"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTU

Əlyazması hüququnda

ABBASBƏYLİ MUSTAFA ASLAN OĞLU

BAZAR İQTİSADİYYATINA KEÇİD DÖVRÜNDƏ SIĞORTA MÜQAVİLƏLƏRİNİN MÜLKİ-HÜQUQİ TƏNZİMLƏNMƏSİ

12.00.03 – Mülki hüquq; ailə hüququ; sahibkarlıq
hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim olunmuş dissertasiyanın

AVTOREFERATI

Dissertasiya işi Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirilmişdir.

Elmi rəhbərlər:

Q.R. Saviçev
hüquq elmləri doktoru, professor

B.H.Əsədov
hüquq elmləri namizədi, dosent

Rəsmi opponentlər:
M.D.Dəmirçiyeva
hüquq elmləri doktoru

R.M.Qarayev
hüquq elmləri namizədi

Aparıcı təşkilat:
Azərbaycan Respublikası DİN Polis
Akademiyasının Mülki hüquq kafedrası

Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi 26 dekabr 2009-cu il tarixində, saat 11:00-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki B/N.02.103 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ 1143, Bakı ş., Hüseyn Cavid prospeti 31, IX mərtəbə, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu.

Dissertasiya işi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında tanış olmaq olar.

Avtoreferat «____» noyabr 2009-cu il tarixində göndərilmişdir.

B/N.02.103 Dissertasiya Şurasının

Elmi katibi, h.e.n., dosent
X.Ə.Bayramzadə

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. İnsanın ayrılmaz və təbii hüquqlarını təmin etməli olan yeni tipli cəmiyyətin formalaşması və hüquqi dövlətin qurulması üçün hüquqi dövlət konsepsiyası ictimai həyatın bütün sahələrində radikal islahatların həyata keçirilməsi zərurətini yaratmışdır. Artıq on beş ildən artıqdır ki, həmin islahatlar böyük uğurla həyata keçirilməkdədir. Lakin əldə edilmiş uğurlara baxmayaraq, son məqsədə – demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunması hələ bir çox irimiqyaslı tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan dövlət quruculuğunun və hüquq sisteminin ayrı-ayrı sahələrində aparılan fundamental xarakterli elmi tədqiqatlar böyük rol oynayır.
Bazar iqtisadiyyatı münasibətlərinə vətəndaşların, təşkilatların və dövlətin əmlak mənafelərinin müdafiəsi sistemi kimi çıxış edən sığorta bir çox sosial iqtisadi problemlərin həllində mühüm rol oynamağa başlamışdır. Sığortanın göstərilən funksiyası müxtəlif gözlənilməz hadisələr, o cümlədən yol-nəqliyyat hadisələri, təbii fəlakətlər, tətillər, iğtişaşlar, ərzaq çatışmamazlığı və vətəndaşların, müəssisə, idarə və təşkilatların əmlak mənafelərinə mənfi təsir göstərən digər faktorlar nəticəsində dəymiş əmlak ziyanının əvəzinin ödənilməsi vasitəsilə reallaşdırılır. Sığorta müvafiq sığorta hadisəsi baş verdiyi zaman büdcəni dəymiş zərərin aradan qaldırılması ilə bağlı xərclərdən azad etməklə yanaşı, həm də uzunmüddətli investisiyaların ən sabit mənbələrindən biri kimi çıxış edir.
Sığortanın kompensasiya bərpaedici funksiyası mərkəzləşmiş və mərkəzləşməmiş maliyyə mənbələrinin hesabına həyata keçirilir. Bu funksiyanın təmin edilməsində maddi ziyanın qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlər sistemi böyük əhəmiyyət kəsb edir. Sığorta fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən geniş miqyaslı təşkilati – texniki və iqtisadi islahatların böyük bir hissəsini bu sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi təşkil edir.
Sığortalı ilə sığortaçı arasında sığorta hüquq münasibətləri mülki hüquq münasibətlərinin bir növü olmaqla mülki qanunvericiliklə tənzimlənir.
Müasir dövrdə sığorta fəaliyyəti sahibkarlıq fəaliyyətinin ən sürətlə inkişaf edən sahələrindəndir. Bu ilk növbədə onunla bağlıdır ki, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatda yaranan özəl (qeyri-dövlət) sektorda müxtəlif sığorta növlərinə tələbat yaranmışdır. Dövlət tərəfindən maliyyə təminatına malik olmayan sahibkarlar özlərini mümkün risklərdən sığorta etməyə məcburdurlar. Respublikamızda sosial-iqtisadi şəraitin dəyişməsi ilə sığorta kommersiya fəaliyyətinin bir növünə çevrilmişdir. Lakin, bu fəaliyyətin nəzəri problemləri həll olunmadan yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi mümkün deyildir. Eyni zamanda, bu sahədə əqdlərin kütləvi xarakter alması sığortaçıları bir sıra praktiki vəzifələri həll etmək zərurəti qarşısında qoyur.
Sığorta ilə bağlı qanunvericilik aktları, ilk növbədə «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu əmtəə istehsalı və istehlakını, işlərin və xidmətlərin görülməsini özündə birləşdirən bazar iqtisadiyyatı münasibətlərinə keçid prosesini müəyyən edən hüquqi baza kimi çıxış edir. Cəmiyyətdə sığortadan şüurlu şəkildə istifadə edilməsi özündə sığortalı və sığortaçının dövlət tərəfindən təsbit edilən və ya sanksiyalaşdırılan ümumməcburi davranış qaydalarını (normalarını) birləşdirən sığorta hüququ sahəsinin mövcudluğunu zəruri edir.
Azərbaycan Respublikasında 2000-ci ildə yeni Mülki Məcəllənin qüvvəyə minməsi ilə sığorta qanunvericiliyi mühüm dəyişikliklərə məruz qalmışdır. Lakin, Mülki Məcəllənin sığorta fəaliyyətini tənzimləyən 50-ci fəsli hüquqtətbiqetmə praktikasının tələblərinə tam şəkildə cavab vermirdi. Belə ki, Mülki Məcəllədə sığorta müqavilələrinin bəzi növləri kifayət qədər ətraflı şəkildə tənzimləməməklə yanaşı, bir sıra anlayışlar və hallar (məsələn, sahibkarlıq riskinin sığortası) da dəqiq şəkildə müəyyən edilməmişdi. 2008-ci ilin mart ayında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci fəslinin yeni redaksiyasının qüvvəyə minməsi ilə bir çox məsələlərə aydınlıq gətirilsə də bəzi problemlər hələ də qalmaqdadır.
Sığorta münasibətlərində qanunun tələblərini təmin etməyə imkan verən dövlət sığorta nəzarəti xüsusi yer tutur. Fikrimizcə, sığorta sahəsində sahibkarlıq fəaliyyətinə nəzarətin məhdudlaşdırılmasına dair fikirlər ən azı əsassızdır. Ona görə ki, istənilən sahədə müəyyən nəzarətin olmaması çoxsaylı sui-istifadə hallarına, sığortalıların əmlak hüquqlarının kəskin şəkildə pozulması hesabına sığortaçıların varlanmasına gətirib çıxara bilər.
Müasir dövrdə Azərbaycan Respublikasında sığorta fəaliyyəti 70 illik inzibati-amirlik sistemindən əsaslı şəkildə fərqlənən prinsiplər əsasında inkişaf edir. Sovet dövründə mövcud olan təsərrüfat sistemində dağılmış müəssisələrin və binaların bərpa edilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və digər bu cür məqsədlər üçün dövlət tərəfindən büdcədən vəsait ayrılırdı. Bu zaman sığorta sistemi əsas deyil, yardımçı əhəmiyyət daşıyırdı. Hazırda respublikamız üçün fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müdafiəsi mexanizmi kimi çıxış edən sığortanın inkişafı xüsusi xarakter daşımağa başlamışdır. Belə ki, həyata keçirilən geniş miqyaslı özəlləşdirmə nəticəsində əsas fondların mühüm bir hissəsi fiziki şəxslərin və qeyri-dövlət strukturlarının sərəncamına keçmişdir. Bu amil təbii fəlakət, qəza, yanğın və formalaşmaqda olan istehsal əlaqələrinə mənfi təsir göstərən, iqtisadiyyatın inkişafını ləngidən digər qarşısıalınmaz hadisələr nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə xidmət edən maliyyə təminatları sisteminin yaradılmasını zəruri edir.
Müəllifin fikrincə, müasir dövrdə tərəflərin sığorta xidmətləri göstərməsi üzrə qarşılıqlı münasibətlərini müəyyən edən əsas vasitə kimi sığorta münasibətlərinin elmi cəhətdən araşdırılması olduqca aktual və əhəmiyyətlidir.
Bütün bunlar isə, sığorta institutu ilə bağlı olaraq yaranmış mülki-hüquqi xarakterli problemlər bu məsələni ümumnəzəri baxımdan kompleks şəkildə tədqiq edilməsini zəruri edir.
Mövzunun araşdırılma dərəcəsi. Azərbaycanda sığorta müqavilələrinin hüquqi tənzimi problemləri bu və ya digər aspektlərdə tədqiq edilsə də, bu sahənin hüquq normaları kompleks şəkildə, bir-biri ilə əlaqəli olan tərkib elementlərinə malik mürəkkəb sistemli təsisat kimi ümumiyyətlə, tədqiqat obyekti olmamışdır. Lakin, bu məsələ hələ ötən əsrin əvvəllərində sovet hüquqşünas alimləri tərəfindən tədqiq edilmişdir. Bu institutun tədqiq edilməsi ilə bağlı V.R. İdelson, V.P. Kryukov, E.P.Men, V.K. Rayxer, V.İ. Serebrovski və s. tədqiqatçıların daha çox əməyi olmuşdur. Müasir dövrdə isə V.V. Şaxov, K.Q. Voblıy, D.A. Petrov, E.N. Kolomin, L.İ.Reytman, V.B. Qomell, A.S. Yemelyanov, N.V. Loqvin, A.Q., Knyazev, Y.N. Nikolayev kimi tədqiqatçı alimlər xüsusi rol oynamışlar.
Tədqiqatçı, indiyə qədər respublikamızın hüquqşünasları tərəfindən sığorta institutunun kompleks şəkildə tədqiqata cəlb edilməməsini təəssüf hissi ilə qeyd edir. Buna baxmayaraq dövri nəşrlərdə sığorta institutunun ayrı-ayrı məsələlərinə dair konkret məqalələrə rast gəlmək olar. Lakin son illərdə ölkə hüquqşünasları tərəfindən (B.H. Əsədov, İ.Q. Əsgərov, S.S. Allahverdiyev) sığorta institutunun ayrı-ayrı nəzəri və praktik məsələlərini özündə əks etdirən praktiki xarakterli vəsaitlər yazılmışdır. Lakin sığorta müqaviləsi üzrə münasibətlərin hüquqi tənzimi problemləri keçmiş sovet və Rusiya Federasiyasının mütəxəssisləri tərəfindən ətraflı araşdırılsa da, milli hüquq elmimizdə bu məsələ hələ də tədqiq olunmamış qalır. Bu baxımdan sığorta müqaviləsinin hüquqi problemlərinə ilk dəfə olaraq kompleks şəkildə yanaşma onun mahiyyətini və cəmiyyət üçün əhəmiyyətini tam şəkildə açmağa, habelə bu sahədə qanunvericiliyin gələcək inkişaf perspektivlərini müəyyən etməyə imkan verəcəkdir.
Tədqiqatın predmetini sığorta fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, doktrinal anlayışlar və elmi baxışlar, dövlət sığorta nəzarəti orqanları və sığorta müqaviləsi tərəflərinin sığorta hüquq normalarına münasibəti və respublikamızda formalaşmış olan sığorta fəaliyyəti praktikası təşkil edir.
Tədqiqatın obyektini isə sığorta ilə bağlı qanunvericiliyin tətbiqi sferasında yaranan ictimai münasibətlərin hüquqi tənziminin qanunauyğunluqları təşkil edir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədlərini kompleks tədqiqat üsulu ilə sığorta müqaviləsinin hüquqi tənziminin xüsusiyyətləri, onun bağlanması qaydaları, sığorta öhdəliklərinin icra edilməsi və xitamı, həmçinin sığorta fəaliyyətinin hüquqi tənzimində yaranan digər problem məsələlərin aşkar edilməsi; bu sahədə qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmağa və praktikada yaranan mübahisələri həll etməyə yönəlmiş elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələrin hazırlanması təşkil edir.
Tədqiqatın metodoloji əsasları. Tədqiqat işi yazılarkən ümumhüquqi metodlardan – sistemli təhlil, normativ, elmi və praktik materialların ümumiləşdirilməsi, tarixi yanaşma, habelə analiz, sintez, deduksiya, induksiya; xüsusi elmi metodlardan – müqayisəli hüquqşünaslıq, məntiqlilik və texniki-hüquqi metodlardan, o cümlədən qeyri-hüquq elmləri üçün səciyyəvi olan metodlardan (məsələn, statistik təhlil) istifadə edilmişdir.
Tədqiqatın nəzəri əsasları. Dissertasiya işi yazılarkən V.V. Aleniçev, M.İ. Braqinski, V.V. Vitryanski, A.Q. Qoyrbaq, K.A.Qrave, L.A. Lunts, Y.M. Juravlyov, V.R. idelson, N.S. Kovalevski, L.İ. Korçevski, V.P. Kryuov, L.İ. Lazareva, E.İ. Mena, T.V. Nikitina, V.F. Popondupolo, K.İ. Pılova, V.R. Rayxer, L.İ. Reytman, V.İ. Serebrovski, V.P. Sergeyev, E.A. Suxanov, Y.K. tolstoy, K.E. Turbina, T.A. Fyodrova, Y.B. Foqelson, V.V. Şaxova, M.Y. Şiminova, R.L. Yuldaşova, İ.Y. Yurgens, V.F. Yakovleva, S.S. Allahverdiyev, B.H.Əsədov, A.A.Kərimov kimi müəlliflərin əsərlərindən istifadə olunmuşdur.
Dissertasiyanın normativ əsasını Azərbaycan Respublikasının Konstitusiyası, AR-nın Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» qanunu və digər qanunları, AR Prezidentinin, AR Nazirlər Kabinetinin, nazirlik və idarələrin aktları, habelə sığorta ilə bağlı beynəlxalq-hüquqi aktlar təşkil etmişdir.
Tədqiqatın elmi yeniliyi onunla müəyyən olunur ki, o, Azərbaycanda sığorta müqaviləsi ilə bağlı hüquqi problemlərin kompleks tədqiqinə həsr olunmuş monoqrafik xarakterli ilk tədqiqat işidir. Dissertasiya işində sığorta üzrə hüquq münasibətlərinin, əsasən sığorta müqaviləsinin xüsusiyyətləri, sığorta təşkilatının fəaliyyət praktikasından istfadə edilməklə qarşıya qoyulmuş vəzifələrin həllinə cəhd edilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində mühüm nəzəri və praktiki əhəmiyətə malik olan bir sıra aktual məsələlərin həllinin yeni qaydası təklif edilir:
1.Normativ-hüquqi aktlarda və hüquq ədəbityyatında «sığorta mənafeyi», «sığorta riski», «sığorta hadisəsi» kimi anlayışların bir-biri ilə qarışdırılması sığortanın mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Bununla bağlı olaraq dissertasiya işində praktiki və nəzəri sahədə çalışan hüquqşünasların və iqtisadçıların tədqiqatlarının öyrənilməsi nəticəsində göstərilən anlayışların tərifi verilmiş və təfsiri aparılmışdır.
2.Qanunvericilikdə qarşılıqlı sığorta cəmiyyətlərinin və sığorta pullarının yaradılması imkanı təsbit olunsa da, onların təşkili və fəaliyyəti mexanizmləri tənzimlənmir. Dissertasiya işində xarici təcrübənin və nəzəri ədəbiyyatların təhlili əsasında Azərbaycan Respublikasında aşağıda göstərilən institutların yaradılması prinsipləri təklif olunur:
a)hüquqi şəxslərin ittifaqları formasında qarşılıqlı sığorta cəmiyyətləri, o cümlədən onların təşkili forması, üzvlərinin statusu, gəlirlərin və zərərlərin bölüşdürülməsi qaydası və bu sahədə mövcud münasibətlərin xüsusiyyətləri;
b)sığorta vasitələrinin, o cümlədən təkrar sığorta, sığorta ehtiyatlarının investisiyaya cəlb edilməsi üzrə vahid siyasətin həyata keçirilməsi, sığortanın vahid qaydalar və tariflər əsasında həyata keçirilməsi.
3.Sığorta müqaviləsi və bütövlükdə sığorta fəaliyyətinin təhlili nəticəsində sığorta müqaviləsi anlayışının ümumi şəkildə Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilməsi təklif olunur. Hazırda qüvvədə olan sığorta qanunvericiliyində sığorta müqaviləsi predmetinə anlayışın verilməməsi onun sığorta obyekti anlayışı ilə qarışdırılmasına gətirib çıxarır. Ona görə də dissertasiyada göstərilən anlayışlar təhlil edilərək sığorta müqaviləsinin predmetinə anlayış verilmişdir.
4.Qanunvericilikdə sığortanın konkret növünün bu və ya digər kateqoriyaya aid edilməsi ilə bağlı vahid mövqe olmadığından dissertasiyada hüquqi əhəmiyyətə malik olan müxtəlif meyarlar əsasında sığorta müqaviləsinin təsnifatı aparılmışdır.
5.Sığorta qanunvericiliyində isə üçüncü şəxslərin iştirak etdiyi sığorta hüquq münasibətlərinin xarakterinin, bu münasibətlərin tərəflərinin statusunun, eləcə də onların dəyişdirilməsinin xüsusiyyətlərinin dəqiq şəkildə müəyyən edilməməsi sığorta müqaviləsinin icrası zamanı mübahisələrə gətirib çıxarır. Bununla bağlı olaraq, dissertasiyada faydalanan şəxsin xeyrinə bağlanmış sığorta müqaviləsinin üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilələrə aid edilməsi, faydalanan şəxsin statusu, sığorta müqaviləsi üzrə sığortalanan şəxsin əvəz edilməsinin xüsusiyyətləri ilə bağlı təkliflər irəli sürülür.
6.Sığorta müqaviləsinə xitam olunması barədə mülki qanunvericiliyin təhlili onların müqavilələrin xitam olunması barədə AR Mülki Məcəlləsinin 421-ci maddəsində təsbit olunmuş ümumi qaydalara zidd olduğu göstərilir. Təklif olunur ki, xitam termini əsasən öhdəliklər üçün işlədilir, müqaviləyə münasibətdə isə, dəyişdirilə, yaxud ləğv oluna bilər. Bu halda müqaviləyə xitam verilməsi anlayışından istifadə olunması yanlış hesab edilməklə, sığortanın tənzimi üçün işlədilən terminlərin mülki hüququn ümumi müddəalarına uyğunlaşdırılması zərurəti əsaslandırılır. Eyni zamanda, qanunvericilikdə «sığorta müqaviləsinin vaxtından əvvəl ləğvi» ifadəsindən istifadə etmək məqsədəuyğun hesab edilir.
7.Qanunvericilikdə hüquqların subroqasiya qaydasında sığortaçıya keçməsi barədə norma təsbit edilmiş və bu normaya görə hüquqların yalnız əmlak sığortası müqaviləsi üzrə keçməsi nəzərdə tutulur. Başqa sığorta müqavilələrinə münasibətdə isə belə qayda nəzərdə tutulmamışdır. Mövcud praktika əsasında mülki məsuliyyətin sığortası zamanı subroqasiya qaydasında hüquqların keçməsi təklif edilməklə onun xüsusiyyətləri göstərilir təhlil olunur.
8.Sığorta ilə bağlı qanunvericiliyin gələcək inkişafına dair prinsipcə yeni konkret təkliflər və tövsiyələr verilir.
Tədqiqatın nəticələrinin elmi əhəmiyyəti onunla müəyyən olunur ki, dissertasiyada irəli sürülən əsas nəticə və təkliflərdən qanunvericiliyin təkmilləşdirilməsi zamanı yeni normativ aktların layihələrinin hazırlanmasında istifadə edilə bilər. Tədqiqatın nəticələri həmçinin sığorta fəaliyyəti və sığorta müqaviləsi üzrə problemlərin gələcəkdə elmi cəhətdən araşdırılması zamanı əhəmiyyət kəsb edə bilər.
Tədqiqatın əsas nəticələrindən sığorta xidmətinin göstərilməsi və sığorta fəaliyyətinin həyata keçirilməsi qaydalarını nəzərdə tutan sənədlərin hazırlanması zamanı, elmi və metodik baza rolunu oynaya bilər.
Tədqiqatın nəticələrinin təcrübi əhəmiyyəti. Dissertasiya üzrə əldə olunan nəticələrdən mülki hüquq və sahibkarlıq hüququ fənlərinin tədrisi prosesində istifadə edilə bilər. Dissertasiyada irəli sürülmüş praktiki tövsiyələrdən sığorta təşkilatlarının, məhkəmələrin və vəkillik xidməti göstərən şəxslərin fəaliyyəti zamanı da istifadə edilə bilər.
Tədqiqatın nəticələrinin aprobasiyası. Dissertasiya AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsində yerinə yetirilmiş və müzakirə edilmişdir.
Dissertasiyanın əsas müddəaları müəllifin nəşr olunmuş elmi məqalələrində şərh edilmişdir. Tədqiqatın müəyyən bölmələri respublikamızda keçirilmiş elmi-praktiki konfranslarda və seminarlarda məruzə edilmişdir.
Dissertasiyanın strukturu tədqiqatın məqsədləri, vəzifələri və metodologiyası ilə şərtlənir. Dissertasiya girişdən, 9 paraqrafı əhatə edən 3 fəsildən, mülki qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələrin ifadə olunduğu nəticədən, istifadə olunmuş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə dissertasiya mövzusunun aktuallığı əsaslandırılır, onun elmi cəhətdən işlənməsi dərəcəsi işıqlandırılır, tədqiqatın məqsəd və vəzifələri, nəzəri və normativ əsası müəyyən edilir, müdafiəyə çıxarılan əsas müddəalar formalaşdırılır, işin elmi və təcrübi əhəmiyyəti açıqlanır.
Dissertasiya işinin birinci fəslində müəllif tərəfindən sığorta fəaliyyətinin hüquqi tənziminin ümumi xarakteristikası verilir. Həmin fəslin «Sığorta iqtisadi və hüquqi kateqoriya kimi» adlanan birinci paraqrafında iddiaçı sığortanı ilk növbədə iqtisadi kateqoriya kimi nəzərdən keçirərək göstərir ki, müasir iqtisad elmi sığortanı məqsədli pul fondlarının formalaşdırılmasının və müxtəlif mənfi təzahürlər zamanı ziyanın əvəzinin ödənilməsi üçün, habelə vətəndaşlara və ya onların ailələrinə, həyatlarında müəyyən hadisələr (ölüm, zədə, əlillik və s.) yarandıqda yardım göstərilməsi üçün istifadə olunmasının məcmusu kimi nəzərdən keçirir.
Tədqiqatçı sığortanın həyata keçirilməsi ilə bağlı olan bütün hüquq münasibətlərini iki qrupa ayırır: 1) sığorta işinin təşkili ilə əlaqədar yaranan münasibətlər; 2) mülki hüquq əsasında sığortanı, yəni sığorta fondunun formalaşdırılması və ondan istifadə olunması prosesini tənzimləyən münasibətlər. Onun fikrincə, hüquq münasibətlərinin birinci qrupu hüququn maliyyə, inzibati, konstitusiya hüququ və digər ümumi sahələrinə əsaslanmaqla tənzimlənir. Göstərilən münasibətləri müəllifin təşkilati xarakterli münasibətlər adlandırır. Hüquq münasibətlərinin ikinci qrupu isə əmlak münasibətlərinin mülki hüquqla tənzimlənən bir növünü təşkil edir. Sonuncu münasibəti isə müəllif sırf mülki – hüquq xarakterli münasibət adlandırıla bilər.
İddiaçının fikrincə, sığorta öhdəliyinə aşağıdakı anlayışın verilməsi məqsədəuyğun olardı: sığorta öhdəliyi elə bir hüquq münasibətidir ki, bir tərəf (sığortalı) qanunla, yaxud müqavilə ilə müəyyən olunmuş haqqı (sığorta haqqını) ödəmək barədə öhdəlik götürür, digər tərəf (sığortaçı) isə nəzərdə tutulmuş hadisə (sığorta hadisəsi) yarandıqda sığortalanan şəxsin, yaxud sığorta müqaviləsinin xeyrinə bağlandığı digər şəxsə (faydalanan şəxsə) dəyən zərərin əvəzini müəyyənləşdirilmiş məbləği (sığorta ödənişi) ödəmək barədə, şəxsi sığortada isə müvafiq sığorta məbləğini ödəmək barədə öhdəlik götürür.
Müəllif alimlərin əksəriyyəti ilə razılaşaraq sığorta öhdəliklərini xidmət göstərilməsi üzrə öhdəliklərə aid edir. Onun fikrincə, sığorta öhdəliyi xidmət göstərmə öhdəliklərinə, yəni bir tərəfin (xidmət göstərənin) bu və ya digər hərəkətləri yerinə yetirməyə borclu olduğu, digər tərəfin (xidmət alanın) isə xidmət göstərənə şərtləşdirilmiş haqqı ödəməyə borclu olduğu öhdəliklərə aiddir.
Dissertasiya işinin birinci fəslinin «Sığorta fəaliyyətinin anlayışı» adlanan ikinci paraqrafında sığorta fəaliyyətinə fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müdafiəsi məqsədilə, onların verdiyi sığorta haqları hesabına sığorta fondlarının formalaşdırılması yolu ilə həyata keçirilən, müəyyən hadisələrin (sığorta hadisələrinin) baş verməsi zamanı sığorta əməliyyatında iştirak edən şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsini özündə əks etdirən sahibkarlıq fəaliyyətinin bir növü şəklində verilən anlayışı dəstəklədiyini bildirir. Onun fikrincə, göstərilən fəaliyyət həm fiziki, həm də hüquqi şəxslərə vurulmuş zərərin şəxslər çoxluğu arasında bölüşdürülməsi formasında aradan qaldırılmaqla onun məbləğindən asılı olmayaraq həyata keçirilir. Sığorta fəaliyyətinin mahiyyətini sığortaçının qarşısı alınmaz hadisənin baş verməsi nəticəsində sığortalıya vurulmuş zərərin aradan qaldırılması üzrə öz üzərinə öhdəlik götürməsi təşkil edir.
Dissertasiya işinin ikinci fəsli «Sığorta müqaviləsinin anlayışı, növləri və elementləri» adlanır. Həmin fəslin «Sığorta müqaviləsinin anlayışı və növləri» adlanan birinci paraqrafında iddiaçı göstərir ki, ilk dövrlərdə bütün sığorta müqavilələri əsasən iqtisadi gəlir əldə etmək məqsədi daşımışdır. Belə ki, sığortaçılarla sığortalılar arasında kəskin iqtisadi mübarizə getmiş, hər iki tərəf öz kontragentinin hesabına varlanmağa səy göstərmişdir. Bu cür şərait yalnız sığortaçılar üçün əlverişli olmuşdur. Müəllif sığorta müqaviləsi institutunun yaranması və inkişafı tarixini tədqiq edərək göstərir ki, müstəqilliyini bərpa etmiş respublikamızın qanunvericiliyində sığorta müqaviləsinə ilk dəfə olaraq «Sığorta haqqında» Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli qanununda (hazırda həmin qanun «Sığorta fəaliyyəti haqqında» qanunun qəbul edilməsi ilə qüvvədən düşmüşdür) anlayış verilmişdir. Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bü müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlınmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta – sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibət hesab edilirdi. Hazırda qüvvədə olan mülki qanunvericilikdə isə sovet qanunvericiliyindən fərqli olaraq sığorta müqaviləsinə ümumi şəkildə anlayış verilməmişdir. Bu baxımdan tədqiqatçı hesab edir ki, Mülki Məcəllədə sığorta müqaviləsinin leqal anlayışı aşağıdakı kimi təsbit edilməlidir: sığorta müqaviləsi – sığortaçının və ya üçüncü şəxsin sığorta hadisəsi baş verdiyi hallarda müvafiq haqq müqabilində mümkün zərərdən müdafiə edilməsi məqsədilə bağlanan ikitərəfli əqddir.
İddiaçı daha sonra göstərir ki, «zərərdən sığorta müqaviləsi» sırf əmlak sığorta müqaviləsinə aiddir. «Həyat sığortası» və «fərdi qəza sığortası» kimi müqavilələri isə şəxsi sığorta, yaxud qeyri-əmlak sığorta müqavilələrinə aiddir. Mülki qanunvericilik sığorta müqaviləsinin şəxsi və əmlak sığortası kimi növlərini fərqləndirməyə kifayət qədər əsas verir. Lakin, qanunvericiliyin belə mövqeyində mühüm bir qüsur da vardır. Tədqiqatçının fikrincə, qanunverici Mülki Məcəllədə «zərərdən sığorta» müqaviləsinə, «həyat sığortası və ya fərdi qəza sığortası» müqavilələrinə onların fərdi xüsusiyyətlərini göstərmək şərti ilə anlayış verməli idi. Məhz bu səbəbdən də o, hesab edir ki, Mülki Məcəllənin 50-ci fəslində müvafiq struktur dəyişiklikləri edilməlidir.
İddiaçının fikrincə, sığorta müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində istifadə edilən prinsip əsasında təsnifləşdirilməsi məqsədəuyğun hesab edilə bilməz. Ona görə ki, məcəllədə göstərilən fərqlər yalnız sığorta növünün xüsusiyyətlərini özündə əks etdirir. Həmin fərqlər sığortanın növlərə bölünməsinin əsası kimi deyil, sığorta növlərinin təsnifatının əsası kimi çıxış edirlər.
Tədqiqatçının fikrincə, Mülki Məcəllənin qüvvəyə minməsindən sonra müəyyən kateqoriya sığortalılar üçün həyat sığortası müqaviləsinin bağlanmasından imtina edilməsi praktikası qanunvericiliyə ziddir. Həmin kateqoriya şəxslərə bir qayda olaraq, birinci və ikinci qrup əlillər, həmçinin müəyyən xəstəliklərə tutulmuş (məsələn, onkoloji) və yaxud müəyyən yaş həddinə çatmış şəxslər aid edilə bilər. Eyni zamanda bu kateqoriya şəxslər üçün sığorta riski sağlam gənclərə nisbətən daha yüksəkdir.
Müəllif sığorta müqaviləsinin xüsusiyyətləri ilə bağlı hüquq ədəbiyyatında göstərilən fikirləri və qanunvericilikdə təsbit edilmiş müddəaların təhlili əsasında sığorta müqaviləsinin ikitərəfli, əvəzli olması, sərbəst bağlanması, konsensual xarakter daşıması ümumi olması, müqavilədə nəzərdə tutulan hadisə təsadüfi xarakter daşıması, risk xarakterli olması, şərti olması, sığortaçının məsuliyyəti məhdudlaşdırması, müddətli olması və əvəzli xarakter daşıması kimi əlamətlərini göstərir.
Müəllif sığorta müqaviləsinin həyat və qeyri-həyat növlərini göstərməklə onun müxtəlif əsaslara görə təsnifatına dair hüquq ədəbiyyatlarında mövcud olan çoxsaylı fikirləri ətraflı şəkildə təhlil edərək qeyd edir ki, hazırda sığorta müqaviləsinin təsnifatına dair vahid fikir formalaşmamışdır. Tədqiqatçı sığorta sferasındakı hüquqşünas mütəxəssislərin və iqtisadçıların mövqelərini nəzərdən keçirərək sığorta müqaviləsinin aşağıdakı kimi təsnifləşdirilməsini təklif edir.
a) Müqavilənin hansı sığorta qrupuna aid edilməsindən və ya sığorta obyektindən asılı olaraq fərqləndirilir: əmlak sığorta müqaviləsi, şəxsi sığorta müqaviləsi, məsuliyyətin sığortası müqaviləsi.
b) müqavilə üzrə sığorta olunanların sayından asılı olaraq fərdi və kollektiv müqavilələr fərqləndirilir.
c) sığortaçının məsuliyyət həddindən asılı olaraq, sığorta müqaviləsinin 3 növü: adi sığorta, təkrar sığorta və şərikli sığorta kimi növləri fərqləndirilir.
Dissertasiya işinin ikinci fəslinin ikinci paraqrafında sığorta müqaviləsinin bağlanması qaydası və forması məsələləri araşdırılmışdır. İddiaçı qeyd edir ki, sığorta şirkətinin istənilən müqavilə bağlamaq təklifi oferta kimi qiymətləndirilə bilməz. Belə ki, reklam və qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış digər təkliflər oferta sayıla bilməz. Ona görə ki, qanunvericilik belə reklamı yalnız oferta etməyə dəvət kimi nəzərdən keçirir.
Müəllif göstərir ki, sığorta müqaviləsinin bağlanması formalarına fərqli yanaşmalar, birincisi, qanunla müəyyən olunan qaydalarla, ikincisi, sığorta növlərinin xüsusiyyətləri ilə, üçüncüsü, sığorta şirkətinin ənənələri və ya sığortalıların özlərinin tələbatları ilə izah olunur.
Tədqiqatçı daha sonra qeyd edir ki, sığorta müqaviləsinin formasını ifadə etməklə sığorta şəhadətnaməsi bu müqavilənin mühüm şərtlərini və məzmununu əks etdirir. Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin xüsusi forması olması sığorta institutunun tarixi inkişafı prosesində əmələ gəlmişdir. Sığorta şəhadətnaməsinin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, o, müqaviləyə yazılı forma verən sənəd əhəmiyyətini əks etdirir, sığortaçının sığortalının müqavilə bağlamaq təklifinə razılığını ifadə edir və sığorta müqaviləsinin bağlanmasının sübutu kimi çıxış edir. Sığorta işində istifadə olunan sığorta şəhadətnaməsi sığorta müqaviləsinin formasına özünəməxsusluq verir.
İddiaçı göstərir ki, qanunvericilik sığorta müqaviləsinin bağlanmasının şərtlərinin sığortaçının (sığortaçılar birliyinin) təsdiqlədiyi müvafiq növə aid xüsusi işlənib hazırlanmış standart qaydalarda müəyyən edilməsi imkanını nəzərdə tutur. Mülki qanunvericiliyə görə müqavilədə (sığorta şəhadətnaməsində) belə qaydaların tətbiqi birbaşa göstərildikdə və qaydalar müqavilə (sığorta şəhadətnaməsi) ilə eyni sənəddə, yaxud onun əks tərəfində göstərildikdə, yaxud ona əlavə edildikdə sığorta qaydalarında təsbit olunmuş və sığorta müqaviləsinə (sığorta şəhadətnaməsinə) daxil edilməmiş şərtlər sığortalı (faydalanan şəxs) üçün məcburidir. Sonuncu halda sığortalıya sığorta qaydalarının təqdim edilməsi müqavilədə qeydlə təsdiqlənməlidir. Sığorta qaydaları sığorta müqaviləsində göstərilmədikdə, müqavilədə isə qaydaların sığortalıya təqdim edilməsi haqqında qeyd aparılmadıqda bu sığortalının (faydalanan şəxsin) qaydalarla müəyyən edilmiş vəzifələri yerinə yetirməsinin məcburi olmaması kimi qiymətləndirilə bilər. Lakin sığortalı (faydalanan şəxs) öz mənafelərinin müdafiəsi məqsədilə hətta belə qaydaların onun üçün məcburi olmaması halında belə sığorta qaydalarına istinad edə bilər. Sığorta müqaviləsi rəsmiləşdirilərkən (tərtib edilərkən) diqqətsizliyə yol verildikdə sığorta qaydaları sığortaçı üçün məcburi olsa da, sığortalı üçün məcburi olmur. Bu vəziyyətdə belə bir təhlükə mövcud olur ki, vicdansız, lakin hüquqi cəhətdən hazırlıqlı sığortalı sığortaçının belə səhvindən istifadə edə və hətta yaranmış vəziyyətdə qaydaların onun üçün məcburi olmaması ilə əlaqədar sığorta qaydalarını pozması belə məhkəmədə özünün qaydalara müvafiq surətdə sığorta ödənilməsi hüququnu sübuta yetirə bilər. Belə səhvdən qaçmaq üçün müəllif müqavilədə sığorta qaydalarının göstərilməsi halında bu qaydaları müqaviləyə əlavə etmək və müqavilənin mətninə aşağıdakı qeydi daxil etməyi məqsədəuyğun hesab edir: «Sığorta qaydaları bu müqavilənin ayrılmaz hissəsidir. Onlar sığortalıya təqdim olunmuşdur, sığortalı həmin qaydalarla tanış edilmişdir və onları yerinə yetirməyi öhdəsinə götürür».
Dissertasiya işinin ikinci fəslinin üçüncü paraqrafında sığorta müqaviləsinin məzmunu, predmeti və tərəfləri kimi məsələlər təhlil edilir.
Dissertasiya işinin üçüncü fəsli sığorta öhdəliklərinin icrası və onun pozulmasına görə mülki-hüquqi məsuliyyət məsələlərindən bəhs edir. Həmin fəslin «Sığorta öhdəliyinin icrası» adlanan birinci paraqrafında müəllif göstərir ki, sığorta haqqında qüvvədə olan qanunvericilik sığortaçının vəzifələrinin konkret dairəsini təsbit etmişdir. Lakin qanunda nəzərdə tutulan vəzifələrlə yanaşı sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər. Həmin vəzifələrdən biri kimi sığortalının əmlak hüquqlarının keçdiyi şəxs sığortaçıya sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalanmış əmlakın mülkiyyətçisinin (sahibinin) dəyişməsi haqqında məlumat verməsi çıxış edir. Tədqiqatçının fikrincə, belə məlumat təxirə salınmadan yazılı formada verilməlidir. Sığortalı bu vəzifə haqqında sığortalanan əmlakı qəbul etmiş şəxsi xəbərdar etməlidir.
Eyni zamanda tədqiqatçı göstərir ki, sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində sığorta riskinin artması halında sığortaçı müqavilə şərtlərinin dəyişdirilməsini, sığortalının belə dəyişiklik haqqında məlumatlandırma vəzifəsini icra etməməsi halında isə sığorta müqaviləsinin ləğvini tələb etmək hüququna malikdir. Onun fikrincə, müqavilə ilə başqa qayda nəzərdə tutulmadıqda sığortaçı sığortalının yazılı məlumatı əsasında zərər vurulmasına görə məsuliyyətin sığortası müqaviləsində məsuliyyəti sığortalanmış şəxsi əvəz etməyə borcludur (sığortalıdan fərqli şəxsin məsuliyyəti sığortalandıqda).
Dissertasiya işinin üçüncü fəslinin ikinci paraqrafı sığorta öhdəliyinin xitamı məsələlərindən bəhs edir. Tədqiqatçı sığorta müqaviləsinə xitam verilməsinin qanunvericilikdə təsbit edilmiş ümumi və xüsusi hallarını təhlil edərək qeyd edir ki, müqavilə üzrə öhdəliklərin icrası halında sığorta müqaviləsinin riskli xarakteri ilə əlaqədar olaraq sığorta öhdəliklərinin xitamının xüsusiyyəti ondan ibarətdir ki, onlar iki üsulla icra oluna bilər: birincisi, sığorta hadisəsi olmadıqda sığortaçının sığorta müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində risk daşıması, ikincisi, müqavilə müddəti qurtarana qədər sığorta hadisəsi baş verdikdə sığorta ödəməsinin həyata keçirilməsi. Hər iki halda sığorta öhdəliklərinə icra nəticəsində xitam verilir.
Sığorta öhdəliyinə xitam verilməsinin əsaslarını və nəticələrini nəzərdən keçirərkən, sığorta müqavilələrinin etibarsız hesab olunması məsələsinə də toxunan tədqiqatçı qeyd edir ki, istənilən əqd kimi, sığorta müqaviləsi də əqdlərin etibarsız hesab olunmasının mülki qanunvericiliklə müəyyən edilmiş ümumi əsaslarına görə etibarsız hesab oluna bilər.
Dissertasiya işinin üçüncü fəslinin üçüncü paraqrafı «Sığorta müqaviləsi üzrə mülki-hüquqi məsuliyyət» adlanır. Müəllif göstərir ki, sığorta müqaviləsi üzrə tərəflər öhdəliklərini icra etmədikdə, yaxud lazımi surətdə icra etmədikdə onların məsuliyyəti üçün əsaslar yaranır. İlk növbədə mülki-hüquqi məsuliyyətin mahiyyəti məsələsinə toxunan iddiaçı bu sahədə hüquqşünas alimlərin (M.M.Aqarkovun, S.N.Bratusun, A.M.Belyakovanın, T.V. Kaşaninanın, O.S.İoffenin) fikrlərini təşlil edərək mülki-hüquqi məsuliyyətə hüquq pozuntusu törətmiş şəxsin mülki hüquq, yaxud müqavilə normaları ilə nəzərdə tutulmuş, əmlak, yaxud şəxsi xarakterli hüquqdan məhrum edilmədə və ya əlavə mülki-hüquqi vəzifənin icrasında ifadə olunan mənfi nəticələri daşımaq vəzifəsi kimi anlayış verir. Sığorta hüquq münasibətləri subyektlərinin məsuliyyətinin yaranması üçün hərəkətlərin hüquqazidd olması; ziyanın, yaxud zərərin mövcudluğu; hüquqazidd hərəkətlərlə vurulmuş ziyan arasında səbəbli əlaqə və təqsir kimi şərtlərin mövcud olmasının zəruriliyini göstərən müəllif qeyd edir ki, sığortanın ayrı-ayrı növlərini tənzimləyən qanunvericilik aktları sığortaçının məsuliyyətinin konkret formalarını müəyyən edir. Lakin, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 25 iyul 1997-ci il tarixli qanununda, «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının 29 may 2002-ci il tarixli qanununda və «Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 12 aprel 2004-cü il tarixli qanununda sığortaçının sığorta ödənişini vaxtında ödəməməyə görə məsuliyyəti nəzərdə tutulsa da bu məsuliyyətin nədən ibarət olması göstərilməmişdir. Müəllifin fikrincə, bütün belə analoji hallarda məsuliyyət tədbiri kimi hər gecikdirilən gün üçün peniyanın ödənilməsi çıxış etməlidir və bunun hüquq normalarında təsbit edilməsi məqsədəmüvafiq olardı.
Dissertasiya işinin nəticə hissəsində müəllif tərəfindən tədqiqat zamanı əldə olunan əsas elmi müddəalar, eləcə də praktiki xarakterli təkliflər verilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO