin subyekti kimi prokurorun hüquqi vəziyyəti» adlanır. Məhkəməyədək icraatda prokuror iki əsas funksiyanın subyektidir: cinayət təqibi və nəzarət. Lakin prokurorun cinayət təqibi və nəzarət səlahiyyətlərinin bölgüsü şərtidir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həm cinayət təqibinin bilavasitə subyekti kimi çıxış edir, həm də cinayət təqibi üzərində nəzarəti həyata keçirməklə sonuncunun qanuniliyini və müdafiə formasında həyata keçirilən əks fəaliyyətə qarşı davamlılığını təmin edir.
Cinayət təqibinin həyata keçirilməsi zamanı bir sıra prosessual məsələlərin həlli bilavasitə prokurorun səlahiyyətindədir: a) cinayət işi üzrə ibtidai araşdırmanı istintaq qrupuna tapşırmaq və qrupun tərkibini müəyyən etmək (bu səlahiyyət AR Baş prokuroruna və onun müavinlərinə məxsusdur); b) əməlin tövsifi, ittiham aktının məzmunu (təsdiq edilmə-si) və cinayət təqibi ilə əlaqədar digər məsələlərlə bağlı təhqiqatçı və müstəntiq üçün icrası məcburi olan göstərişlər vermək; c) toxunulmazlıq hüququndan istifadə edən şəxsin cinayət təqibi zərurəti yarandıqda məsələni şəxsən həll etmək (bu səlahiyyət AR Baş prokuroruna məxsusdur) və ya həll edliməsi üçün müvafiq orqana müraciət etmək; ç) şəxsin həbs edilməsi və ona qarşı digər məcburiyyət tədbirlərinin tətbiqi üçün məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə təqdimat vermək; d) cinayət təqibi orqanını məhkəmədə təmsil etmək; e) cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmək.
Beşinci paraqraf «Cinayət təqibinin digər subyektləri» adlanır. Bu subyektlərə ibitdai araşdırma mərhələsində çıxış etməyən, fəaliyyəti dövlət və ictimai maraqların müdafiəsinə yönəlmiş dövlət ittihamçısı və cinayət təqibi üzrə icraat zamanı şəxsi maraqlarını müdafiə edən proses iştirakçıları: zərər çəkmiş şəxs, xüsui ittihamçı, mülki iddiaçı, həmçinin onların qanuni nümayəndələri və nümayəndələri (zərər çəkmiş vəfat etdikdə onun yaxın qohumları) aiddir.
«Cinayət təqibi üzrə fəaliyyətə prosessual nəzarət» adlanan üçüncü fəsil iki paraqrafdan ibarətdir. Bu fəsildə cinayət təqibi üzərində prokuror və məhkəmə nəzarəti institutlarının anlayışı, mahiyyəti, subyektləri, obyektləri, predmeti, hədləri və prosessual qaydası təhlil edilir.
Birinci paraqraf «İbtidai arışdarmanın həyata keçirilməsinə proku-ror nəzarəti» adlanır. Təcrübə göstərir ki, prokurorluq orqanlarına vətəndaşlar tərəfindən edilmiş müraciətlərin orta hesabla 55 %-i məhz cinayət təqibi ilə əlaqədardır. Bunun səbəbi cinayət təqibi üzrə fəaliyyət zamanı məcburiyyət tədbirlərinin tətbiqi, vəsatətlərin həlli və s. hallarda insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırıl-ması və pozulması ehtimalının yüksək olmasıdır. Belə müraciətlərə pro-kurorlar tərəfindən baxılması zamanı şikayətlərin təqribən 9 %-i üzrə cinayət təqibi gedişatında həqiqətən də qanun pozuntusunun baş verməsi faktı təsdiq edilir. Prokuror nəzarəti mahiyyətcə hüquq pozuntu-larının faktiki hallarının müəyyən edilməsi və pozulmuş hüquqların bərpa edilməsinə dair həyata keçirilən prosessual fəaliyyətdir. Cinayət mühakimə icraatının ibtidai araşdırma mərhələsində prokuror nəzarətinin predmetinə daxil olan məsələlərin növündən asılı olaraq belə nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokurorları və prokurorları həyata keçirirlər. Prokuror-kriminalistlər prokuror nəzarəti funksiyasını həyata keçirmirlər. Cinayət təqibi zamanı prokuror nəzarəti cinayət-prosessual qanunvericiliyə yalnız zahirən, yəni formal şəkildə riayət edilməsinə nəzarətlə məhdudlaşmamalıdır, prokuror qanunun məzmununa uyğun şəkildə həyata keçirilməsi üçün tədbirlər görməlidir. Cinayət təqibi üzrə prokuror nəzarətinin predmetinə təhqiqatçı və müstəntiqlərin cinayətin araş-dırması zamanı icra etdikləri bütün prosessual fəaliyyətinin qanuniliyini aid etmək olar. Bununla belə, prokuror nəzarətinin hüdudları da mövcuddur və o, prokuror nəzarətinin predmetinə aid məsələlərin qanuniliyinə nəzarət həyata keçirilən zaman prokurorların səlahiyyətlərinin dairəsini və həcmini müəyyən etməyə imkan verən bir kateqoriyadır. İbtidai araşdırma cinayət təqibi üzərində nəzarət zamanı məhkəmə qərarları və yuxarı prokurorun qərar və göstərişləri istisna olmaqla, cinayət işi və cinayət təqibi ilə bağlı digər materiallara daxil olan bütün prosessual sənədlər prokuror nəzarətinin obyekti kimi çıxış edir.
Prokuror nəzarəti ibtidai araşdırma mərhələsində cinayət təqibi üzrə fəaliyyət üzərində sistemli şəkildə həyata keçirilməli, konkret və real nəticələr verməlidir. Cinayət təqibi üzərində prokuror nəzarəti müəyyən forma və metodlardan istifadə etməklə həyata keçirilir. Bu formalar qanunvericiliklə müəyyən olunur və prokurorun prosesual statusunu müəyyən edən normalarda onun hüquq və vəzifələri kimi ifadə edilir. Metodlar isə, yəni prokurorun səlahiyyətlərinin həyata keçirilməsinin üsulları, realizə yolları prokurorların peşə təcrübəsində formalaşır. Prokuror cinayət təqibi üzərində öz nəzarət səlahiyyətlərini həyata keçirərkən nəzarətin gedişatını və nəticələrini əks etdirən prokuror nəzarəti aktları qəbul edir. Prokuror nəzarəti aktlarına aiddir: a) qərar, b) yazılı göstəriş, c) təqdimat.
Bu paraqrafda həmçinin, yuxarıda adı çəkilən «Elektron istintaq» konsepsiyası çərçivəsində prokuror tərəfindən kompyuter texnologiyaları və xüsusi proqram təminatının tətbiqi ilə distansion nəzarət imkanı izah edilir.
İkinci paraqraf «İbtidai araşdırma prosesinə məhkəmə nəzarəti» ad-lanır. Məhkəmə nəzarəti institutu Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra qəbul edilən cinayət-prosessual qanunvericilikdə təsbit olunmuş yeniliklərdən biridir. Məhkəmə nəzarəti işləri həll etmə funksiyası ilə yanaşı məhkəmə orqanlarının cinayət mühakimə icraatın-da həyata keçirdikləri funksiya növü olub, cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasının yolverilməzliyini təmin etməyə, eləcə də qanunsuz və əsassız məhdudlaşdırılmış hüquqları bərpa etməyə yönəlmişdir. AR CPM-də hər ikisinin bir anlayış tərkibində verilməsinə baxmayaraq «məhkəmə nəzarəti» və «məhkəmə sanksiyasının verilməsi» institutlarını fərqli anlamlarda başa düşmək lazımdır. Belə ki, məhkəmə nəzarəti məhkəmələrin cinayət işinin başlanması və ibtidai araşdırma mərhələlərində əməliyyat-axtarış və cinayət təqibi orqanları tərəfindən qəbul edilmiş, şəxsiyyətin hüquqlarını və qanuni mənafelərini qanunsuz və əsassız olaraq məhdudlaşdıran qərarların və həyata keçirilmiş istitaq və digər hərəkətlərin (tədbirlərin) yoxlanılmasına dair səlahiyyətlərini nəzərdə tutursa, məhkəmə sanksiyasının verilməsi şəxsiyyətin hüquqlarını məhdudlaşdıran istintaq və digər hərəkətlərin (tədbirlərin) həyata keçirilməsinə dair vəsatət və təqdimatlara baxılmasını və müvafiq icazənin verilməsini nəzərdə tutur.
AR CPM-də məhkəmə nəzarəti funksiyasının subyekti kimi çıxış edən məhkəmə orqanlarının əlamətlərinə məhkəmələrin ərazi aidiyyəti, I instansiya mənsubiyyəti və xüsusi səlahiyyəti, yəni məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxmaq səlahiyyəti aid edilir. Lakin birinci instansiya məhkəməsi məhkəmə nəzarətini həyata keçirən yeganə instansiya deyildir. Belə ki, məhkəmə nəzarətinin predmetinə aid olan məsələlər üzrə hakimin çıxardığı qərarlara yuxarı instansiya məhkəmələrində istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti, yaxud ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti əsasında baxıldıqda və qərar qəbul edildikdə yuxarı instansiya məhkəmə-ləri də mahiyyətcə məhkəmə nəzarətini həyata keçirmiş olur.
Məhkəmə nəzarətinin predmetini nəzarət obyektlərində əks olunan məsələlər təşkil edir. Məhkəmə nəzarətinin obyektləri isə qanunla müəyyən edilir. AR CPM-in 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin obyektləri hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlar və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərdir.
Paraqrafda məhkəmə nəzarəti obyektlərini müəyyən edən normanın təkmilləşdirilməsi məqsədilə AR CPM-in 442-ci maddəsinin mətninə «442.2.3. həyata keçirilməsi üçün məhkəmənin qərarı tələb olunan hallar-da belə qərar olmadan həyata keçirilmiş istintaq hərəkətlərinə aid olan materiallara və əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslan-dırılmış qərara» məzmunlu bəndin əlavə edilməsi təklif edilir.
Məhkəmə nəzarətinin hədləri bu funksiyanın həyata keçirilməsi zamanı həll edilən məsələlərin dairəsini müəyyən edir. O, məhkəmənin nəzarət funksiyasını işi həll etmə funksiyasından fərqləndirir. Məhkəmə nəzarəti zamanı işi həll etmə funksiyasına aid olan məsələlər, ən əsası şəxsin təqsirliliyi və məsuliyyəti barədə məsələlər həll edilməməlidir, əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar məhkəmə nəzarətinin predmetinə daxil olmadığından məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakim belə məlumatları tələb etməməli və yoxlamamalıdır.
«Nəticə» hissəsində aparılmış təhlillər və araşdırmalar nəticəsində əldə edilmiş nəzəri və təcrübi əhəmiyətli nəticələr, cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verilmiş təkliflər, təc-rübi işçilərə yardım məqsədilə edilmiş tövsiyələr və irəli sürülmüş yeni nəzəri müddəalar ifadə eldilir.
«Əlavələr»də tədqiqat zamanı aparılan təhlillərin mötəbərliyini təsdiq edən statistik məlumatlar öz əksini tapır.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO